"Bildiyimiz kimi 2 Aprel 2016-cı il tarixi çağdaş dövlətçilik tariximizin, eləcə də Zəfər tariximizin qızıl hərflərlə yazılmış səhifələrindəndir. Məhz bu gün xalqımızın Müzəffər Ordusu təcavüzkar erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda parlaq tarixi qələbə qazanaraq tarixə şəhidlərimizin qanı ilə şanlı Aprel Zəfəri dastanını yazdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, düz 6 il öncə bugünkü gündə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Şanlı Ordumuz əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib: "Eyni zamsnda minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.
Qəhrəman Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatının məqsədi işğalçı Ermənistanın quldur silahlı dəstələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx və davamlı olaraq atəşə tuturdu. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirərək və qəti zərbələrlə işğalçı dövlətin bu ərazidə yerləşdirilmiş hərbi qüvvələrini darmadağın etmişdilər. Bunun nəticəsində çox qısa zamanda uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilmişdi".
Deputat sözlərinə belə davam edib: "Qeyd etmək lazımdır ki, məhz Aprel döyüşlərində də Şanlı Ordumuzun qəti zərbələrilə düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilmiş, 320 hərbçisi öldürülülmüş, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edilib.
Aprel döyüşlərində Azərbaycan Ordusunun düşmənə endirdiyi əks-həmlə zərbələrinin nəticələrinə diqqət yetirsək ilk olaraq qeyd etmək lazımdır ki, Ermənistan ordusunun təxribatlarına cavab olaraq 2016-cı il aprelin əvvəllərində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində yaranan rezonans Ermənistanın siyasi-hərbi rəhbərliyində dərin çatların əmələ gəlməsinə səbəb olmuşdur. Bunun nəticələrini biz bu gün də Ermənistan cəmiyyətində müşahidə edirik. Nəticədə erməni xalqı öz “qüdrətli ordusunun” mif olduğunu anladı, eyni zamanda, bu ölkədə işğalçılığın və separatizmin dövlət səviyyəsində dəstəkləndiyi təsdiq olundu. Eyni zamanda Aprel zəfərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıldı və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Erməni xalqı artıq bilir ki, Azərbaycan torpaqlarında onlara yer yoxdur. Erməni xalqı, eyni zamanda, dünya ictimaiyyəti də başa düşdü ki, işğal edilmiş ərazilərin hərb yolu ilə azad edilməsi mümkündür. Azərbaycan xalqı, dövləti və ordusu buna tam qadirdir.
Uğurlu Aprel əməliyyatından sonra Ermənistanın işğalçılıq siyasəti danılmaz faktlarla yenidən təsdiqləndi. Belə ki, döyüşlərdə ölənlərin əksəriyyətinin Ermənistan hərbi qulluqçularının olması, onların Ermənistan hökuməti tərəfindən mükafatlandırılması, yaralıların böyük bir hissəsinin Ermənistanın tibb müəssisələrində müalicə alması və dövlət tərəfindən “separatçı cəlladların” könüllü adı altında yenidən Qarabağa göndərilərək erməni ordusunun qoyub qaçdığı səngərlərə doldurulması cəhdi və sair faktlar buna əyani sübutdur.
Ermənistan ordusunun təmas xəttində törətdikləri təxribatlar zamanı dinc əhali arasında da həlak olan və yaralananlar olmuş, yaşayış məntəqələrimizə böyük ziyan dəymişdi.
Xüsusi qeyd etmək lazımdır ki, Müzəffər Ali Baş Komandanımız tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Milli Ordumuzun hərbiçiləri yüksək fəxri adlarla orden və medallarla təltif edilmişdir.
Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə deyib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.
Həqiqətən də dövlətimizin başçısı, Müzəffər Ali Baş Kamandqnımızın dediyi kimi, Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Məhz bu döyüşlərdə Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər 44 günlük Vətən müharibəsində imkan verdi ki, Azərbaycan Ordusu təmas xəttində mövcud vəziyyətə tam nəzarət etsin və lazımi tədbirləri görə bilsin.
Aprel döyüşlərinin ən böyük siyasi, tarixi əhəmiyyətlərindən biri də bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilmiş oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Beləliklə də Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Böyük Qayıdış” prosesinə start verildi. Bu isə bütün qaçqın və köçkünlərimizin qəlblərində tezliklə doğma yurdlarına dönməsi ilə bağlı ümid çırağı yandırmışdı.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözlər bu qələbənin Ordumuz və xalqımız üçün önəmini açıq şəkildə ifadə edir: “Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir”.
Uğurlu Aprel qələbəsindən daha da ruhlanan Azərbaycan Ordusu dörd il sonra daha bir böyük və möhtəşəm zəfərin təməlini qoymuşdu. qazandı.
Eyni zamanda Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Şanlı Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda mühüm əhəmiyyət kəsb edir. Altı iş əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Ordumuzun şəxsi heyəti üçün mühüm sınaq və döyüş təcrübəsi oldu. Məhz bu təcrübəni ikinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi.
Qürurverici hal ondan ibarətdir ki, Böyük Qələbəni cəmi 44 gündə qazanaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Şanlı Ordumuzun Vətən müharibəsində tətbiq etdiyi ən müasir döyüş taktikası və mühüm yeniliklər dünyanın qabaqcıl orduları tərəfindən dərindən öyrənilir və təqdir olunur.
Bu gün hər bir azərbaycanlı altı il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır. Bu şərəfi və qüruru, tükənməz sevinc hissino bizə yaşadan Müzəffər Ali Baş Komandana və Rəşadətli Azərbaycan Ordusuna eşq olsun!
Son olaraq, bu əlamətdar gündə işğal altında totpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canından və həyatından keçmiş bütün şəhidlərimizin ruhu qarşıdında baş əyir, onlara Allahdan rəhmət diləyir, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıram".
Ayşən Vəli