Diaspor quruculuğu və lobbişilik fəaliyyəti prioritet məsələdir - TƏHLİL

18 Mart 2022 19:27 (UTC+04:00)

Diaspor və lobbiçilik fəaliyyəti hər zaman öz aktuallığını qoruyub və hazırda dəyişən dünya düzənində bu fəaliyyət daha prioritet hesab olunur. Ələlxüsus milli maraqların, dəyərlərin qorunması baxımından diaspor və lobbiçilik fəaliyyəti həqiqətən də çox vacib fəaliyyət sahəsi sayılır ki, bu mənada həmin fəaliyyət sahəsinə dövlətin diqqət və qayğısının günü-gündən artması məqsədəuyğundur.

Xatırladığımız kimi, hələ ötən əsrin sonlarında, daha dəqiq desək, 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmiz ciddi problemlər yaşadığı bir zaman, xüsusilə siyasi-iqtisadi böhran, daxili çəkişmələr, həmçinin Ermənistanla müharibə şəraiti Azərbaycanın bir dövlət olaraq mövcudluğunu sual altında qoyduğu vaxt Ermənistan tərəfi məkrli planlarını gerçəkləşdirirdi, üstəlik bütün dünyada Azərbaycan əleyhinə təbliğat aparırdı və məhz bu zaman diaspor quruculuğuna və lobbiçiliyə ehtiyac duyulurdu. Xarici havadarların köməyi sayəsində müharibədə, eləcə də informasiya mübarizəsində üstünlük əldə edən Ermənistanın çirkin planlarının qarşısını almaq, vəziyyəti öz xeyrimizə dəyişmək və haqq səsimizi dünyaya çatdırmaq üçün sözsüz ki, qüdrətli dövlət və güclü lobbinin yaradılması çox vacib idi.

Xalqın qətiyyətli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev öz müdrikliyi, uzagörənliyi, qətiyyəti ilə bütün məsələləri sahmana saldı. Ulu Öndərin rəhbərliyi ilə ictimai-siyasi sabitlik bərqərar oldu, dövlətin demokratik əsaslarla idarə olunmasını təmin edən ən mütərəqqi qanunvericilik bazası formalaşdırıldı və ümumiyyətlə bütün istiqamətlərdə, xüsusən də diaspor quruculuğu və lobbişilik istiqamətində ciddi addımlar atıldı. Ümummilli Lider xarici səfərlərdə olarkən həmin ölkədə yaşayan azərbaycanlılarla görüşə xüsusi vaxt ayırır, onlarla görüşlər təşkil edir, Azərbaycanla, həmçinin başqa ölkələrdə yaşayan azərbaycanlılarla sıx əlaqə saxlamaları üçün onlara öz dəyərli məsələhətlərini verirdi və beləliklə də diaspor quruculuğu, lobbiçilik fəaliyyəti istiqamətində ilkin addımlar atılırdı. Məhz bu baxımdan cəsarətlə deyə biərik ki, Ulu Öndər Heydər Əliyevin bu uzaqgörənliyi sayəsində diaspor quruculuğu, lobbiçilik fəaliyyəti formlaşmağa başladı və ölkəmizin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ümumiyyətlə, milli birliyimizin təməli də Ümummilli Liderimiz tərəfindən qoyulub və unutmaq lazım deyil ki, Ulu Öndər Heydər Əliyev Naxçivan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, daha dəqiq desək, hələ 1991-ci il dekabrın 16-da məhz 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi, hansıki bundan sonra hər il 31 dekabr həmrəylik günü kimi bütün dünya azərbaycanlıları tərəfindən böyük coşqu ilə qeyd olunur.

“Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Ümummilli Lider Heydər Əliyevin 23 may 2001-ci il tarixində imzaladığı sərəncam dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi, icmalar, cəmiyyət və birliklərarası fəaliyyətin genişləndirilməsi, müntəzəmliyin təmin olunmasına böyük bir tövhə oldu. Bu sərəncamdan bir neçə ay sonra, yəni həmin ilin nöyabr ayında Bakıda keçirilən və 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonağın iştirak etdiyi Dünya Azərbaycanlılarının I Qurultayı böyük bir prosesin başlanğıcı kimi diaspor quruculuğu və lobbiçilik tariximizə qızıl hərflərlə yazıldı. “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Ulu Öndərin 2002-ci il iyulun 5-də imzaladığı fərmanla lobbiçilik fəaliyyətinin mütəşəkkilləşməsinə start verildi. Bu siyasi xətti əsas olaraq qəbul edən, güclü diasporun formalaşdırılması, həmçinin qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinin əhəmiyyətini nəzərə alan cənab Prezident İlham Əliyev “Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” 2008-ci il noyabrın 19-da fərman imzaladı və artıq tam hüquqi baza da yaradıldı.

Diaspor anlayışı ümumiyyətlə beynəlxalq münasibətlərin vacib elementinə çevrilməkdə olduğu günümüzün reallığıdır və elə məhz qloballaşan dünyanın reallıqları özü diaspor quruculuğu sahəsində yeni vəzifələri qarşıya qoymaqdadır. Nəzərə çatdıraq ki, 46 ölkədə 417 cəmiyyət, assosiasiya, alyans və digər qurumları özündə birləşdirən və aktiv lobbiçilik fəaliyyətini formalaşdıran Diasporla İş üzrə Dövlət Komitəsi 4 ərazi şöbəsi vasitəsilə dünyadakı diasporla six əlaqə yaradıb, hansıki Rusiyada 85, Gürcistanda 48, Almaniyada 34, İsveçdə 31, ABŞ-da 25, Türkiyədə 23, Qazaxıstanda 21, Kanadada 16, Özbəkistanda 13, Niderlandda 11 və İsveçrədə 10 təşkilat olmaqla 11 ölkədə fəaliyyət göstərir. Xüsusilə qeyd etmək lazımdır ki, lobbiçilik və onun hərəkətverici qüvvəsi olan diasporun əsasını üzvlərinin, dünya azərbaycanlılarının milli birliyi təşkil edir və dövlətimiz də buna önəm verməkdədir.

Azərbaycan xalqının milli həmrəylik hissinin yüksək olduğunu ötən əsrin 90-cı illərində baş verən Milli Azadlıq Hərəkatı zamanı bütün dünya gördü. Müstəqilliyimizin, suverenliyimizin bərpa edilməsi uğrunda 20 yanvar gecəsi canlarından keçən vətəndaşlarımız bu milli birliyimizin, həmrəyliyimizin olduğunu qətiyyətlə sübut etdilər. Hətta ötən əsrin sonlarında, birinci Qarabağ müharibəsi zamanı da qəhrəmanlarımızın canlarını vətən uğrunda fəda etmələri həmrəyliyimizin, milli birliyimizin nümunəsi idi. Nəhayət, ermənilər tərəfindən 30 il işğal altında saxlanılan torpaqlarımızın 2020-ci ildə cəmi 44 gün ərzində işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi də həmrəyliyimizin, milli birliyimizin təntənəsi oldu. Ölkə rəhbərinin, cənab Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, siyasi iradəsi, qətiyyəti ilə, eləcə də ordumuzun şücaəti və xalqımızın birliyi, həmrəyliyi ilə işğal altında saxlanılan vətən torpaqları işğaldan azad edildi. Bu savaşda milli birliyimiz bizi bir yumruğa, dəmir yumruğa çevirdi və düşmənin başının ən tez zamanda əzilməsində xüsusi rol oynadı. Baxmayaraq ki, dövlətimiz ordumuzu bütün istiqamətlərdə təchiz edirdi, xalqımız da cəbhə xəttində döyüşən igid övladlarının arxasında dağ kimi dayandı və bu xalqın ən yaşlı nümayəsindən tutmuş, azyaşlı uşaqlarına qədər əsgər və zabitlərimizə mənəvi dəstək oldu.

Sözsüz ki, savaş təkcə döyüş meydanında getmirdi və öz növbəsində informasiya müharibəsi də gedirdi. Düşmən öz məkirli niyyətinə çatmaq üçün bütün dünyada yalançı təbliğat və təşviqat kompaniyaları keçirməyə cəhd edirdi. Bir zamanlar dünyaya öz haqq səsini ucalda bilməyən Azərbaycan artıq bunu edə bildi və ermənilərin səyləri bu istiqamətdə də nəticəsiz qaldı, bu savaşda da məğlub oldular. Bütün bunların öhdəsindən məhz diaspora və lobbiçilik fəaliyyəti sayəsində gəlindi və xüsusilə xatırlatmaq yerinə düşərdi ki, artıq erməni lobbisi dünyanın harasında olur-olsun anti-Azərbaycan tədbiri keçirməyə cəhd etsə, mütləq mütəşəkkil və güclü Azərbaycan lobbisi ilə qarşılaşmalı olur. Məhz bu baxımdan diaspora və lobbiçilik fəaliyyətinə yüksək səviyyədə dəstək verir. Elə bu səbəbdəndir ki, Azərbaycan lobbisi dünyanın ən güclü lobbilərindən biri sayılır və bu da koordinasiyalı fəaliyyət nəticəsində mümkün olub. Çünki diaspor quruculuğu, lobbiçilik fəaliyyəti dövlət siyasətində prioritet məsələ hesab olunur. Hər il dövlət hesabına dünyanın ən yüksək səviyyəli ali məktəblərində təhsil almağa göndərilən yüzlərlə gənc diaspor quruculuğu və lobbiçilik fəaliyyəti potensialının artması deməkdir. Eləcə də Heydər Əliyev Fondunun, Fondun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın zəngin mədəniyyətinin, incəsənətinin dünyada təbliğ edilməsində müstəsna xidmətləri lobbiçilik və milli həmrəyliyin təşəkkül tapmasında xüsusilə əvəzsiz rol oynayır. Bütün bunların sayəsində Azərbaycan diaspor quruculuğu və lobbiçilik fəaliyyəti sahəsində nailiyyətlər qazanmaqda, inkişaf etməkdə davam edir. Bu faktı təsdiq edən ən tutarlı arqument isə ondan ibarətdir ki, hazırda işğalçı Ermənistan məhz erməni lobbisinin, diaspor təşkilatının göndərdiyi dilənçi payına möhtac olması fonunda, Azərbaycan diaspora quruculuğunun daha da genişləndirilməsinə, lobbiçilik fəaliyyətinin gücləndirilməsinə maliyyə dəstəyi verir, inkişafı üçün lazım olan bütün köməklikləri göstərir.

İnam Hacıyev

6.3.14. - "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.