Xaricdə təhsil almış bir qrup həkim nazirliyə müraciət edib

31 Mart 2022 11:54 (UTC+04:00)

30 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə xarici ölkələrdə klinik ordinatura və internatura təhsili almış bir qrup həkim müraciət edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, həmin şəxslər Səhiyyə Nazirliyinin nümayəndələri tərəfindən qəbul edilib, onların müraciətləri dinlənilib. Müraciət həmin həkimlərin aldıqları klinik ordinatura və internatura təhsilinə əsasən tibb fəaliyyəti ilə məşğul olmalarına icazə verilməsi ilə bağlı olub. Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən məsələnin tənzimlənməsi üçün normativ hüquqi akt layihəsi hazırlanıb və razılaşdırılması üçün Təhsil Nazirliyinə təqdim olunub. Müraciət edən həkimləri prosesin gedişatı ilə mütəmadi olaraq məlumatlandırmaq üçün əlaqə nömrələri götürülüb. Hər bir mərhələ barədə onlarla əlaqə saxlanılacaq.