Ukraynada davam edən ağır döyüşlər və yaranan ağır humanitar situasiya əlbəttə ki, Azərbaycan dövlətini də etinasız buraxa bilməzdi və buna sübut olaraq ölkəmizin ardıcıl olaraq Ukraynaya humanitar yardımlarını göndərir, Ukrayna xalqının acınacaqlı vəziyyətdən çıxması üçün mümkün olan dəstəklərini nümayiş etdirir. Lakin bugünlərdə özünü “Milli Şura”nın “lideri” hesab edən AXCP sədri Əli Kərimlinin də “mən də varam” iddiası fonunda “Ukraynaya dəstək” mitinqi keçirmək qərarı kənardan onun qeyri-ciddiliyini daha çox açığa çıxarmış olur. Misal üçün, sirr deyil ki, artıq ölü quruma çevrilmiş “Milli Şura” adlı “layihənin” əsası illər əvvəl Rusiyadakı qaranlıq dairələr tərəfindən, həm də bir sıra öhdəliklər irəli sürmək şərti ilə qoyulmuşdu. Həmin vaxtlar AXCP sədri Əli Kərimlinin Rusiyanın qaranlıq dairələrinə casusluq etməsindən tutmuş digər əməllərinə qədər bütün oyunbazlıqları ifşa edildi və o da əbəs deyil ki, “Milli Şura”da yer almış Müsavat partiyası və onun sabiq başqanı İsa Qəmbər həmin “qurumun” məhz antimilli fəaliyyətini əsas gətirməklə oranı tərk etdi, qapısını çöldən bağladı. Onun ardınca isə digər bir neçə kiçik partiyalar getdilər.
Beləliklə, “Milli Şura”nın sükanının Əli Kərimlinin əlində olması və ətrafında başda Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu və s. olmaqla degeneratlar tayfasını toplaması nəticə etibarı ilə “qurumun” vəziyyətinin nə yerdə olduğunu bütün çılpaqlığı ilə nümayiş etdirməkdədir.
Lakin daha bir diqqət çəkən məqam budur ki, indi də Ukraynadakı hadisələr fonunda mitinq keçirmək arzusuna düşən və özlərinə xal toplamağa cəhd edən siyasi buqələmunlar fəsiləsinin nümayəndələri özünüifşa prosedurlarını davam etdirməkdədirlər. Məsələn, sual oluna bilər ki, Ukrayna ərazisində bir aydan artıqdır ki, müharibə gedir və nəyə görə indi yadlarına mitinq keçirmək düşdü?
Yaxud, bugünlərdə Ukraynanın dövlət başçısı Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək minnətdarlığını ifadə etdi və Ukrayna dövlətinin və xalqının Azərbaycanın mövqeyindən razılığını bildirdi. Bu fakt qarşısında özlərinin cılızlıqlarını daha da üzə çıxaran “Milli Şura” təmsilçiləri öz təbirlərincə nəyi “sübuta” yetirmək istəyirlər? Ukrayna məsələsində guya ölkə “müxalifətinin” ölkə rəhbərliyindən daha çox yanmalarınımı? Bu, heç də səmimiyyət nümayişi deyil, sadəcə və sadəcə uğursuz klounadadır və başqa heç nə!
Fakt budur ki, sözügedən siyasi buqələmunlar fəsiləsi - “Milli Şura”-AXCP-degenerat “birliyi” ölkədə qarışıqlıq yaratmaq niyyəti güdür, üstəlik, bu addımları ilə Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək istəyirlər. Və haqlı olaraq daha bir sualı da ünvanlamaq olar: əgər Ukrayna Azərbaycanın mövqeyindən rəsmi şəkildə razı olduğunu bəyan edirsə, xəyanətkar, antimilli qruplaşma üzvləri hesab edilən “Milli Şura” niyə anidən belə addım atmaq qərarına gəldi? Bu sualın da cavabı bəsitdir – onlar ölkəmizdəki həssas dönəmdə, xüsusilə, Qarabağda baş verən son olaylar fonunda xaos, anarxiya, qarşıdurmalar yaratmağa cəhdlər göstərirlər və onlara əlbəttə ki, sümük atan dairələr, məsələn, Qərbdəki erməni lobbisi ilə əlbir olan ağaları belə tapşırıqları verib. Lakin onlar bu tapşırıqlarının da öhdəsindən gələ bilmək gücündə deyillər. Yəni ölü qurum elə ölü qurum olaraq qalmaqdadır, qalır üfunət qoxusu verməmələri üçün birdəfəlik məzarlığa qolaylanmaları...