Sosial şəbəkələr telefon menyüsünə köçəndən sonra, dünyadakı millətlər nə itirdilər bilmirəm, amma Azərbaycanda on illiklərdir bu günümüzə qədər gəlib çatan ailə kökləri param-parça olub getdi tarixin məzarlığına. Sanki yeni əsrin texnologiyası min illik AİLƏ DƏYƏRLƏRİMİZ üçün əsl ölüm kabusuna çevrildi bir anlığına. Böyük-kiçik adəti, getdiyin ocağa və sevdiyin insana bir ömür sədaqət və hörmət, bir yastığa baş qoyub sağlam və dəyərli övladlar yetişdirmək, sahib olduğun AİLƏNİ QORUMAQ üçün bütün çətinliklərə sinə gərmək, hər xırda səs-küy üçün ailəni dağıtmamaq ənənəsi vatçapın, tvitterin qarşısında yox olub getdilər.
Dünyadakı ağıllı toplumlar bu texnologiyadan irəli getmək, daha çox inkişaf etmək və daha çox qazanmaq üçün yararlandılar, onların əksinə bizlər Novruzəli əsrində olduğu kimi, sosial şəbəkələrdən sürətlə geri getmək üçün “yararlandıq”. Min dəfə təəssüf, amma olan fakt budur. Həmin bu sosial şəbəkələrdə min illik dəyərlərimizi köhnə əşya kimi, ağına-bozuna baxmadan süpürüb atdıq çölə. Evli qadınlar və kişilər sosial şəbəkədən virtual eşq üçün yararlanıb neçə-neçə ocağı rəzil etdilər, evli qadınlar uşaqlarını evdə qoyub subay gənclərə qoşulub baş götürüb getdilər...
Yeni texnologiya əsrinin vatçapı, tvitteri milli genefondumuz üçün erməni faşizmindən daha betər düşmən oldu bizlərə. Erməni fazişmi əsrlərdir Azərbaycan xalqına qarşı soyqırımlar törətdi, amma bu xalqın milli dəyərlərini özündən qoparıb ala bilmədi. Bu xalq amansız düşmən qarşısında əyilmədi, milli kimliyini, bir xalq olaraq varlığını son ana qədər qoruya bildi və sonda qələbə zəfəri yaşadı. Amma sosial şəbəkələr qarşısında nə yazıq ki, artıq ağ bayraq qaldırmışıq. Mübahisə filan etməyin, bu gün mənəvi dəyərlərimiz sosial şəbəkələrdə erməni genosidindən daha dəhşətli şəkildə məhv edilir, yaddaşlarımızdan və qanımızdan silinir. Sahibsiz efirlər gey gədələrin, min yataqdan “üzüağ çıxan” ləçərlərin reklam meydanına çevrilib. Kişilik əvəzinə nakişilik, qulağı sırğalı, cinsi oriyentasiyasını itirmiş geylik reklam olunur. Yalanmı deyirəm, - qəti!
Ən yüksək dağ kəndlərində yaşayan, 2-3 uşağı olan evli gəlinlərin vatçapda tanış olub “virtual aşk” yaşadığı yad kişilərə qaçması, halalca ərinin papağını el-oba içində yerə soxması, tifil balalarını bir ömür boyu gözükölgəli, başıaşağı etməsi, efirləri başına alan rəzil “proqramlarda” başqa kişiyə qaçan arvadını tapmaq üçün studiyalara üz tutan biqeyrət “kişiciklərin” fəryadı, yalançı evlilik oyunlarının cəmiyyəti başına alıb getməsi artıq adi hala çevrilib...
Sosial şəbəkələr həm də ailə dəyərlərinin məhvinə və boşanma biznesinə geniş meydan açdı. Min təəssüf ki, bu gün bir sıra xanımlar ailə dəyərlərinə daha çox biznes hədəfi kimi baxırlar. Cəmi 3-5 ay, ən uzağı 1 ildən çox çəkən “evliliklər”, əslində, boşanma biznesinin pik həddə çatdığını ortaya qoyur. Sadəcə, bir uşaq dünyaya gətirmək, dərhal sonra min bir bəhanə ortaya atıb boşanmaq, qanunvericilikdəki biabırçı boşluqdan yararlanıb aliment, mənzil, əmlak tələb edib istəyinə çatmaq, “əzabkeş xanım” obrazına girib, sonradan həyatını rahat və istədiyi kimi davam etdirmək əsas məqsəddir. Və min təəssüf ki, qanunvericilikdəki boşluqlara görə bu istəklərinə də çatırlar.
Belələri anlamır ki, atasız böyüyən, ata qayğısı və nəfəsi duymayan uşaqlar həm mənəvi, həm də şəxsiyyət kimi şikəst böyüyəcəklər. Bu fakt, bir uşağın gələcək taleyi üçün ölümcül təhlükədir. Sözsüz ki, mən ailə-uşağını ac-yalavac qoyub başqa qapılarda sürünən “kişiciklərin” əlindən bezara gələn, amma öz həqiqi ANALIĞINI hər şeydən uca tutub bir ömür boyu tək-tənha balalarına sahiblik edən dəyərli qadınları bu sırada tutmuram. Bu cür qadınlarımız, sözün əsl mənasında, baş tacımızdır. Əsl Azərbaycan qadınının adına şərəf gətirən analar...
Amma yuxarıda qeyd etdiyimiz faktlar ilk hədəf kimi AİLƏ DƏYƏRLƏRİMİZİ məhv edir, özü də dəhşət şəkildə! İndi əksər qızlar bir ömür boyu sevdiyi insanla yastığa baş qoymaq, gözəl ailəyə sahib olmaq, o ailəni qoruyub saxlamaq üçün ən kiçik çətinliklərə belə dözmək fikrində deyil. İndi beş-üç aylıq “evlilik”, bir uşaq sahibi olub min bəhanə ilə məhkəmələrə üz tutmaq, tez-tələsik aliment və ev sahibi olmaq, və... əsas hədəf “SƏRBƏST YAŞAMAQ” haqqında düşünürlər. Boşan və “istədiyin həyatı” yaşa, vəssalam!
Belə qadınlar boşanan kimi rəzil efirlərdə üzdəniraq “jurnalist”, “psixoloq”, “ekspert” libasına bürünüb milyonlara əxlaq dərsi keçməyə girişirlər. Məqsəd? - yeni “həcilər” tapmaq, avtomobil, mənzil sahibi olmaq. Təəssüf, min təəssüf ki, qanunvericilikdəki boşluqlar da “boşanma biznesi” üçün meydan açır. Boşanmanın səbəbi bilinmədən, əsası olmadan istənilən boşanma həvəskarı üçün qapılar taybatay açıqdır.
Sözsüz ki, bu, hər kəsin hüququdur, həm kişinin həm də qadının. Bivec, xəyanətkar ərdən bezən qadın üçün son çarə boşanmadır, burası bəllidir. Amma ailə yükü daşımaqdan, ailə-uşağa baxmaqdan bezib “həci şotuna” yaşamaq üçün alışıb yananlar üçün bir “stop” qoyulmalıdır qanunvericilikdə. Ən azı səbəbsiz boşanma zamanı əmlak və aliment qadağası qoyulsa, min dəfə əminəm ki, məhkəmə qapıları Moskvadakı boş piştaxtalar kimi seyrələcək. Çünki boşanmaq həvəsi aliment və əmlak üzərində bərqərar olub. Bu ikisi olmayandan sonra kimdir boşanmaq üçün sino gedən? Çünki boşanandan sonra alimentsiz və ev-eşiksiz öz zəhməti və məşəqqətlə uşaq böyütmək belə “həvəskar”ların işi deyil. Sözsüz ki, “həci” tapmaq şansı yüksək olanlardan başqa...
Mətləb Salahov