“Mazoxizm psixi və fiziki olaraq özünə ağrı, acı çəkdirməkdən həzz alan insanlara deyilir. Əslində cəmiyyətdə çox geniş yayılmış bir psixiatrik pozuntudur. Çox zaman mazoxizmi sırf cinsi əlaqə zamanı ortaya çıxan problem kimi dəyərləndirirlər. Bu sözləri SİA-ya açıqlamasında klinik psixoloq, "Narınc" Psixologiya Mərkəzinin təsisçi və rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun "Yaş və İnkişaf Psixologiyası Şöbəsi"nin kiçik elmi işçisi Narınc Rüstəmova bildirib.
Onun sözlərinə görə, ancaq gündəlik həyatda da sıx-sıx rastlaşdığımız əlamətləri daşıyan insanlar mövcuddur: “Bəs bu insanları necə ayırd edə bilərik? Mazoxist insanlar yaxın və ya uzaq olmasından asılı olmayaraq bütün insanlarla münasibətdə daim onların xeyrini, rifahını güdürlər və bu zaman öz mənafeyini qurban verirlər. Hamıya təmənnasız köməklik göstərməklərinə baxmayaraq, özlərinə təklif olunan köməyi birmənalı olaraq rədd edirlər.
Mazoxistlər bütün münasibətlərdə daim qurban, fədakar rolunda olurlar. İstər şəxsi, istərsə də sosial həyatında kifayət qədər uğurları olmasına baxmayaraq, daim depressif əhval-ruhiyyədə olur, bilərəkdən sevdikləri insanları həyatından çıxarmaq və incitməklə özlərinə əziyyət edirlər.
Bu insanlar bacara bilmə potensialı olmasına baxmayaraq məğlubiyyəti başdan qəbul edir və bununla barışırlar. Onlara sevgi, qayğı və hörmətlə yanaşan insanlara buna layiq olmadıqlarını ifadə edir və yaxud bu insanlara qarşı olan maraq və istəklərini itirirlər. Öz istəkləri ilə,canla, başla etdikləri yaxşılıqların, fədakarlıqların qarşılığında edilən təşəkkür və minnətdarlıqlara qane olmur ,daha çoxunu istəyirlər.
Mazoxist insanların həm də çox güclü tərkedilmə duyğusu və insanlara qarşı güvənsizliyi olur.
Mazoxistlərdə çəkdikləri ağrı, acı hissi səbəbindən beyində endofrin ifrazı artır. Hiss etdikləri həzz də məhz buna görədir.
Mazoxizm bu gün cəmiyyətdə bir xəstəlik kimi deyil, sadəcə problem kimi dəyərləndirildiyi üçün onun yaranma səbəbləri haqqında geniş elmi araşdırılmalar aparılmamışdır.
Amma ümumən götürüldükdə çox zaman kökündə uşaqlıq travmalarının , ailə daxili problemlərin olduğunu görürük. Erkən yaşlarda sosial münasibətlərdə yaşanan problemlər də buna yol aça bilir. Uşaqlıqda tez-tez cəzalandırılan və ardında tez mükafatlandırılan uşaqlar mazoxizmə meyilli olaraq böyüyürlər. Məsələn, valideyn övladını yalnış hərəkətinə görə cəzalandırırsa və qısa müddət sonra bundan vicdan əzabı duyub ona ya istədiyi oyuncağı və ya şirniyyatları almaqla və ya ifrat sevgiyə boğmaq, öpmək, qucaqlamaq və s. kimi davranışlar göstərirsə, uşaq süuraltı olaraq hər cəzanın sonunda gözəl bir mükafat olacağı düşüncəsinə qapıla bilir. Sadəcə ağrıdığı, acı çəkdiyi, üzüldüyü vaxtlarda diqqət, sevgi və qayğı görən uşaqlarda da mazoxizmə meyillik yarana bilir.
Mazoxizmin psixoterapiyasında daha yaxşı nəticə verən üsul koqnitiv –bihevioral terapiyadır. Bəzən isə dəstəkləyici olaraq dərman müalicəsindən də istifadə edilə bilər”.
Səbinə Hüseynli