"Aprel döyüşlərindən 6 il ötür. Təbii ki, bu tarix üçün uzun bir zaman olmasa da, Azərbaycan üçün çox önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, 2016-cı il 1-4 aprel tarixlərində keçən döyüşləri 2020-ci ildə baş vermiş 44 günlük müharibənin baş məşqi adlandırmaq olar: "Azərbaycan bu döyüşlərdə bir neçə məsələni həll edib. İlk öncə, Azərbaycan qarşı tərəfin istehkamlarının möhkəmliyini yoxladı. İkincisi, Azərbaycan ordusunun vətənpərvərlik hissinin artırılmasını və taktiki-texniki hazırlığını yoxladı. Eyni zamanda, Aprel döyüşləri ilə Azərbaycan dünyanın nəbzini yoxlamış oldu".
Politoloq sözlərinə belə davam edib: "Nəhayət, Azərbaycanın həmin döyüşlərdə tutduğu yüksəkliklər, əldə etdiyi yeni ərazilərlə motivasiya qazandı. Azərbaycanın əldə etdiyi bu amillər 2020-ci il İkinci Qarabağ Müharibəsində zəfərə aparmağa kömək etdi. Dörd il müddətində həm ordu, həm də aparılan təbliğatlar öz işini gördü. Əlbəttə, bu qələbədə cənab Prezident İlham Əliyevin rolu danılmazdır. Prezident öz səbri və taktikası ilə həm Azərbaycan ordusunu, həm xalqı müharibəyə hazırladı, həmçinin müharibə zamanı dünya informasiya agentliklərini zərərsizləşdirmə yollarını sınaqdan keçirdi.
Aprel döyüşlərində şəhid olanların da qanı yerdə qalmadı. Hər birinin ruhu şad olsun. Ona görə də deyə bilərik ki, Aprel döyüşləri Azərbaycan üçün çox mühüm xüsusiyyətə malikdir".
Ayşən Vəli