“Azərbaycan Ordusu azad etdiyi və ya son günlərdə yerləşdiyi heç bir mövqedən bir addım belə olsun kənara addım atmayıb. Sosial şəbəkədə yayılan və Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində dərc olunan faktlar tamamilə saxtadır”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, çox təəssüflər olsun ki, Azərbaycanla müttəfiqlik müqaviləsi olan, sülhməramlı fəaliyyətləri üçün ölkəmizə dəvət edilən Rusiya Müdafiə Nazirliyinin rəsmi qurumları bizə qarşı belə məsuliyyətsiz və məntiqsiz bir kampaniya aparırlar: “Ərazi barədə də məlumatım var. Əsgərlərimizin psixoloji durumu və ruh yüksəkliyi qaydasındadır. Fərrux kəndində və yaxınlığındakı yüksəklikdə Azərbaycan bayrağı dalğalanmaqdadır”.
Ədalət Verdiyev sözlərinə belə davam edib: “Azərbaycan bundan sonra da ərazidən yeni yerdəyişmələr həyata keçirmək niyyətindədir. Əgər Rusiya sülhməramlıları üzərinə düşən funksiyaları, o cümlədən, erməni silahlılarının ərazidən çıxarılmasını ən qısa zamanda yerinə yetirməsələr, BMT qətnamələrini tək yerinə yetirən Azərbaycan ordusu bu dəfə Üçtərəfli Birgə bəyanatı təkbaşına yerinə yetirəcək”.
Ayşən Vəli