Yay məktəblərinin əhəmiyyəti nədir? -EKSPERT AÇIQLADI

29 Mart 2022 15:42 (UTC+04:00)

Yay məktəbləri bütünlüklə təkcə orta məktəb şagirdləri üçün nəzərdə tutulmayıb. Bu eyni zamanda fərqli yaşalarda olan insanlar üçün də təşkil olunur. Eyni zamanda müxtəlif peşə sahibləri üçün də yay məktəbləri təşkil olunur”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, yay və ya qış məktəbinin təşkil olunması fəsilə uyğun olaraq adlandırılır: “Lakin daha çox bu tip məktəblərin yay aylarında təşkil olunduğunun şahidi oluruq. Bu cür məktəblər birbaşa öyrənməyə xidmət edir. Əgər biz sırf məktəb şagirdlərinə uyğun olaraq danışırıqsa, bu zaman şagirdlərin həm öyrənməsi, həm də ümumi inkişafları da nəzərə alınmalıdır. Bu cür məktəblərin uşaqlar üzərindəki təsiri olduqca müsbətdir. Belə ki, şagirdlər burada həm öyrənir, həm sosiallaşır, həm də özlərinin xüsusi bacarıqlarının inkişafını təmin etmiş olurlar. Bu cür məktəblərdə adətən tədris və təlim xüsusi formalarda aparılır. Hansı ki, uşaqlar dinləməkdən və öyrənməkdən yorulmurlar. Əksinə bundan olduqca zövq alırlar. Bundan əlavə bu arada qrup işləri də aparılır. Bu isə şagirdlərin kollekivdə işləmə və davranış qaydalarına yiyələnməsinə müsbət təsir göstərir. Ümumi olaraq vacib məqamlardan biri də odur ki, uşaqlar buarada asudə vaxt keçirə bilirlər.
Eyni zamanda beynəlxalq yay və qış məktəbləri də təşkil olunur. Lakin bur cür məktəblər artıq ödənişli olur. Son illərdə təşkil olunan beynəlxalq yay məktəbləri daha çox xarici dilin mənimsənilməsi istiqamətində aparılır.
Qeyd etdiyim kimi, bu cür yay məktəbləri müxtəlif peşə sahibləri üçün də təşkil olunur. Adətən bunlar qış məktəbləri formatında olur. Müəyyən bölgələrdə, otel ərazisində keçirilir. Burada sadəcə, elmi diskusiyalar aparılmır, eyni zamanda müəyyən təlimlər keçirilir, muzeylərə ekskursiyalar təşkil olunur.
Bu cür məktəblərdən biri də mənim rəhbərliyim altında gənc alimlər arasında keçirilib. Bunun ən yaxşı tərəflərindən biri isə burada müxtəlif peşələr üzrə alimlərin birgə diskusiyalarının aparılması qarşılıqlı öyrənmə imkanları da təmin olunur.
Ümumi olaraq hər bir istiqamətdə bu cür məktəblərin təşkil olunması olduqca mühim və vacibdir”.

Səbinə Hüseynli