Düşmənlərimiz güclü Azərbaycanla razılaşmaq məcburiyyətindədir - ŞƏRH EDİLDİ

22 Mart 2022 13:11 (UTC+04:00)

“Dövlət Başçımızın və Mehriban xanım Əliyevanın Qarabağa hər səfəri xalqımıza yeni müjdələr verir. Eyni zamanda ölkəmizdə artıq bir ənənədir ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva əlamətdar günlərdə, hətta ad günlərində xalqımızın ən həssas nümayəndələri ilə bir araya gəlir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdən sonra isə onları işğaldan azad edilmiş və tezliklə gülüstana çevriləcək Qarabağ torpaqlarında görmək hər birimizin sevinc və səbirsizliklə gözlədiyimiz müqəddəs səfərlərdir: “Hər kəs bilir ki, məhz bu möhtərəm Prezidentimizin rəhbərliyi ilə tezliklə Qaravağ torpaqlarında yaradılacaq xarüqələr həm xalqımız, həm də mütərəqqi dünya üçün əvəzsiz töhfə olacaq. Bu mənada həm Prezidentimizin, həm də Birinci vitse-prezidentin çox tez-tez Qarabağın müxtəlif yerlərində görünməsi hər birimizin ürəyincə olmaqla, geniş anlamda xalqımızın gözləntisidir”.

Deputat sözlərinə belə davam edib: “Möhtərəm Prezidentimiz işğaldan azad edilmiş torpaqlarda geniş miqyasda aparılan möhtəşəm quruculuq layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirak etməsi ilə, həm də bu işlərin gedişatı prosesinə onun şəxsən nəzarət etdiyi görülür. Bugünlərdə Qarabağda ikinci dəfə Novruz tonqalını yandıran möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva həm də həyata keçirilən işlərə nəzarət və onilliklər boyu bu torpaqlara göz dikmiş erməni vandallarına və bu vandalları dəstəkləyən qüvvələrə növbəti mesajdır.

Bəli, möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər çıxışında Qarabağın Azərbaycan xalqının əbədi və əzəli torpağı olduğunu və xalqımızın bundan sonra da bu torpaqlarda əbədiyyən sülh, barış, təhlükəsiz şəraitdə yaşayacağını çox sərt və əminliklə bəyan edir. Bu mesajlar hələ də həqiqəti görməyənlər və eşitməyənlər üçün həm də xəbərdarlıqdır. Bu qətiyyətli fikirləri biz bir daha Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırdıqdan sonra xalqımıza səsləndirdiyi Novruz təbrikində şahidi olduq. Bu təbrikə qulaq asdıqca, eləcə də bu səfərləri izlədikcə xalqımızın əvəzsiz Lideri, tariximizə Azərbaycan xalqının adını qalib xalq kimi yazan, Müzəffər Ali Baş Komandanımızla qürur hissi keçirdik.

Bu bir həqiqətdir ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Azərbaycan bütövləşdi. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları bütövləşdi və Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu sübut etdik.

İşğaldan azad olunan ilk inzibati ərazimiz Suqovuşan olmuşdur. İşğaldan azad olunmuş ərazilərin toponimləri də Azərbaycanındır. Ona görə də işğaldan azd olunan kimi cənab Prezident bu kəndin tarixi adını özünə qaytararaq Suqovuşan adlandırıldı. Bu gün Suqovuşan Novruz bayramını qeyd edir. Bir il əvvəl Novruz bayramı tonqalı Şuşada yandırılmışdı. Gələn illərdə isə digər rayonlarımızda da tonqallar yandırılacaqdır. Daha doğrusu biz artıq qayıtmışıq və öz torpaqlarımızda milli-tarixi bayramlarımızı qeyd edirik. Bir sözlə bugün dünya, xüsusən də düşmənlərimiz güclü bir Azərbaycanla razılaşmaq məcburiyyətindədir. Bugün möhtərəm Prezidentimizin rəhbərliyi ilə qurulmuş Azərbaycan düşmənin hər bir təxribatına cavab vermək və onu məhv etmək iqtidarındadır. Bugünkü Azərbaycan heç kimin köməyi olmadan ermənilərin 30 ildə viran qoyduğu ərazilərini yenidən dirçəltmək və qaçqınlarını öz doğma yurdlarına qaytrarmaq gücündədir. Cənab Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza etdiyi hər bir səfər bu ərazilərə yeni ruh, dirçəliş gətirir. Ənənəyə uyğun olaraq, möhtərəm Prezidentimiz və Birinci vitse-prezidentimiz Suqovuşana səfəri çərçivəsində 35 kvoltluq yüksəkgərginlikli, müasir izolyasiyalı və mühafizəli kabel xərttinin təqdimatını etdi.

Qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərimizdə qurulan elektrik şəbəkəsi ən müasir texnologiyalara əsaslanıb tikilir və bu ərazilərdə şəbəkəni iqlimin təsirlərindən qoruyaraq fasiləsiz elektriklə təmin olunmasına imkan verəcəkdir. Suqovuşanda öz yurdlarına qayıdacaq vətəndaşlarımız üçün ən müasir evlər tikilir. Yeni tikilən yaşayış məhəlləsindəki ilk ev də onu deməyimizə imkan verir ki, bu ərazilərdə yaradılacaq şərait və infrastruktur qayıdacaq insanların yaşayışını ən yüksək səviyyədə təmin edəcəkdir. İşğal olunmuş ərazilərimizdən qaçqın düşərək 30 il əziyyət çəkmiş vətəndaşlarımız ən müasir yerlərdə yaşamaq imkanını əldə edəcəklər. Bu ərazilərdə təhsil infrastrukturunun formalaşdırılması prioritetdir. Ona görə də Suqovuşan qəsəbəsinə insanlar qayıtmamış qəsəbədəki ikimərtəbəli orta məktəbin binasının əsaslı şəkildə yenidən qurulmasına başlanmışdır.

Çox təəssüf ki, hələ də bəzi ölkələr və beynəlxalq təşkilatlar işğaldan azad olunmuş Qarabağ ərazilərində 67 məsciddən 63-nün ermənilər tərəfindən tamamilə dağıdılmasına lazımı münasibət bildirməyibdir. Sözsüz ki, bu məscidlərin yenidənqurma və bərpa işlərində Heydər Əliyev Fondu tərəfindən böyük işlər görülür.

Xüsusi qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərimizin müdafiə qabiliyyətinin artırılması üçün yeni hərbi hissələr yaradılır. Bir müddət əvvəl cənab Prezident Hadrutda Komando ordu hərbi hissəsinin açılışını etmişdi. İndi isə Suqovuşanda N saylı hərbi hissəsinin açılışı oldu. Yenidən tikilən hərbi hissələrdə əsgər və zabitlərimizin yüksək səviyyədə xidmətinin təşkili üçün hər bir şərait yaradılır. Ordu quruculuğumuzun gücləndirilməsi gələcəkdə davam etdiriləcəkdir. Ordumuzun sialahlanmasına ən müasir silahlar qəbul olunur. Azərbaycan Ordusunun gücü 44 günlük müharibədə nümayiş etdirdiyimizdən daha da çoxalmışdır. Bu məsələ ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi baxımından çox vacibdir və Ali Baş Komandanımızın daim diqqətindədir.

İşğaldan azad olunmuş ərazilərimizin böyük turizm potensialı mövcuddur. Bu potensialdan səmərəli istifadə olunması ölkəmizin iqtisadi gücünü artırır. Bu səbəbdən də cənab Prezident müvafiq quruma bu ərazilərdə turizm marşrutlarının müəyyən olunması və infrastrukturun formalaşdırılması istiqamətində tapşırıqlarını vermişdir. Ölkə Başçımızın Suqovuşana səfəri çərçivəsində bu ərazilərdə idmanın inkişafı ilə bağlı tapşırıqlar verir. Sevindirici haldır ki, Suqovuşanda avarçəkmə üzrə təlim-məşq toplantısının rəsmi açılışı bu ərazilərin idman potensialının dirçəldilməsi istiqamətində atılan ilk addımlarımızdır.

Bütövlükdə qeyd etməliyik ki, işğaldan azad olunmuş ərazilərimizdə görülən yenidənqurma və bərpa işləri kompleks şəkildə, planauyğun həyata keçirilir. İcra olunan layihələrin əhatə dairəsinin geniş olması və sürətlə aparılması bu ərazilərə tezliklə qayıdışımızın olacağından xəbər verir. Bəli, Azərbaycanın uzaqgörən Dövlət Başçısının şəxsən nəzarəti və tapşırıqları ilə bu ərazilər tezliklə ən müasir şəkildə yenidən qurularaq istifadəyə veriləcəkdir. Bütün bu işlərə xalq-iqtidar birliyi, milli həmrəyliyini möhkəmləndirən cənab Prezidentin rəhbərliyi altında nail olacağıq və bütün dünyaya müasir şəkildə yenidən qurulmuş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarını təqdim etməklə Azərbaycanın gücünü və bu torpaqların azərbaycanlılara məxsus olduğunu bir daha göstərəcəyik”.

Ayşən Vəli