"Mübarək Ramazan ayında namaz qılıb-qılmamasından, oruc tutub-tutmamasından asılı olmayaraq hər bir insana iftar vermək, əl tutmaq savab sayılır. Lakin təbii ki, öncəlik müsəlman əhlinə verilir". Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.
Onun sözlərinə görə, iftar süfrəsinə, xüsusilə, ehtiyacı olan insanları dəvət etmək lazımdır: "Kömək edəndə, yardım aparanda da belə insanlara üstünlük verilməlidir".
Mircəfər Əyyubov sözlərinə belə davam edib: "Ümumiyyətlə, Qurani-Kərimdə yoxsullar ehtiyacını büruzə verən və izzəti-nəfsini qoruyaraq ehtiyacını bəlli etməyən olaraq iki yerə ayrılır. Yardım etdiyin zaman bunu dilə gətirmək, həmin insanlara yuxarıdan aşağı davranmaq, şəxsiyyətini əzmək lazım deyil. Allahın işlərindən biri insanları təmin etməkdir. Kim bu ramazan ayında insanları təmin etsə, Allah taala onlara xüsusi savab yazacaq".
Ayşən Vəli