"Sadizm insanın ətrafa qarşı qəddarlığıdır. Sadist insanlar zorakılığa meyil edirlər, alçaldılma və digər əzablardan həzz alırlar". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı bildirib.
Onun sözlərinə görə, sadizmin yaranma səbəbləri müxtəlifdir: "Bunun əsas başlanğıcı həmin şəxsə qarşı olan aqressiyalardır. Əgər həmin şəxs uşaqlıqda şiddət görübsə və bu, onun həyatında travmaya səbəb olubsa, o, cəmiyyətə, ətrafa qarşı müəyyən aqressiv hisslərlə yanaşır. Bu da onu aqressiv birinə sevirir. Sadizmdə mozaxizm də var. Ətrafdakı insanların acı çəkməsindən həzz aldığı kimi, özünə qarşı olan acıdan həzz alır. Ətraflarındakı insanlara əzab verdikcə bundan həzz alır və özlərinə də psixoloji və fiziki cəhətdən xələl gətirirlər. Özlərinə əzab verərək bundan həzz alırlar. Unutmayaq ki, sadizmdən əziyyət çəkənlər cəmiyyətdə qara yara kimidir. Çünki onlar başqalarına əziyyət verməyə başlayır və bu da yeni sadist insanlar yaradır. Buna görə də sadizm xərçəng xəstəliyi kimi yayılır.
Sadist insanlar sevdiklərinə mənəvi cəhətdən bağlı olur. Qarşısındakı insan onun əzablarına dözdükcə, o, həmin insana daha çox bağlı olur. Amma bu bağlılıq onun psixologiyasına daha da mənfi təsir edir. Onlar sevginin göstərişi kimi əzabı əsas faktor götürür.
Sadistlər özlərindən zəif olan insanlara əzab verdikcə özlərini güclü hesab edirlər. Başqalarının əzabı onları sevindirir. Zamanı keçdikcə bu asılılıq yaradır".