Vladimir Sajin: “Bakı və Tehranın yaxınlaşması regionun iqtisadi potensialını və təhlükəsizliyini gücləndirəcək” – ŞƏRH

28 Mart 2022 11:21 (UTC+04:00)

Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Bakıda keçirilən 15-ci iclası çərçivəsində iki ölkə hökumətləri arasında ikitərəfli əməkdaşlıq haqqında Memorandumun imzalanması regionda yeni iqtisadi və nəqliyyat platformasının yaranmasını təmin edə bilər. Belə ki, İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya əlaqələrinin yaradılmasına dair anlaşma bu cəhətdən xüsusilə əhəmiyyətlidir.

İran üzrə tanınmış rusiyalı ekspert, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Vladimir Sajin bu məsələni “Caliber” analitik mərkəzinə şərh edərkən Memorandumu Bakı və Tehran münasibətlərində əlamətdar hadisə adlandırıb.

Rusiyalı ekspertin fikrincə, belə əhəmiyyətli memorandumun imzalanması tərəflərin sıx iqtisadi əməkdaşlığa yönəlmiş yeni, daha sərfəli gündəliyin zəruriliyi barədə anlaşdığını göstərir.

“Aydındır ki, İran-Azərbaycan münasibətlərinin səviyyəsi xeyli yaxşılaşıb. İki ölkə arasında sərhəddə müəyyən gərginlikdən sonra Tehran və Bakı normal diplomatik, siyasi və iqtisadi münasibətlərə qayıdıb və bu, artıq müsbət bir nailiyyətdir və onu alqışlamaq lazımdır. Eyni zamanda, nəqliyyat kommunikasiyalarının yaradılması təkcə Bakı və Tehran üçün deyil, ümumilikdə bütün Qafqaz regionunun inkişafı, onun təhlükəsizliyinin qorunması üçün faydalıdır.

Eyni zamanda, Azərbaycan-İran sazişi Zəngəzur dəhlizinin əhəmiyyətini minimuma endirdi, baxmayaraq ki, İkinci Qarabağ müharibəsindən sonra imzalanmış üçtərəfli 2020-ci ilin noyabr müqavilələrinə əsasən, Zəngəzur nəqliyyat dəhlizi də daxil olmaqla, nəqliyyat kommunikasiyalarının açılması nəzərdə tutulurdu”, - deyə professor bildirib.

Sajin qeyd edib ki, Bakı və Tehran memorandumu regionda nəqliyyat kommunikasiyalarının açılması üçün əvvəllər planlaşdırılan sxemi dəyişib.

Daha sonra rusiyalı ekspert Tehranın regional gündəliyi kontekstində ABŞ-ın sanksiyaları ilə bağlı İranın xarici siyasətinin əsas problemlərini, həmçinin Vyana danışıqlarında irəli sürülən şərtləri nəzərə alaraq nüvə sazişinə qayıtmağın mümkün variantlarını dilə gətirib.

“İranın nüvə sazişinin bərpası və reanimasiyası üzrə 11 aydır davam edən Vyana danışıqları əslində 2 əsas oyunçu- İran və ABŞ arasında aparılır. Mənə elə gəlir ki, nüvə sazişinin bərpa edilib-edilməyəcəyi yalnız bu iki ölkənin mövqeyindən asılıdır. Danışıqlar prosesinin əvvəlində bu məsələdə çoxlu ziddiyyətlər var idi, çünki Tehranın sazişə qayıtması məsələsində İran və ABŞ-ın mövqeləri çox fərqli idi. Lakin ABŞ sazişin tələblərinə əməl etməkdən imtina etdikdən sonra İran nüvə potensialını ciddi şəkildə artırdı.

2015-ci ildən əvvəl nüvə mütəxəssisləri İranın nüvə potensialını inkişaf etdirməsi üçün bir neçə il lazım olacağını deyirdilərsə, indi buna aylar lazımdır. Bu məsələdə aydın irəliləyiş var. İran uranı yalnız 3,67 faiz zənginləşdirə bilər və 300 kq-dan çox az zənginləşdirilmiş urana malik ola bilər. Bundan əlavə, İran zənginləşdirmə aparan müasir, səmərəli sentrifuqalardan istifadə edə bilmədi. İrana yalnız 1-ci nəsil IR-1 sentrifuqalarından istifadə etməyə icazə verilib, lakin 2019-cu ildən bəri nüvə sahəsində kəskin irəliləyiş var və indiyə qədər İran artıq uranı 20 və hətta 60 faizədək zənginləşdirməyə qadirdir.

Eyni zamanda, xatırlatmaq istəyirəm ki, nüvə silahının yaradılması üçün uranın zənginləşdirilməsi səviyyəsi 90 faizə qədərdir. Gördüyünüz kimi, İranda 20 və 60 faiz zənginləşdirilmiş uranın kifayət qədər böyük həcmdə yığıldığını nəzərə alsaq, 60 faizdən 90 faizə qədər texnoloji addım tamamilə əhəmiyyətsizdir. Tehran artıq ən son sentrifuqaları zənginləşdirmə prosesinə qoşub ki, bu da onun səmərəliliyini artırır və bu, Vyana danışıqlarında iştirak edənləri ciddi narahat edir.

İran ABŞ-dan bütün sanksiyaları ləğv etməyi tələb edib ki, tədricən sazişə qayıda bilsin. Amerikalıları İran tərəfinin tələbi qane etmədi, bunun müqabilində onlar İranın eyni vaxtda sazişə qayıtmasını təklif etdilər, bu razılaşmaya görə ABŞ sanksiyaların bir hissəsini ləğv edir, iranlılar isə uranın 60 faizə qədər zənginləşdirilməsini dayandırır. Beləliklə, addım-addım həm ABŞ, həm də İran sazişə qayıdırlar. Bir dövrdə proses yavaşladı, lakin son vaxtlar nəzərəçarpacaq dərəcədə intensivləşib. Beləliklə, son həftələrdə İran və ABŞ JCPOA-ya qayıtmaq üçün mövqelərində əhəmiyyətli dərəcədə yaxınlaşıblar. Artıq kiçik düzəlişlərə ehtiyacı olan bir sənəd layihəsi var. Birincisi, ölkədəki ağır iqtisadi vəziyyətə görə, ikincisi, idarəetmə sistemində və iqtisadiyyatda islahatlara başlamaq üçün Tehranın ABŞ sanksiyalarından qurtulması çox vacibdir.

Digər tərəfdən, bildiyiniz kimi, dünya geosiyasətində cərəyan edən proseslər, digərləri ilə yanaşı, Ukrayna hadisələri də ABŞ və Aİ-ni Rusiyaya qarşı daha sərt sanksiyalar paketi tətbiq etməyə vadar etdi. Və bu sanksiyaların bəndlərindən biri də ABŞ-ın Rusiya neftinin alınmasına qadağa qoyması idi ki, bu da Rusiyanın enerji təchizatından ciddi asılılığına görə Avropanın vəziyyətini xeyli ağırlaşdırdı. İndi ABŞ Rusiya neft və qazının istifadəsindən tədricən çıxmaq planı hazırlayır və bu, İran neftinin Avropaya tədarük imkanlarını aktuallaşdırıb.

Gördüyünüz kimi, bu cür uyğunlaşma İranın maraqlarına uyğundur, çünki o, böyük həcmdə neft ixrac etmək imkanına malikdir. Xatırladım ki, vaxtilə İran gündə təxminən 2,5 milyon barel neft ixrac edirdi, amma sanksiyaların ən ağır dövrlərində bu rəqəm 400-500 min barel civarında idi. İndi çinlilərin neft alması hesabına İran neftinin ixracı bir qədər artıb- sutkada 1 milyon barrelə qədər. Bu, Tehran üçün o qədər də sərfəli deyil, çünki neft dünya qiymətlərindən xeyli aşağı qiymətlərlə verilir. Lakin son vaxtlar İran ABŞ-ın sanksiyalarına görə dünyada az neft sata bilməsi səbəbindən xeyli miqdarda neft toplayıb. Hazırda İranın neft anbarları neftlə tıxanıb. Təkcə neft anbarları kimi istifadə edilən tankerlər hazırda təxminən 85 milyon barel neft daşıyır. Düşünürəm ki, sanksiyaların ləğvindən dərhal sonra İran beynəlxalq neft bazarına əhəmiyyətli miqdarda neft çıxara və bir neçə ay ərzində enerji resurslarının ixracının ən yaxşı dövrlərinə qayıda bilər.

Bu vəziyyət Rusiyaya sərf etmir və bu başa düşüləndir- İran nefti Rusiyanı neftni kompensasiya edə bilərsə, Avropa böyük miqdarda İran neftini mənimsəməkdən məmnun olacaq. Bundan narahat olan Moskva Vyanada keçirilən danışıqlarda yekun sənədə amerikalıların Rusiya ilə İran arasında ticari-iqtisadi əlaqələrin, o cümlədən hərbi-texniki əməkdaşlığın inkişafına mane olmamasını nəzərdə tutan bəndin daxil edilməsini təklif edib. Moskva ABŞ-dan yazılı təminat tələb edib və artıq bu məsələdə ABŞ-ın razılığını alıb. Bu fakt həm də ABŞ-ın İranı nüvə sazişinə qaytarmaqda ciddi maraqlı olduğunu təsdiqləyir və hesab edirəm ki, bu məqam artıq yaxındır”, - Vladimir Sajin bildirib.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.