Siniflərdə partalar müəllimlər tərəfindən NİYƏ BAZARA ÇEVRİLİB? - EKSPERT TƏNQİD ETDİ

30 Mart 2022 12:32 (UTC+04:00)

"Zaman-zaman siniflərdə partaların müəllimlər tərəfindən satılması ilə bağlı iddialar ortaya atılıb. Siniflərdə partaların satılması birmənalı olaraq yolverilməzdir. Belə hallara qarşı mübarizə mütləq şəkildə gücləndirilməlidir. Bu kimi hallarla mübarizədə ilk növbədə valideynləri aktiv olmağa dəvət edirəm". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, siniflərdə ilk partalarda ya görmə qüsuru olan, ya da boyu balaca olan şagirdlərin əyləşməsi ilə bağlı təlimat var: "Müəllimlər də buna riayət etməlidirlər. Mənim də uşağım ibtidai sinifdə oxuduğu vaxtda nəinki parta, hətta siniflər belə satılırdı. Valideynlər uşaqlarını yaxşı müəllimlərin sinfində oxutmaq üçün xeyli xərc çəkməli idi. Bu isə birbaşa əxlaqsızlıqdır. Məktəb direktorları adlı-sanlı, savadlı olmasına baxmayaraq, onun bazar düşüncəli olması gözəbatan mənfi keyfiyyətdir. Ona görə də direktorlar yalnız müsahibədən keçərək işə qəbul olunmalıdır. Müsahibədə tələblər çox ciddi olur. Eyni zamanda, heç kim direktorlara belə bir təlimat vermir. Onlardan yanlız məktəblərdə nümunəvi qayda-qanun yaratmaq tələb olunur.

Təhsil Nazirliyi bu kimi halları qəti şəkildə qəbul etmir. Lakin mübarizə aparmaq çox çətindir. Çünki bu kimi bazar təfəkkürlü direktorlara dəstək verənlər əksər hallarda valideynlərin özləri olur. Bir sinifdə 10 valideyn belə vəziyyət qarşısında səssiz qalmasa, direktorlar belə şeylərə cəhd etməzlər. Valideynlər də, direktorlar da düşünməlidir ki, uşaqların şəxsiyyət kimi formalaşdığı əsas yer məktəbdir. Bu kimi hallar onların şəxsiyyətinə də təsir edir".

İlqar Orucov sözlərinə belə davam edib: "Bu hallarla mübarizədə təhsilin bütün subyektləri, eləcə də valideynlər ardıcıl olmalıdır. Sistem elə qurulmalıdır ki, məktəbin nüfuzunu aşağı salacaq heç bir hal baş verməsin. Nə qədər ki, bunlara göz yumulacaq belə neqativ halar başverməyə davam edəcək".

Ayşən Vəli