Martın 26-da Bakı İdman Sarayında BEST OF INDIA - Hindistan məhsullarının ən böyük ekskuliziv ticarət sərgisinin 8-ci buraxılışının Hindistanın Azərbaycandakı səfiri cənab B. Vanlalvavna, Azərbaycan Respublikası Ekologiya Nazirinin müavini cənab Firdovsi Əliyev və Yun və Yun Məhsullarının İxracının Təşviqi Şurasının sədri cənab Sanjeev Dhir tərəfindən birgə rəsmi açılışı olub.
Sərginin 9 günü ərzində Hindistanın 60-a yaxın şirkəti düyü, çay, ədviyyatlar, hədiyyələr, əl işləri, ev mebeli kimi yüksək keyfiyyətli məhsul və xidmətlərini nümayiş etdirəcək. Sərgi 2022-ci ilin martın 26-dan aprelin 3-dək saat 11:00-dan 19:00-dək davam edəcək. Sərgiyə giriş ödənişsizdir.
Əsl Hindistan çayının dadına baxılması üçün sərgi salonunda Səfirlik tərəfindən təşkil olunan stend çoxlu sayda ziyarətçi cəlb edir. Sərgidə Hindistan turizmi, mədəniyyəti, eləcə də Hindistanda investisiya imkanlarına dair təqdimat videoları da nümayiş etdirilib. Sərginin açılış günündə ziyarətçi sayı gözləniləndən qat-qat çox idi. Ənənəvi hind rəqsləri, Bollivud mahnıları ifaları və xına (Mehndi) stendləri böyük marağa səbəb olub.
Biz də SİA olaraq hind yarmarkasından reportaj hazırladıq. Buradakı stendlərə yaxınlaşdıq, qiymətlərlə maraqlandıq.
Satıcı Ləman Tahirova: “Bizim stenddə əsasən çantalar, şal, geyim və bijuteriyalar satılır. Bijuteriyaların hər biri naturaldır, rəngi getmir, xüsusilə də dəridə allergiyaya səbəb olmur. Şallar 5 manat, bijuteriylar isə 25 manata qədər olur. Geyimlər isə 30 manat təşkil edir. Alıcı sayı yaxşıdır, xüsusilə də həftə sonları daha yaxşı olur”.

Satıcı Aysel Əliyeva: “Biz daha çox bijuteriya və çantalar satırıq. Çantalarımızın da bir çoxu əl işidir. Eyni zamanda xına da çəkirik. Qiymət aralığı da 5-20 manat aralığında dəyişilir. Alıcı sayı isə daha çox həftə sonları olur”.
Satıcı Yavər Novruzov: “Bizim stenddə çay və sarıkök satılır. Həm qara, həm də meyvəli çaylar satılır. Lakin daha çox qara çaya üstünlük verilir. Qiymət aralığı isə 8, 12, 15 manat aralığındadır. Hər biri Hindistan çaylarıdır”.

Satıcı Suzana Tatar: “Bizim stenddə fincanlar, süd qaynatmaq üçün xüsusi qablar satılır. Çünki hindlilər çayı süd ilə içirlər. Fincanların qiyməti 14 və 18 manatdır. Qabların qiyməti isə 38 personada 130 manata qədər təşkil edir”.

Satıcı Mənzurə Məhərrəmova: “Mərmər daşlarından suvinerlər satırıq. 5 manat başlayaraq qiymət 300 manata qədər davam edir. Alıcılar da olduqca çoxdur. İnsanlar bu əşyalara maraqla yanaşırlar. Daha çox isə şam qablarına üstünlük verilir”.
Hind yarmarkasının açılışından günlər keçməsinə baxmayaraq, yarmarkarda insan sıxlığı hələ də hökm sürürdü. Biz də yarmarkadakı şəhər sakinlərinin təəssüratlarını öyrəndik.

Şəhər sakini Nərgiz Əliyeva: “Ölkəmizdə bu cür yarmarkaların keçirilməsi məncə çox önəmlidir. Buradakı qiymətlər də məni qane etdi. Ümidvarıq ki, digər ölkələrin də bu cür yarmarkaları təşkil olunar və biz də bir çox mədəniyyətlərlə tanış ola bilərik”.

Şəhər sakini Adilə Muxtarova:
“Qiymətlər düşünürəm ki, normaldır. Şal, çaydan və qolbaq aldım. Çox sevinirəm ki, ölkəmizdə bu cür tədbirlər keçirilir”.
Şəhər sakini Paşa Məmmədov: “Ümumi olaraq belə bir tədbirin keçirilməsi çox yaxşıdır. Lakin fikir verdim ki, bir çox stendlərdə xüsusilə də, çay və ətirlərin kodlarına nəzər saldıqda, başqa ölkələrə aid olduğunun şahidi oldum. Düşünürəm ki, bu cür hallar olmasa daha yaxşı olardı”.

Şəhər sakini Nərmin Hüseynova:
“Mən əlimə xına çəkdirdim. Ümumi olaraq çox xoşuma gəldi. Lakin düşünürəm ki, geyimləri daha çox ola bilərdi”.

Şəhər sakini Aydan Hüseynova:
“Əslində bir çox şeyi olduqca bəyəndim. Lakin gözləyirdim ki, burda hind təamlarını dada biləcəyimiz bir stendə də olsunlar. Sadəcə çay verilirdi, onun isə dadında fərqlilik yox idi”.
Səbinə Hüseynli