ABŞ prezidenti Co Bayden Polşaya səfərinin sonunda Rusiya prezidenti Vladimir Putin haqqında “Bu adam hakimiyyətdə qalmamalıdır” sözlərini deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evdən "Baydenin açıqlamaları rejim dəyişikliyinə çağırış deyil" şəklində açıqlamalar gəlib.
Bayden Konqresə təqdim etdiyi 2023-cü maliyyə ili büdcəsi ilə bağlı Ağ Evdə açıqlamalar verdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Dediyi sözlərə görə üzr istəməyəcəyini bildirən Bayden, "Bu mövzuda geri addım atmıram. Putinin vəhşi hərəkətlərinə qəzəbimi bildirirdim. Bu açıqlamanı ukraynalı ailələrlə görüşdükdən qısa müddət sonra verdim. Burada hər hansı bir rejim dəyişikliyindən danışmıram. Lakin bu sözlərimə görə üzr istəməyəcəyəm” ifadələrindən istifadə etmişdir.
Putin haqqında söylədiyi sözlərin Ukraynada gərginliyi artıracağına inanmadığını bildirən Bayden, "Putin bu yola davam edərsə, bütün dünyada cəmiyyətdən kənarlaşdırılacaq" deyə fikrini bölüşüb.
Ləman Əlizadə