Rusiyalı iqtisadçı: “Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında öz yerini tutmalıdır”
Dünən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Moskva və Bakının anti-Rusiya sanksiyaları fonunda cavab verməli olacağı ticarət-iqtisadi çağırışları açıqlayıb. Bunlar arasında milli valyutalarda hesablaşmalara keçidin mümkünlüyü, Azərbaycanda “Mir” ödəniş sistemindən istifadə və s. Kimi tədbirlər var. Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin elmi işçisi Aleksandr Karavayev “Moskva-Bakı” portalına müsahibəsində sanksiya müharibəsi dövründə atılacaq zəruri addımlardan danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Dünyada davam edən iqtisadi böhrandan daha yumşaq çıxmaq üçün Rusiya və Azərbaycan hansı addımları atmalıdır? Azərbaycan digər məsələlərlə yanaşı Rusiyaya necə kömək edə bilər?
- Hazırda hansı problemlərlə üzləşdiyimizi və onların həlli üçün hansı variantların mövcud olduğunu müəyyən etmək lazımdır. Əslində, Rusiya 2014-cü ildən Qərbin sanksiyaları altındadır və belə “stressli” vəziyyətlərdə bir çox ölkələr, o cümlədən Azərbaycan, Türkiyə ilə vaxtaşırı milli valyutada hesablaşmalar həyata keçiririk. Biz bunu indi də davam etdirəcəyik, xüsusən də bu bənd Rusiya və Azərbaycan liderlərinin fevralda imzaladığı Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə daxil edildiyi üçün.
Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla, xüsusən də onun SWIFT-dən ayrılması, eləcə də Rusiyanın Visa və MasterCard kartlarının xaricdə fəaliyyətinin dayandırılması ilə əlaqədar Rusiya və Azərbaycanda bəzi problemlər yaranıb. Ölkələrimiz arasında ikitərəfli ticarəti həyata keçirən bankların üzərinə isə məlumatların ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün yeni kanallar tapmaq tapşırılıb. Hazırda biz vəziyyəti həll etmək üçün variantlar axtarırıq. Amma bu məsələ həll oluna bilər. Göründüyü kimi, Rusiya və Azərbaycan Rusiyanın “Mir” ödəniş sistemindən istifadəyə dair razılığa gələcəklər.
Bundan əlavə, rublun dollara nisbəti əsasında bağlanmış rubl müqavilələrinin yenidən hesablanmasına ehtiyac var.
Daha problemli başqa bir məsələ, bağlanmış əməliyyatların kreditləşdirilməsi ilə bağlıdır – neçə bank yeni mexanizmlər və Rusiyanın yeni pul siyasətinə keçidi çərçivəsində ikitərəfli əməliyyatlara nə dərəcədə kredit verə bilər ki, bu da rubl və digər valyutalardan maksimum istifadəsini və ilk növbədə dollardan imtinanı nəzərdə tutur.
İkitərəfli əməliyyatların sığortası ilə bağlı problem də var. Bir sıra iri investisiya müqavilələri iri Qərb banklarının sığortasından keçib. Bu, həm də daşıma məsələsinə- hava, dəmir yolu və avtomobil nəqliyyatına aiddir. Və burada da bütün bunların necə həyata keçiriləcəyi məsələsi yaranır.
Azərbaycan bu gün Rusiyaya necə kömək edə bilər? Məlumdur ki, Azərbaycan ərazisində bir sıra birgə müəssisələr fəaliyyət göstərir. Və bu gün Azərbaycandakı bütün bu birgə müəssisələrə Rusiyaya tədarükü əngəllənmiş komponentlərin istehsalı, təchizatı üçün qapı kimi baxılmalıdır. Ümumiyyətlə, hasilatın müəyyən hissəsinin Azərbaycana verilməsinin mümkünlüyündən danışmaq olar. Azərbaycan sanksiyalara məruz qalmayıb. Ona görə də belə bir boşluq var- buradakı müəssisələrin istehsalında istifadə etmək və qismən də Rusiyaya təkrar ixrac üçün müəyyən komponentləri ala biləcək Azərbaycan hüquqi şəxslərinin yaradılması. Beləliklə, Azərbaycan çatışmayan materialları Rusiyaya tədarük edə biləcək.
Bəli, Rusiyaya təzyiqlərdən yan keçməyə kömək edən ölkələrə qarşı sanksiyalar tətbiq etmək üçün bu cür manipulyasiyaların Qərb tərəfindən izlənilməsi ilə bağlı müəyyən risklər var. Əsas boşluq ondan ibarətdir ki, Azərbaycan sanksiyalara məruz qalmayıb və digər ölkələrlə, məsələn, Asiya ölkələri ilə bağlı olan maliyyə sistemindən istifadə edə bilər və bu halda heç bir bank monitorinqi manipulyasiyalar qeydə alınmayacaq.
Ümumiyyətlə, Rusiya ona qarşı sanksiyalar tətbiq etməyən dövlətlərlə müxtəlif uzun variasiyalar, qarşılıqlı əlaqə zəncirləri qurmalı olacaq.
Yeri gəlmişkən, məsələn, MDB çərçivəsində keçirilən görüşdə ödənişlərin Çin yuanına çevriləcəyi açıqlanıb. Ümumiyyətlə, sxemlər fərqli ola bilər. Bütövlükdə Azərbaycan Rusiya ilə Qərb arasında Rusiya üçün belə bir iqtisadi “vasitəçi” kimi çıxış edə bilər.
İndi, hətta Rusiyanın kvazi blokadası şəraitində belə, Qərb sığortaçılarının bizimlə əməkdaşlığı dayandırması səbəbindən öz Rusiya limanlarımızda gəmiçiliklə bağlı problem yaranıb. Və bununla bağlı Azərbaycandan keçən kommunikasiya xətləri məsələsi yenilənir- yəni indi o, nəqliyyat qovşağı kimi öz rolunu, imkanlarını genişləndirəcək. Əvvəllər Şimal-Cənub nəqliyyat dəhlizi və “Bir kəmər, bir yol” çərçivəsində enlik və meridian xətləri haqqında çox danışılırdı. Bu gün Rusiya ilə Türkiyəni birləşdirən xəttin əhəmiyyəti artır. Əsas diqqət Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə veriləcək. Bu nəqliyyat dəhlizi regionun bütün ölkələrinin- Azərbaycanın, Türkiyənin, İranın ərzaq təhlükəsizliyini təmin edəcək.
Həmçinin burada Rusiya limanlarına alternativ açıla bilər. Lakin Azərbaycanın kommunikasiyalarının infrastruktur imkanları Rusiya limanlarına tam əvəzedici ola bilməyəcək- Rusiyanın yük dövriyyəsi həddən artıq böyükdür. Hər halda yeni kommunikasiyalar qurmaq olar- Türkiyəyə, İrana. Amma bu, bir günün işi və problemin operativ həlli deyil. Böyük miqyaslı yük axınını dərhal yönləndirmək o qədər də asan deyil.
Yeri gəlmişkən, sərhəddə gömrük prosedurlarını sadələşdirən yaşıl dəhlizlər və Aqroekspress layihəsi də Rusiya və Azərbaycana kömək edə bilər.
Yaranan çağırışlara bütün bu cavablar Rusiya-Azərbaycan hökumətlərarası komissiyası tərəfindən işlənməlidir.
- Bəs gələcəkdə Cənubi Qafqaz ölkələri arasında Zəngəzur dəhlizinin və digər nəqliyyat kommunikasiyalarının açılması bu vəziyyətdə kömək edə bilərmi?
- Gələcək üçün - Zəngəzur dəhlizi Azərbaycanla Türkiyəni, Rusiya ilə Ermənistanı, İranı birləşdirəcək çox mühüm layihədir. Eləcə də 3+3 əməkdaşlıq layihəsi. Amma bu dəhliz və bu format gələcəyin məsələsidir. Və problemi burada və indi həll etmək lazımdır.
-Ümumiyyətlə, “üzdə olanlardan” danışsaq, mənə elə gəlir ki, Azərbaycan ticarət turizmini inkişaf etdirə bilər...
- Doğrudan da, bir çox Qərb şirkətlərinin Rusiyada fəaliyyətini dayandırdığı və bura məişət texnikası, geyim və daha çox şeylər istehsal edən şirkətlərin daxil olduğu bir şəraitdə ruslar bütün bunları almaq üçün Azərbaycana səfər edə bilər. Üstəlik, Azərbaycan vergidən azad sistem inkişaf etdirir.
- Dediniz ki, bir çox istehsal müəssisələri Rusiyadan Azərbaycana keçirilə bilər. Rusiyada işləməkdən imtina edən Qərb və digər şirkətlərin məhsullarının Azərbaycan vasitəsilə Rusiya ərazisinə çatdırılması nə dərəcədə realdır. Məsələn, Qərb ölkələrinin istehsal etdiyi dərmanları?
- Əgər bu varianta icazə verilsə, o zaman riskləri Azərbaycan öz üzərinə götürəcək. Əgər Azərbaycan, məsələn, tədarükçünün məhsullarının sonrakı istifadəsi və tranziti, üçüncü ölkələrə satılması ilə bağlı məsuliyyətdən boyun qaçırdığına dair müqavilə imzalasa, yəqin ki, heç bir problem olmayacaq.
Eyni zamanda, onu da başa düşmək lazımdır ki, Qərb şirkətləri indi Rusiya bazarını tərk edəndə bunu könüllü ediblər. Bu, onların siyasi həmrəylik jesti idi. Hər ay siyasi həmrəylik ikinci və ya üçüncü plana salınacaq və şirkətlər müxtəlif yollarla Rusiya bazarına qayıtmağa çalışacaqlar.
- Bu yaxınlarda Moodys agentliyi bəyan etmişdi ki, Azərbaycan Ukrayna ətrafında yaranmış böhran fonunda xarici iqtisadi təzyiqlərdən qorunur, Azərbaycan neftin qiymətinin yüksək olması səbəbindən istənilən kəsiri ödəmək iqtidarındadır və maliyyə sabitliyini və valyuta ehtiyatlarını 2012-ci ildə qoruyub saxlaya biləcək. Bu günlərdə ölkə prezidenti İlham Əliyev demişdi ki, vəziyyət belə tələb edərsə, Azərbaycan Respublikası xarici borcunu bir günə ödəyə biləcək...
- Azərbaycanın valyuta ehtiyatları şəklində kifayət qədər “təhlükəsizlik yastığı” var. O, pandemiyadan yaxşı xilas oldu. Bu, əsasən karbohidrogenlərin satışından qazanan bir ölkədir və qiymətləri indi rekordlar qırmaqda davam edir. İndi Azərbaycan ərzaq təhlükəsizliyi baxımından ölkədən taxıl və bir sıra məhsulların ixracına məhdudiyyətlər qoyub. İnanıram ki, Azərbaycan bunun öhdəsindən gələcək.
- Biz görürük ki, Şərq ölkələrini Rusiyaya münasibətlərini dəyişmədilər. Çin, Türkiyə və s. Buraya MDB ölkələri də daxildir- baxmayaraq ki, burada, əlbəttə, hər şey aydındır... Bu gün Çində Lavrov bir daha çinli tərəfdaşların dəstəyini aldı...
- Düşünürəm ki, biz Rusiyanın Şərqə vektorundan danışa bilərik, hansı ki, şərait onu getdikcə daha çox izləməyə sövq edir. Amma bu, həm də son illərdə artıq həyata keçirilən siyasətin nəticəsidir. Və bu gün biz geosiyasi və geoiqtisadi baxımdan yeni dünyanın formalaşmasının şahidi oluruq ki, burada Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən dövlətlər bir-biri ilə daha böyük ölçüdə qarşılıqlı əlaqədə olacaqlar.
- Bütün qeyd olunanlarla əlaqədar olaraq, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu əldə etməsi nə dərəcədə vacibdir? Bakı üçün isə bu məsələ, ölkə prezidentinin dediyi kimi, aktualdır.
- ŞƏT-ə bu yeni yaranan dünyanın bir çox ölkələri daxildir - Rusiya, İran, Çin, Qazaxıstan, Pakistan, Hindistan... Və Azərbaycan bu strukturda öz mühüm yerini tutmalıdır. İnanıram ki, bu, Azərbaycana Çinlə daha da yaxınlaşmağa imkan verəcək, o cümlədən bu, “Bir kəmər, bir yol” layihəsi - yeni İpək Yolu üzrə əməkdaşlığa təkan olacaq.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.