O Suqovuşan, bu Suqovuşan...

29 Mart 2022 16:10 (UTC+04:00)

2020-ci il oktyabrın 3-də ordumuzun Suqovuşanla bağlı qələbə xəbərini ölkəmizin Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdən aldıq: “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!” Dövlətimizin başçısı dərhal Madagizin tarixi adını bərpa etdi. Madagiz Suqovuşan adlandırıldı. Onlarla Vətən oğullarının həyatlarını itirdikləri Suqovuşanda bu gün Azərbaycan bayrağı dalğalanır. Suqovuşanın işğaldan azad olunması bir elin yurd haqqına qovuşması idisə, həm də canlarını Vətən torpaqları uğrunda qurban verən Azərbaycan övladlarının düşməndən alınan qisası idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 20-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalını alovlandırmaları iki il öncəki qələbə üzərinə yeni bir qələbənin əlavə edilməsi dəyərində oldu. Azərbaycan Prezidentinin Novruz bayramı münasibətilə doğma yurd yerindən xalqa təbriki “İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik. Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. İkinci dəfədir ki, bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik. Bu gün mən Novruz tonqalını burada - Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik” kimi dəyərli fikirləri ürəyimizi dağa döndərdi. Qürur duyduğum bu an xəyalım istər-istəməz o Suqovuşanla bu Suqovuşan arasında dolanmağa başladı.

O Suqovuşan

30 ilədək yol gözləyən yurd yerlərimizdən biri idi Suqovuşan. Bədnam ermənilər tərəfindən adı dəyişdirilib Madagiz qoyulan Suqovuşan. Qədim abidələri ilə zəngin tarixli, həmçinin bol günəşli, oksigenli, sulu, yaşıl düzlü-çəmənli, bərəkətli torpaqlı, coğrafi üstünlüklərə malik Suqovuşan.

90-cı illərdə ermənilərin Azərbaycana qarşı başladıqları işğalçılıq siyasətinin qurbanı olan Suqovuşan 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunsa da, 1994-cü ilin aprel ayında Manvel Qriqoryanın başçılığı altında Ermənistan ordusunun könüllülər dəstəsi yenidən onu işğal etmişdi. Aprel döyüşləri zamanı Qarabağda formalaşdırılan beşinci müdafiə rayonu hərbi hissəsi Qarabağ döyüşlərində bir çox təxribatçı əməliyyatlarda iştirak etmişdi və azad edilənədək işğalçı Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. 10-cu dağatıcı diviziyanın tərkibinə daxil idi. Ehtimal edilir ki, hərbi hissə Ağdərəyə yaxın ərazilərdən Madagiz yaşayış məntəqəsi hüdudlarınadək döyüş növbətçiliyinə cəlb olunurdu. Bura aprel döyüşlərində Azərbaycan ordusunun əsas hədəflərindən biri olub. Bundan başqa erməni ordusunun 6-cı müdafiə rayonu kimi qeyd etdiyi hərbi hissə də Suqovuşanda yerləşirdi.

Acgöz erməni xisləti ilə bu yurdun yurddaşları da səpələnmişdilər Azərbaycanın ayrı-ayrı bölgələrinə. Cənnətməkan ata-baba ocaqlarına həsrət qalmışdılar. Torpaqlarının ətrini əsən küləklərdən alırdılar. Bu küləklər gətirirdimi o ətri?.. Xeyr, gətirmirdi. 30 ilədək zaman fasiləsindən sonra biz o küləklərə doğru getməli olduq. Getdik və gedişimiz, bu yurd yerimiz yazmağa başladığımız şanlı “Qarabağ” dastanının “Suqovuşan” adlı boyu oldu.

Qara kürü istehsalı və ya Suqovuşan sularında üzən xəyallar

Hələ 2020-ci ilin payızında Suqovuşanın işğaldan azad olunması münasibətilə yazdığım “Qarabağ” dastanının “Suqovuşan” boyu” adlı yazı üçün araşdırma apararkən Svetlana Xaçaturyanın “Madagizi ziyarət etmək və balıqçılıq təsərrüfatının taleyi ilə maraqlanmamaq işgüzar səfərinizin missiyasını yerinə yetirməmək deməkdir” adlı məqaləsi ilə rastlaşdım. Məqalə ermənilərin Suqovuşanda başladıqları böyük gəlir mənbəyi olacaq bir prosesdən bəhs edirdi. Maraqlı, həm də onların suya düşən xəyallarını sübut etdiyi üçün yenidən həmin məqaləyə müraciət etdim. Məqalədə qeyd olunur: “Artsax qara kürü ixrac edən bir ölkəyə çevriləcək. İldə 15-20 ton qara kürü, 1200-1500 ton balıq istehsal ediləcəkdir... Ancaq Aprel müharibəsi başladı, bunun fonunda ehtiraslar tədricən azaldı: xarici investorların vəsaitlərinin küləyə atıldığını, proqramın uğursuz olduğunu və kürü istehsal olunmayacağını artıq bir pıçıltı ilə danışırdılar. Biz bu yaxınlarda Madagiz balıqçılıq təsərrüfatının direktoru vəzifəsini icra edən Arena Ulubabyanla görüşdük. O, özünü təqdim edəndə dedi: əvvəlcə gəlin balıqları görək. İnzibati binanın yanında yerləşən balıqçılıq, ümumi bir dam altında çoxsaylı hovuz kompleksidir. Onun sözlərinə görə, ümumilikdə 306 hovuz var və hamısında balıq yaşayır. Ulubabyan bunların "Sibir nərəkəsi" və "Rus nərəsi" növlərinin balıqları olduğunu söylədi. Bunlar qara kürü üçün ən yaxşı balıq növləridir. Balığın Madagizə necə gətirildiyini və onların "səyahət" marşrutunun belə olduğunu izah etdi: mayalanmış yumurtalar əvvəlcə Almaniyadan və Rusiyadan Ermənistana - suları balıq yetişdirmək üçün yararlı olan Ararat bölgəsinə, oradan da Artsax və xüsusi olaraq – Madagizə gətirilir. Zavodun Artsaxın başqa bir qəsəbəsində deyil, nə üçün Madagizdə qurulduğunu soruşduqda, A. Ulubabyan cavab verdi ki, balıq yetişdirmək və qara kürü istehsalı üçün ən uyğun şərtlər məhz Madagizdədir. Kürünün keyfiyyətinə əsasən iki amil təsir edir: oksigenlə zəngin təmiz su və Tərtər çayının ən böyük qolunun suyuna tam uyğun gələn müvafiq temperatur. İl ərzində sabit temperaturu 6-8 dərəcə olan təmiz, oksigenlə zəngin sular keyfiyyətli kürü əldə etmək üçün faydalıdır… Madagiz balıqçılıq təsərrüfatının direktoru vəzifəsini icra edən şəxs də əsas investorların xaricdən gələn iş adamları olduğunu söylədi. Bu yaxınlarda Artsax məhsullarının dadına baxan və keyfiyyəti və ləzzətindən məmnun qalan qara kürü satışında dünyaca məşhur mütəxəssislər gəldi, nəticədə kürünün ixracı ilə bağlı razılaşmalar əldə edildi. Ulubabyanın sözlərinə görə, məhsulların ilk partiyası 2018-ci ilin sonunda istehsal olunacaq və müəssisə 2022-23-cü illərdə tam gücü ilə fəaliyyətə başlayacaq və dünya bazarlarında “Artsaxda istehsal olunur” etiketli qara kürü və balıq görünəcək”.

2022-2023-cü ilə dünya bazarına çıxarmaq istədikləri qara kürünün istehsalına zəngin təbiəti ilə tam cavab verən Madagiz adlandırdıqları ərazimizdə 2020-ci ilin 3 oktyabrında Azərbaycan bayrağı yenidən dalğalandı və ərazi tarixi adına qovuşdu-Suqovuşana. Ağılsız ermənilərin xam xəyalları isə elə Suqovuşanın çox bəyənib, təqdir etdikləri sularına qovuşdu. Onlara üz tutub demək istəyirəm ki, əmin olsunlar, onlar bu qara kürüdən yeyə biləcəklər. Bu məhsulu planlaşdırdıqları illərdə-2022-2023-cü illərdə “Qarabağda istehsal olunur” etiketi ilə dünya bazarından əldə edə bilərlər.

Suqovuşan Qarabağın açarıdır

Azərbaycanın “Brest” qalası hesab edilən Suqovuşanın işğaldan azad olunması ilə Murov, Kəlbəcər, Tərtər yolu tamamilə kəsilir və Ağdamın azadlığına yol açılırdı. Murov dağ silsiləsinin cənub yamacı ilə Sərsəng gölünə yol buradan keçir. Öz taleyini Prezidentinə, Ali Baş Komandana ümid edən Azərbaycan xalqı dövlət rəhbərinin düşünülmüş və ardıcıl şəkildə həyata keçirdiyi tədbirlər nəticəsində, Milli Ordumuzun qəhrəman əsgər və zabitlərinin səyi ilə Suqovuşandan başlanan qələbə ilə böyük Zəfərə doğru irəlilədi. Suqovuşan deyildiyi kimi, Qarabağın açarı oldu.

Tarixən Qarabağ, onun ətraf rayonları üçün qurulmuş planlar Vətən müharibəsində alt-üst oldu, həqiqət öz yerini tapdı. Ölkəmizin rəhbəri Suqovuşandan xalqa təbrikində də qeyd edirdi ki, Suqovuşan qədim Azərbaycanın tarixi yeridir. Azərbaycan xalqı bu ərazilərdə əsrlər boyu yaşayıb. Ancaq 1923-cü ildə doğma Qarabağ diyarımızda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Qarabağın gözəl, səfalı yerləri qondarma quruma daxil edilmişdi, o cümlədən Şuşa şəhəri və Suqovuşan qəsəbəsi. Bu, xalqımıza qarşı növbəti ədalətsizlik idi, növbəti düşmənçilik idi. Çünki Qarabağ, onun tarixi Azərbaycan xalqının adı ilə bağlıdır. Azərbaycan xalqı Qarabağda əsrlər boyu yaşayıb. Sadəcə olaraq, siyasi məqsədlər naminə uzun illər, sovet dövründə burada qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti fəaliyyət göstərirdi. Bildiyiniz kimi, sonra ermənilər xalqımıza qarşı işğalçılıq siyasətinə əl atdılar və 30 ilə yaxın müddətdə bizim doğma Qarabağımız və Şərqi Zəngəzurun bir hissəsi ermənilərin əlində idi. Buna son qoyulmalı idi və son qoyuldu. Biz gördük ki, heç bir danışıqlar, heç bir siyasi addımlar bizi məqsədimizə yaxınlaşdırmır. Biz görürdük və bilirdik, ancaq güclü, daha iradəli olmalıyıq ki, öz haqqımızı qoruyaq, tarixi ədaləti bərpa edək. Azərbaycan dövləti, Azərbaycan Ordusu, bütün Silahlı Qüvvələrimiz bu tarixi missiyanı 2020-ci ildə yerinə yetirdi. Biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik və Qarabağa qayıtdıq. Biz artıq burada yerləşmişik, biz buraya qayıtmışıq, doğma diyarımıza qayıtmışıq.

Bəli, şükürlər olsun ki, biz yurd yerlərimizə qayıda bildik. Suqovuşanın gur, saf, təmiz suları indi bu torpaqlarımızdan erməni çirkabını yuyub aparmaqdadır.

Bu Suqovuşan

Martın 20-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin istifadəyə verilməsi, Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin və məscidin təməlinin qoyulması 30 il öncə miskinləşən və bir qərinəyə yaxın həmin kədərli görkəmlə yaşayan Suqovuşanın bu günüdür, bugünkü uğurudur. Ona dövlət-xalq birliyinin töhfəsidir. Yenidən qurulub-yaradılması, ona yeni həyat verilməsidir. Prezident cənab İlham Əliyevin dediyi kimi: “... Abadlıq və quruculuq işləri, o cümlədən Suqovuşan qəsəbəsində də geniş vüsət alıbdır. Bu gün burada bir neçə tədbirdə iştirak etmişəm, o cümlədən yaşayış binalarının bərpası, turizm zonalarının yaradılması. Bütövlükdə həm Qarabağda, həm Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə aparılır. Biz elə etməliyik ki, qısa müddət ərzində ancaq böyük səmərə ilə və böyük keyfiyyətlə 10 min kvadratkilometrdən çox olan ərazini yenidən quraq. Çünki mənfur düşmən işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib, bütün tarixi abidələrimizi dağıdıb, təhqir edib. Biz isə qurub-yaradan xalqıq. Müharibədən cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, biz artıq qurub-yaradırıq. Əminəm ki, biz bütün planlara, nəzərdə tutulmuş bütün məqsədlərə nail olacağıq və nail oluruq”.

O Suqovuşanla bu Suqovuşan arasındakı müqayisə ümumilikdə Qarabağ zəfərinin fonunda qürur doğurur. Bəli, qürur duyuruq. Torpaq sevgimizlə, qalib ölkənin vətəndaşı olmağımızla, Qarabağı bizə qaytaran dövlət başçımızla, Milli Ordumuzla, dövlət-xalq birliyi, həmrəyliyimiz ilə... Ən böyük qürur isə qarşıdadır-yurddaşlarının Qarabağa dönəcəyi gün.

Mətanət Məmmədova