VƏTƏN ÇAĞIRIR... TƏHLİL

30 Mart 2022 14:50 (UTC+04:00)

Xəmiri yalandan, məkrdən, fitvadan, namərdlikdən, nadürüstlükdən yoğrulan ermənilər və onların şərəfsiz havadarları yüzilliklər boyu xalqımıza qarşı ən çirkin əməllər törətməkdən əsla yorulmadılar, biz dözdükcə üstümüzə gəldilər. Hadisələrin xronoloji ardıcıllığına varmadan 27 sentyabr 2020-ci ildə səhər saat 06 radələrində bütün cəbhə boyu qadağan edilmiş silahlardan belə istifadə etməklə dövlətimizə, xalqımıza qarşı hücuma keçərək: "Vur məni, vur Azərbaycan əsgəri" dedilər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin "Dəmir Yumruqlu" Ali Baş Komandanı Cənab İlham Əliyev əks-hücum əməliyyatı üçün əmr verdi, 44 günlük bənzəri olmayan Vətən Müharibəsi Azərbaycan Ordusunun, Azərbaycan xalqının cahanşümul Qələbəsi ilə başa çatdı.

Ən qısa tarixi götürsək, 1988-ci ildən bu günə qədər tökülən şəhid qanlarının, günahsız körpələrin, baba və nənələrimizin qisası alındı, ruhları dincəldi, Vətən torpağı-daşı rahat nəfəs aldı.

Bu "Qələbə" həyatdan zövq almaq eşqiylə döyünən ürəklərin, qönçə güllərin nakam oğullarımızın qanı, canı bahasına başa gəldi:

Belə rəşadəti görməyib bəşər,

Vətən dara düşdü, oldular sipər.

Qırx dörd gün savaşdı, əsrə bərabər,

Pozulmaz bir tarix yazdı Şəhidlər.

Dar gündə qeyrəti etdilər sipər,

Dığanın, tankların səsin kəsdilər.

Xalqların dilində oldular əzbər,

Düşmənin pərgarın pozdu Şəhidlər.

Otuz il ikiyə bölündü Vətən,

Otuz il Vətənlə baxışdıq gendən.

Sərhəd bərpa oldu lap günü-gündən,

Düşmənin məzarın qazdı Şəhidlər.

Cəbrayıl, Zəngilan, həm də Murovdan,

Füzuli, Kəlbəcər, Laçın, Ağdamdan,

Nə Vətən, vətəndaş qalmaz nigaran,

Min dərdə, əzaba dözdü Şəhidlər.

Otuz il bir sınqınlıq, bir üzüntü, xəcalət yükü, məğlubiyyət sarsıntısı xalqımızın yol yoldaşına çevrilmişdi. Gecələr yuxumuzu qarışdırır, ev-eşiyimizi, yurd-yuvamızı gəzib sabahlarımızı əli boş, qəm-qüssəylə açırdıq...

Bəzilərimiz haqlı-haqsız, "bir ovuc ermənidən sülh istəmək bizlərə yaraşırmı?!" - deyirdik.

Ox, qılıncla, qalxanla,

Qorunardı bu Vətən.

Sən topla, topxananla,

Qov düşməni Vətəndən...

deyənlərimiz minlərlə, milyonlarla oldu.

Dövlət başçımız, ölkəyə rəhbərliyi dövründə rahatlıq bilmədi, gecəsi-gündüzü, fikri-zikri bu qara ləkəni xalqımızın üstündən götürülməsi üçün yollar axtarmaq oldu.

Əsla dinclik bilmədi on yeddi il sərasər

Qaçqın, köçkünlə keçdi saatlar, dəqiqələr,

Bir ildir ki, çin olub o ümidlər, o vədlər.

Bir ildir azad olub doğma kəndlər, şəhərlər,

Qalx bacım, qalx qardaşım, bu Vətən sizi gözlər...!

Qatar gedib, düşmən basılıb, torpaqlarımız, doğma yaşayış məntəqələrimiz azad edilib, bizi ağuşuna səsləyir.

Atlansın qardaşlar, bacılar bu gün,

Atlansın cavanlar, qocalar bu gün.

Bakıda indiki xoş şəraitdən,

Laçın, Kəlbəcərdə daxmadır üstün.

Evlər dağılıbsa Vətən ki, durur,

Onların yerində, get saray qaldır.

Ağsaqqal atalar, ipək analar,

Qaldır oğulları, Vətən çağırır.

Yurdlar, yerbəyerdən sizi səsləyir,

Ana qucağıtək övlad istəyir.

Dağılmış məmləkət durma, gəl deyir,

Qəddimi, qəddimi gəl dikəlt, deyir.

Ali Baş Komandanımızın uzaqgörən siyasətinin nəticəsi olaraq həm daxili, həm də xarici auditoriyaya hesablanan məlumat qıtlığını aradan götürmək üçün, Onun göstərişi ilə Vətənimizin düşməndən azad olunan hər qarış torpağının video görüntüsü televiziya ekranlarında təkrar-təkrar sərgilənir, isti nəfəsə ehtiyacı gündəmə gətirir. "Kitabi-Dədə Qorqud"da deyildiyi kimi, azadlığa qovuşan Vətən torpaqlarının qayğıya, məhəbbətə, insan nəfəsinə, əllərin zəhmətinə, alın tərinə ehtiyacı var.

Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə səfərləri zamanı dağıdılmış, bərbad edilmiş, tarimar edilmiş şəhər və kəndlərimizin gələcəyinin canlı tablosunu aydınca sərgiləyərək bu yerləri əvvəlkindən də gözəl, yaraşıqlı, baxımlı olacağını bəyan edib.

Sağlamlığın çarəsi, yaşamağın qayəsi,

Abır-ismət çələngi, keçmişlərin pak səsi.

Əsrlərin müjdəsi, tarixləri kənddədir,

Kəndinə qayıt, canım, hörmət-izzət kənddədir.

Suyu, havası təmiz, kənd mühiti əvəzsiz,

Şəhərdə, əzizlərim, bunları heç görməzsiz.

Get özün sağlam yaşa, sevinsin torpaq, kəpir,

Kəndinə qayıt, canım, hörmət-izzət kənddədir.

Mavi qaz bölgələrdə yanacaq gecə-gündüz,

Elektrik işığı bolhabol, fasiləsiz,

Səngərdir kəndlərimiz, səngər boş qala bilməz.

Kəndinə qayıt, canım, sərhəd, səngər kənddədir.

Biz azəri türkləri müsəlman təriqətinə məxsus xalqlardanıq. Müqəddəs "Qurani-Kərim" bu dinə məxsus insanları bir-birinə qardaş, digər xalqların nümayəndələrini isə dost tutmağı buyurmuşdur. O müqəddəs kitabda bu "filankəslərin" adı yoxdur...

Unutqanlıq xalqımın ən ağır bəlasıdır

Şəhid olan oğullar hamının balasıdır.

Düşmənlərimizlə münasibətlər müəyyən çərçivəyə düşəndən sonra, yaddaşımıza həkk etdirməliyik ki, ermənilər faşist xislətli olmaları ilə yanaşı, həm də daha iyrənc, qəddar, qorxulu məxluqlardırlar. Onlar xalqımızın əsrlərlə qazandığı, yaratdığı maddi və mənəvi sərvətlərimizə qarşı necə barbarlıq ediblər, məscidlərimizi donuz tövlələrinə çeviriblər, yurd yerlərində daş-daş üstə qalmayıb, goreşənlər məzarlarımızı tarimar ediblər, əzizlərimizin məzarlarından mərhumlarımızın kəllə sümüklərini çıxararaq qızıl dişləri qənimət biliblər, daha nələr, daha nələr...

Ölüm qalsın, zülm qalsın tarixdə,

Unutmayın, yazın qalsın tarixdə.

Unudulur, təkrarlanır tarixlər

Yazın qalsın, bu tarixi, tarixdə.

Yazın qalsın, bu tarixi tarixdə.

Ona görədir ki, Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev işğaldan azad edilmiş Vətən torpaqlarının cənnətə çevriləcəyi günlərdə xüsusi yerlərin abadlaşdırılmadan "tarixi eksponat" kimi saxlanılmasını, gələcək nəslə "daş yaddaşı" kimi qalmasını vacib buyurub.

Yaşasın Ali Baş Komandan, Azərbaycan Ordusuna eşq olsun. Qarabağ Azərbaycandır…!

Fərrux Nağızadə,

Ordubad rayon Veteranlar Təşkilatının sədri,

istefada olan polkovnik-leytenant

Azərbaycan Yazıçılar Birliyinin üzvü