BVF: Zəif iqtisadiyyatlarda tənəzzül riski ola bilər

23 Mart 2022 12:37 (UTC+04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva bildirib ki, Ukraynadakı müharibəyə baxmayaraq, qlobal iqtisadiyyat pozitiv olaraq qalacaq, lakin daha yavaş templə davam edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, “Foreign Policy” jurnalının təşkilatçılığı ilə keçirilən tədbirdə Kristalina Georgiyeva Ukraynada fevralın 24-dən davam edən müharibənin qlobal iqtisadi mənzərəyə təsirini qiymətləndirib.

Georgieva bu il üçün qlobal iqtisadi artım proqnozunda azalma gözlənildiyini, lakin artım proqnozunun hələ də müsbət olaraq qalacağını bildirib.

"Böyümə tempinin artması və inflyasiyanı azaltmaq üçün mübarizə aparırdıq, bu, problemə çevrildi. Əksinə, artım azalır, inflyasiya yüksəlir", -deyə o bildirib.

Zəif iqtisadiyyatlarda tənəzzül riskinin ola biləcəyinə diqqət çəkən BVF direktoru müharibənin yaratdığı yüksək enerji və ərzaq qiymətlərinin yaratdığı şokların və Rusiyaya qarşı sanksiyaların bir çox inkişaf etməkdə olan ölkəyə təsir edəcəyini vurğulayıb.