"31 Mart soyqırımı ermənilərin Azərbaycana qarşı uzun illər boyu həyata keçirdiyi qətliamlardan sadəcə biridir. Bu, Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdikdən sonra Bakıda və digər bölgələrdə yaşayan ermənilərin, bolşevik təfəkkürlü insanların fəaliyyətinin nəticəsi idi". Bu sözləri SİA-ya açıqlamasında "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov deyib.

Onun sözlərinə görə, XX əsrdə baş verən qanlı hadisələr tarixin ən utancverici səhifəsi kimi yadda qalıb: "SSRİ qurulduqdan sonra da bu tendensiya davam edib. Azərbaycana qarşı mərhələli şəkildə soyqırımı həyata keçirilib".
Samir Hümbətov sözlərinə belə davam edib: "Nəhayət, 26 fevral 1992-ci ildə bu soyqırım hadisəsi yenidən təkrar olunub. Bu hər iki soyqırımın da mahiyyəti Azərbaycan millətinin kökünü yer üzündən tamamilə kəsmək idi. 31 Mart soyqırımı, əslində bir xalqın tarixinə vurulmuş ən böyük zərbədir. Bu, planlı şəkildə həyata keçirilmiş erməni-bolşevik təfəkkürünün nəticəsi idi. Düşünürəm ki, bu soyqırımı cinayəti Azərbaycan dövləti tərəfindən daha geniş formatda müzakirəyə çıxarılacaq. Bu cinayətin soyqırımı kimi bütün dünyada qəbul etdirilməsi ermənilərin iç üzünü ortaya qoyacaq".
Ayşən Vəli