Brüssel gözləntiləri: məğlubun qalib qarşısında diz çökməsi labüdlükdür! ANALİTİK+AKTUAL

1 Aprel 2022 15:37 (UTC+04:00)

Ermənistan tərəfinin yalnız tərəddüddə qalması deyil, həm də haçalı bəyanatlar səsləndirməsi istər-istəməz suallar doğurur ki, ümumiyyətlə, İrəvan Bakı ilə böyük sülh sazişini imzalamağa hazırdırmı?

Məlum olduğu kimi, aprelin 6-da Avropa İttifaqının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulub. Lakin daha bir fakt budur ki, Ermənistanın baş naziri bir tərəfdən ölkəsində oturub Azərbaycana qarşı sərsəm ittihamlar səsləndirir, eləcə də guya üçtərəfli bəyanatın pozulması barədə fikirlər bildirir, digər tərəfdən isə istər xarici işlər naziri Ararat Morzoyan, istərsə də parlamentin sədri Alen Simonyan müxtəlif xarici toplantılarda sülhə hazır olduqlarını bildirirlər. Söz yox ki, Ermənistan tərəfinin yalnız tərəddüddə qalması deyil, həm də haçalı bəyanatlar səsləndirmələri istər-istəməz suallar doğurur ki, ümumiyyətlə, İrəvan Bakı ilə böyük sülh sazişini imzalamağa hazırdırmı?

Bu fakt isə əlbəttə ki, rəsmi Bakını nəinki narazı edir, həm də hiddətləndirir!

Onu da qeyd edək ki, bu günə qədər istər Rusiyanın, istərsə də Avropa İttifaqının vasitəçilikləri ilə bir neçə görüşlər keçirilib. Amma bu görüşlərdə əldə edilən ilkin razılıqlar dəfələrlə Ermənistan tərəfindən pozulub. Bu fakt isə əlbəttə ki, rəsmi Bakını nəinki narazı edir, həm də hiddətləndirir. Ona görə də növbəti Brüssel görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin konkret şərtlər ortaya qoyaraq həm də Nikol Paşinyana vaxt verəcəyi istisna edilmir.

Digər tərəfdən, bu kimi qəti və sərt tələblər onsuz da dalana söykənmiş İrəvanın Azərbaycanla yekun sülh sazişinin imzalanması istiqamətində birdəfəlik boyun əyməsi ilə nəticələnə bilər. O cümlədən, xatırlatmaq olar ki, Azərbaycan bir müddət əvvəl Ermənistana 5 maddəlik sülh təklifi verib və bu yaxınlarda MDB ölkələrinin parlament sədrləri arasında keçirilən iclas zamanı Ermənistan parlamentinin sədri Alen Simonyan həmin təkliflərin qəbuledilən olduğunu bəyan edib. Yəni ola bilsin ki, bu kimi mövqelər Ermənistanın sülhə hazır olması elə təsəvvürünü yarada bilər.

Minsk qrupu ən yaxşı halda Azərbaycan və Ermənistan arasında poçtalyon vəzifəsini icra edə bilər

Ancaq daha bir ehtimal budur ki, Ermənistan həmin vasitə ilə, sadəcə, vaxt uzatmağa cəhdlər edir. Daha dəqiq desək, prosesə ATƏT-in Minsk qrupunu fəal olaraq qatmağa çalışır.

Məsələ həm də ondadır ki, Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin davam etdiyi 30 il boyunca sülhün qazanılması üçün heç bir səmərəli işlər görə bilməyən, üstəlik, müxtəlif platformalarda məhz İrəvanın mövqeyini bu və ya digər şəkildə dəstəkləyən qrup bundan sonra hər hansı təklifləri ilə Bakı qarşısında inam, etibar qazana bilməz və bu barədə dövlətimizin başçısı da dəfələrlə öz çıxışlarında sərt şəkildə vurğulayıb. Minsk qrupu ən yaxşı halda Azərbaycan və Ermənistan arasında poçtalyon vəzifəsini icra edə bilər və ondan o tərəfə deyil...

Azərbaycanın təkliflərinə gələndə isə Bakının qeyd etdikləri kifayət qədər obyektiv və ədalətlidir. Delimitasiya və demarkasiya prosesindən tutmuş digər şərtlərə qədər Ermənistanın heç bir suveren maraqlarına toxunulmur, üstəlik, İrəvan üçün gələcək inkişafda yeni qapıların açılması mümkünlüyü də təklif edilir. Əgər İrəvan bu təkliflərlə razı deyilsə, el dili ilə desək, özü-özündən küsməlidir. Və bunu əlbəttə ki, Avropa dairələrində də, Rusiyada da yaxşı bilirlər, dərk edirlər.

Yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın ötən dəfə Avropa İttifaqı ilə baş tutan görüşdə sərhədlərin delimitasiya və demarkasiyana razı olduğunu bildirməsi ilə indiki mövcud fikirləri, ümumiyyətlə, üst-üstə düşmür. Yəni biz Ermənistan tərəfindən bununla bağlı hansı müsbət yönlü addımların atıldığını müşahidə etmirik. Nikol Paşinyan ümid edir ki, onu qurtaracaq yeganə siyasi mərkəzlər məhz ATƏT-in Minsk qrupunun iki həmsədr ölkələri – ABŞ və Fransa olacaq. O, Rusiyanın da ətəyindən “saman çöpündən yapışan qarışqa” təsirini bağışlayır. Amma onun belə düşünməsi də, əslində, dayaz siyasətçi olmasından xəbər verir. Azərbaycan onsuz da öz hərbi gücü hesabına torpaqlarını işğaldan azad edib və Minsk Qrupunun 30 il müddətində bacarmadığını 44 gün ərzində reallaşdırıb.

Fərrux istiqamətindəki əhəmiyyətli strateji yüksəkliklərin düşməndən təmizlənməsi prosesinin həyata keçirilməsi isə hələ ki, qığılcımlardır...

Bakı özünün qətiyyətli və güclü mövqeyini möhkəmləndirir, ərazilərini daha inamla və qətiyyətlə qoruyur, beynəlxalq dəstək bu gün də alınmaqdadır, üstəlik, ərazilərimizdə qalan separatçı tör-töküntülərin, habelə qanunsuz erməni silahlı birləşmələrinin çıxarılması funksiyasını həyata keçirir və bütün bunlar hələ cücərtilərdir. Əgər Ermənistan Azərbaycanın tələbləri, şərtləri qarşısında necə deyərlər, cığallıqlar edəcəksə, bu zaman dövlət başçımızın da dediyi kimi, 44 günlük müharibədən daha sərt zərbələr altında qalmalı olacaq. Bu günlərdə Fərrux istiqamətindəki əhəmiyyətli strateji yüksəkliklərin düşməndən təmizlənməsi prosesinin həyata keçirilməsi isə hələ ki, qığılcımlardır...

Bəli, Azərbaycanın atdığı təsirli, qətiyyətli və barışmaz addımları xalqın marağından çıxış edir və hələ də sülhə imza atmayaraq bizimlə düşmənçilik edən Ermənistanı sülhə məcbur edir. Aprelin 6-da isə Brüsseldə olacaq Nikol Paşinyan İlham Əliyev qarşısında qəti, nəticəli öhdəlik götürməyə məcburdur. Ermənistanın Brüssel görüşündə Azərbaycanın irəli sürdüyü sülh təklifləri üzrə Ermənistanın yekun sülh sazişi bağlamaqdan başqa yolu yoxdur. Məğlubun qalib qarşısında diz çökməsi labüdlükdür!

Rövşən RƏSULOV