Martın 21-də İstanbulda təşkil olunan Novruz şənlikləri çərçivəsində tanınmış xanəndə, Azərbaycanın Xalq artisti Nəzakət Teymurovanın konserti keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, konsert proqramı “Beynəlxalq türk dünyası ortaq mirası” layihəsi çərçivəsində baş tutub.
Tədbir Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, qardaş ölkədə fəaliyyət göstərən Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzi (Hazarfem dərnəyi), Çaydef-Çayeli Dərnəklər Federasiyası, ölkəmizin İstanbuldakı Baş konsulluğu və İstanbulun Bəyoğlu Bələdiyyəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə çıxış edənlər Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərdən danışıblar, bu Qələbənin bütün türk dünyası üçün tarixi hadisə olduğu qeyd ediblər.
Natiqlər Novruz Bayramının tarixçəsi, bu bayramın türk dünyası üçün əhəmiyyətindən danışıb, xanəndənin yaradıcılığı və Hazarfemin fəaliyyəti barədə tamaşaçılara məlumat veriblər.
Mərasimdə çıxış edən Hazarfem-in rəhbəri Nuran Acar yaxın zamanda Qarabağı, o cümlədən Şuşanı ziyarət etdiklərini, dərnək olaraq tarixi Şuşada konsert proqramı təşkil etməyi planlaşdırdıqlarını deyib.
Sonra Nəzakət Teymurovanın ifasında Azərbaycanın və Türkiyənin milli musiqiləri, eləcə də muğamlar dinlənilib.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbir çərçivəsində Azərbaycanın milli mətbəxinin Novruz Bayramına aid şirniyyatları qonaqlara təqdim edilib.