Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda məqsəd Milli Olimpiya Komitəsinin təsis olunmasının 30 illiyinin ölkənin ictimai həyatında əhəmiyyətini nəzərə alaraq, habelə Azərbaycanda Olimpiya Hərəkatının daha da genişləndirilməsini təmin etməkdir. Sərəncama əsasən, Nazirlər Kabineti Milli Olimpiya Komitəsi ilə birlikdə Milli Olimpiya Komitəsinin 30 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. Mövzu ilə əlaqədar olaraq SİA sorğu keçirtdi.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov: "Gənclərimizin sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri vardır. Ölkəmizin beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasının təməlində dövlətimizin uğurlu idman siyasəti dayanır. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim Ümummilli Lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkləşməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallığa çevrilməsinə böyük imkanlar açdı. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin əvəzolunmaz üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Respublikamızın Prezidenti seçildikdən sonra isə ölkədə idmanın inkişafı daha da sürətləndi. Uğurlu idman siyasətinin nəticəsi olaraq, Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı 2012-ci ilin "İdman ili" elan edilməsi idman sahəsinin inkişafına diqqət və qayğının bariz nümunəsi idi. Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bu günə qədər Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakı və minlərlə medala layiq görülməsi bunun əyani sübutudur. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatlarının, habelə futbol üzrə qadınlar arasında dünya çempionatının keçirilməsi bunu bir daha təsdiq edir. Ən əsası 2015-ci ilin dünyanın idman tarixində yeni bir səhifə açması - ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etməsi uğurlarımızın zirvə nöqtəsi kimi dəyərləndirildi. 2017-ci ildə isə Bakı müsəlman dünyasını bir araya gətirən İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Prezident İlham Əliyevin olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zaldan izləməsi isə idmançılarımıza göstərilən ən böyük mənəvi dəstəkdir. Sevindirici haldır ki, ölkə Prezidenti, idman aləminin qayığıkeşi, idmançıların dostu Cənab İlham Əliyevin bu gün imzaladığı Sərəncam ilə Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi dövlət səviyyəsində qeyd ediləcəkdir. Bu əlamətdar hadisə yetişməkdə olan gənc nəslimizi idmanın müxtəlif növlərinə cəlb edərək, idmanımızı daha da kütləviləşdirəcəkdir".
Paraolimpiya çempionu İlham Zəkiyev: “Cənab Prezident İlham Əliyev 1997-ci ildən Milli Olimpiya Komitəsinin sədri seçildiyi gündən Azərbaycan idmanındakı inkişaf göz önünüdədir. Artıq Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Həmçinin ölkəmizdə böyük idman yarışları keçirilir. Bunların hər biri cənab Prezidentin idmana olan diqqətinin və idmançılarımızın səyi nəticəsində baş verir. Azərbaycanın hər bir rayonun da beynəlxalq standartlara uyğun Olimpiya kompleksləri yaradılıb. Bütün gənclərimizə pis vərdişdən uzaq olub, sağlam bədənə sahib olmaq üçün idmanla məşğul olmalarını tövsiyyə edirəm”.
Yunan-roma güləşi üzrə idmançı Nihad Məmmədli: “Azərbaycan Olimpiya hərəkatında və idmanda böyük uğurlar qazanmışdır. Prezidentimiz İlham Əliyev Azərbaycan idmanına böyük diqqət və qayğı ilə yanaşır. 1997-ci ildə İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idmanın inkişafında mühüm bir mərhələnin başlanğıcı sayıla bilər. Onun Azərbaycanda idmana və bədən tərbiyəsinə olan qayğısı danılmazdır. Respublikadakı idman qurğularının sayı artaraq, ölkədə 40 Olimpiya İdman Kompleksi, üzgüçülük hovuzları, 5 stadion, 10-dan çox şahmat məktəbi tikilib və istifadəyə verilib. İdmançıların beynəlxalq yarışlarda qazandıqları medalların sayı dəfələrlə artıb. Azərbaycanda müxtəlif beynəlxalq yarışların keçirilməsi də idmana göstərilən qayğının parlaq sübutdur. Azərbaycanın 2015-ci ildə I Avropa oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etməsi xüsusilə qeyd olunmalıdır. Həm bu oyunların ən yüksək səviyyədə keçirilməsi, həm də Azərbaycan idmançılarının qazandıqları uğurlar ölkənin idman sahəsində ciddi nailiyyətlər əldə etdiyinin göstəricisidir. Eyni zamanda son Olimpiya oyunlarında qazanılan uğurlar, bu il mart ayında keçirilən güləş üzrə U23 Avropa çempionatında millimizin əldə etdiyi böyük uğur Prezidentin idmana göstərdiyi qayğının nəticəsidir”.
Olimpiya çempionu Fərid Mansurov: “Cənab prezidentin Milli Olimpiya Komitəsinin 30 illiyi ilə bağlı imzaladığı sərəncam eyni zamanda idmana və Azərbaycan idmançılarına göstərilən diqqət və qayğının nümunəsidir. 30 illik Milli Olimpiya sahəsində çoxlu uğurlarımız, Olimpiya çempionlarımız və dünya çempionlarımız olub. Ölkəmizdə Milli Olimpiya Komitəsi tərəfindən tədbirlər keçirilibdir. Avropa, İslam oyunlarI və s. buna misal göstərmək olar".