Qarşılıqlı etimada əsaslanan Azərbaycan-Çin əlaqələri - TƏHLİL

31 Mart 2022 16:20 (UTC+04:00)

Dövlətlərarası diplomatik əlaqələrin qurulmasından 30 il ötür

Azərbaycan müstəqillik illərində dünya ölkələri ilə əlaqələrinin inkişafını diqqətdə saxlayıb, dövlətlərarası münasibətlər yeni mərhələyə yüksəlib. Azərbaycan ilə dünyanın bir çox ölkələri arasında imzalanan sənədlər, ölkələr arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində atılan addımlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açıb. Bu əlaqələr dostluq, qarşılıqlı münasibətlərə söykənir. Azərbaycanın iştirakçısı olduğu görüşlər, təşəbbüsləri, beynəlxalq layihələri ölkəmizin nüfuzunun artdığının və etimadının yüksəldiyinin daha bir göstəricisidir. Bu münasibətlər dostluq, qarşılıqlı anlaşmaya söykənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsahibələrinin birində ölkələrlə, qonşularımızla, tərəfdaşlarımızla qarşılıqlı əlaqə baxımından uğurlu siyasətin, bəzən tarazlaşdırılmış siyasətin səbəblərindən birinin Azərbaycan dövlətinin hər zaman işinə sadiq olduğunu vurğulayıb: "Bəzən bizim tərəfdaşlar, qonşularımız bizimlə razılaşmaya bilər. Bəzən bizim işlərimiz onların xoşuna gəlməyə bilər. Lakin onlar həmişə bilirlər ki, biz dediyimizi həmişə edirik. Onlar bilirlər ki, imzamızla sözümüz eynidir. Biz heç vaxt heç kimi məyus etməmişik. Buna görə də bu, artıq etimad məsələsidir və Azərbaycan böyük etimad qazanan ölkədir… Biz, sadəcə, daha yaxşı münasibətlər qurmaq, daha çox iş görmək, insanlarımıza daha yaxşı şərait qurmaq istəyirik, sülh və harmoniya içində yaşamaq istəyirik".

Müasir dövrümüzdə böyük tərəqqi yolu keçən və Zəfər qazanan Azərbaycan dinamik inkişaf edən və bütün dünyada hörmət olunan ölkəyə çevrilib. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Azərbaycana qısa müddətdə inanılmaz nailiyyətlər qazandıran siyasəti dünya ölkələrində böyük maraqla izlənilir. Azərbaycanda bütün sahələrin inkişafı ilə yanaşı, beynəlxalq münasibətlər, diplomatik əlaqələr uğurla inkişaf edir. Bu gün Azərbaycanın bir çox dünya ölkələri ilə yanşı, Çinlə də əlaqələri uğurlu inkişaf yolundadır. Dünyanın ən böyük dövlətlərindən olan Çinlə Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 2-də qurulmuşdur. Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. Milli Məclisin qərarı ilə 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyinin açılmasını qərarlaşdırıb.

QARŞILIQLI FAYDALI TƏRƏFDAŞLIQ VƏ DOSTLUQ PRİNSİPLƏRİ ƏSASINDA ƏMƏKDAŞLIQ

Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasının dünya dövlətləri, xüsusilə Çin Xalq Respublikası kimi qüdrətli ölkə tərəfindən tanınması mühüm əhəmiyyət kəsb edir. Bu əlaqəlrəin inkişaf və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin rolu əvəzsizdir. Belə ki, 1994-cü il 7-10 mart tarixində Ulu Öndər Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur. Prezident Çin Xalq Respublikasının Sədri Tszyan Tszemin, Baş naziri Li Pen ilə rəsmi görüşlər keçirib. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanmışdır. Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət vermiş və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün addımlar atılmışdır. Pekinlə Bakı arasında diplomatik münasibətlər yaradılması ikitərəfli əlaqələri genişləndirmək üçün əlverişli imkan açmışdır. Bu əlaqələr sabit və sağlam əsasda inkişaf edir.

Ötən müddət ərzində dövlətlərimiz arasında əlaqələr qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq prinsipləri əsasında uğurla inkişaf etdirilib. Bu əlaqələr xalqların mənafeyinə uyğun olaraq inkişaf edir. İkitərəfli əlaqələrin sürətlə inkişaf edərək hazırkı səviyyəyə çatmasında yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanan sənədlər mühüm rol oynayıb. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Çinə rəsmi səfərləri, əldə olunan razılaşmalar, həyata keçirilən birgə layihələr ikitərəfli əlaqələri daha da dərinləşdirib. 2005 və 2008-i illərdə Prezident İlham Əliyev ÇXR-ə rəsmi səfəri, 2004-cü ildə ÇXR-in xarici işlər naziri Li Çjaosinq Azərbaycana rəsmi səfəri, daha sonra 2010-cu il 16-17 may – ÇXR-in xarici işlər naziri Yanq Cieçı Azərbaycana səfəri Çin-Azərbaycan əlaqələrinin sürətli inkişaf mərhələsinin davamı idi. 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenidən Çinə dövlət səfəri çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpin ilə birgə İpək Yolu iqtisadi kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalanması ölkələr arasında münasibətləri daha da gücləndirmiş oldu.

"BİZ ÇİNLİLƏRƏ NAİLİYYƏTLƏRİMİZİ GÖSTƏRMƏK İSTƏYİRİK"

Çin və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünəməxsus inkişaf yolu ilə irəliləyir. İki ölkə arasında nəqliyyat, kənd təsərrüfatı, turizm, energetika, informasiya və kommunikasiya texnologiyaları istiqamətlərində əməkdaşlığın artan dinamikası diqqətdədir. "Ticarətimizi inkişaf etdirmək məqsədilə biz bir neçə ixrac missiyalarını Çinin müxtəlif bölgələrinə göndərmişik" – deyən Prezident dövlətlərarası münasibətlərdə yaxşı nəticələrimizin olduğunu qeyyd etmişdir: "Biz Çində Azərbaycan şərabları evlərini açmışıq. Biri Şanxaydadır, digəri isə başqa şəhərdədir. Çində təşkil olunan böyük sərgilərdə dövri olaraq öz kənd təsərrüfatı məhsullarımızla iştirak edirik. Biz çinlilərə nailiyyətlərimizi göstərmək istəyirik və mallarımız üçün çox böyük, əhəmiyyətli, cəlbedici bazara çıxışı əldə etmək arzusundayıq. Eyni zamanda, qapılarımız Çinin iş adamları üçün açıqdır".

Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq baxımından Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ölkəmiz üçün mühüm önəm daşıyır. Azərbaycan bu layihəni dəstəkləyən ilk ölkələrdən oldu. "Bir kəmər, bir yol" strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2015-ci ildə Çinə rəsmi səfəri çərçivəsində "İpək yolu iqtisadi kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.

Bildirilmişdi ki, Azərbaycan Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında əhəmiyyətli rol oynayır və respublikamızdan keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ilə uzlaşır və Çin tərəfi konteyner daşımaları baxımından bu dəhlizə böyük maraq göstərir.

Ekspertlərin qənaətinə görə, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və Zəngəzur dəhlizi faktoru Çin şirkətləri üçün də olduqca maraqlıdır. Bu gün Azərbaycan və Çin arasında olduqca yaxşı iqtisadi əməkdaşlıq mövcuddur. Belə ki, Azərbaycan və Çin arasında xarici ticarət dövriyyəsi 2.1 milyard ABŞ dollarıdır. Bu gün Azərbaycan Çinə mühüm növ məhsulları ixrac edir.

ÇÜCOU VƏ SUMQAYIT – QARDAŞLAŞMIŞ ŞƏHƏRLƏR

Çinlə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması iki ölkənin tarixində yeni mühüm səhifə açıb. Ölkələrimiz arasında humanitar, mədəniyyət və elm-təhsil sahələrində də sıx əməkdaşlıq müşahidə olunmaqdadır. Mütəmadi olaraq, Çində və Azərbaycanda qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, tələbə mübadiləsi proqramları buna bariz nümunədir. Azərbaycan Respublikası və ÇXR arasında imzalanmış mədəni əməkdaşlığa dair müqaviləyə əsasən 1995-ci il 12-21 aprel tarixi arasında Pekin Beynəlxalq sərgi mərkəzində məşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərinin sərgisi keçirilib. 2001-ci ildə Çinin Cizian əyalətinin Çücou şəhəri və Azərbaycanın Sumqayıt şəhəri qardaşlaşıb. 2008-ci il 10 avqust tarixində Çin Xalq Respublikasının paytaxtı Pekində - "China World Hotel"-də XXIX Yay Olimpiya oyunları çərçivəsində "Azərbaycan günü" keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

2011-ci ilin mayında Çində Azərbaycan mədəniyyəti günləri keçirilib, 10-14 dekabr 2012-ci il tarixində isə Azərbaycanda Çin Xalq Respublikasının mədəniyyət günləri keçirilib.

2019-cu ilin noyabrında Pekində Heydər Əliyev Fondu və ÇXR-dəki Azərbaycan Respublikası səfirliyinın dəstəyi ilə "Azərbaycan musiqisi axşamları" adlı konsert proqramı baş tutub. Ölkəmizdə Çin mədəniyyətinə və Çin dilinə maraq artmaqdadır. Bütün istiqamətlərdə iki ölkə arasında əməkdaşlığın böyük potensialı var.
Göründüyü kimi, Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Belə ki, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.

Nəzakət ƏLƏDDİNQIZI