"Bu ərazilərin sıravi ermənilərdən təmizlənməsindən söhbət gedirsə,.." - ŞƏRH EDİLDİ

28 Mart 2022 14:40 (UTC+04:00)

"Ərazilərimizin boşaldılması ilə bağlı sosial şəbəkələrdə xəbərlər intensivləşsə də, bütün bunlar qeyri-müəyyənlik təşkil edir. Ərazilərimizin kimlərdən təmizlənməsi ilə bağlı suallara heç bir real cavab yoxdur". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bəllidir ki, Azərbaycan keçmiş Dağlıq Qarabağ ətrafındakı 7 rayonu düşmən işğalından azad edib: "Azad olunmuş ərazilər Azərbaycanın nəzarəti altındadır. Lakin digər ərazilərin boşaldılması deyiləndə nəyin nəzərdə tutulduğu aydın deyil".

Aydın Quliyev sözlərinə belə davam edib: "Əgər bu ərazilərin sıravi ermənilərdən təmizlənməsindən söhbət gedirsə, qeyd etmək lazımdır ki, Azərbaycanın heç vaxt belə dövlət siyasəti olmayıb. Azərbaycan yalnız həmin ərazilərin qanunsuz erməni silahlı dəstələrindən və Ermənistan ordusunun qalıqlarından təmizlənməsi barədə strategiyaya malikdir. Bunun da həyata keçirilməsi üçün ya Rusiyanın silahlı qüvvələri 10 noyabr və daha sonra imzalanmış sənədlərə uyğun olaraq onların nəzarəti altında olan ərazilərimizin erməni silahlılarından azad olunması vəzifəsini həyata keçirməli, ya da Azərbaycan anti-terror əməliyyatı həyata keçirərək həmin əraziləri qanunsuz silahlı dəstələrdən boşaltmalıdır".

Ayşən Vəli