Novruz süfrəsi neçəyə başa gəlir? - ARAŞDIRMA

18 Mart 2022 15:20 (UTC+04:00)

Dəyişkən havasına, daim əsən küləyinə nəzər salsaq Bakıda yazın gəlişi bir o qədər də hiss olunmur. Bir gün günəşli, bir gün çirkinli havası ilə Bakı daha çox payızı xatırladır

Bayramın çoxları üçün əsas atributu isə bayram günü açacağımız süfrə, o süfrəyə düzəcəyimiz naz-nemətdir. Bu yazımızda ən yaxşı və eyni zamanda ən qənaətli bayram süfrəsini necə açmaq barədə xırda detallar yer alacaq.

Hamımız bilirik ki, xalqımızın min illərdən bəri ən əziz bayramı olan Novruz bayramında süfrəmizin “olmazsa olmaz” atributları olmalıdır. Bu səmənidən tutmuş bayram plovuna qədər bir çox elementi əhatə edən bir detaldır. Bayram plovu, bayram xonçası, çərəzlər, səməni, meyvələr– ümumiyyətlə bir süfrədə nələr olmalıdırsa o ərzaqların bazar-dükan qiymətləri ilə sizi tanış etmək qərarına gəldik. Yazıdakı qiymətlər orta bazar qiymətləri əsasında hazırlanıb.

Deməli, 4-5 nəfərlik ailə üçün bayram süfrəsinin neçəyə başa gəldiyini araşdıraq. Beləliklə, bayramda dəmləyəcəyiniz plov üçün normal düyünün bir kiloqramını 3 manata əldə edə bilərsiniz. Plovun qarası üçün lazım olan ət və ya toyuq üçün də pul xərcləmək lazımdır. Əgər plovun qarasını qırmızı ətdən hazırlamaq istəsəniz bunun üçün sizə qoyun əti lazım gələcək ki, onun da kilosu 14-15 manat arasında dəyişir. Əgər plovun qarasını toyuqdan hazırlamaq istəsəniz bunun üçün sizə 5-7 manat lazım olacaq. Plov üçün gərək olacaq şabalıdın kiloqramı 7-8 manatdır, kişmişin qiyməti isə təxminən 5-10 manat civarında dəyişir. Digər meyvə quruları isə 5-15 manat arasında dəyişir. Bayram aşı üçün kərə yağı lazımdır ki onun da kiloqramı 17-20 manat arasındadır. Deməli təxminən hesablasaq, bayram aşı bu ailəyə ən azı 30 manata başa gələcək.

Bayram plovundan başqa digər yeməklər üçün isə minimum 30 manat pul lazım olacaq. Bu dolma, ləvəngi, qovurma kimi yeməklər ola bilər. Siz öz süfrənizdə nisbətən baha başa gələcək olan müxtəlif kababları da görmək istəsəniz 4-5 nəfərlik bir ailənin bayram süfrəsindəki kabab üçün minimum 30 manat lazımdır. Azərbaycan xalqı daha çox ətli yeməkləri sevdiyi üçün bayramdakı yeməklərdən ən azı ikisi ət tərkibli olur.

Bayram süfrəsinin bəzəyi hesab edilən balıq isə növündən asılı olaraq 5-20 manata təklif edilir. Qoz-fındıq-badamın kilosu 5-10 manat arasında, ləpəsinin qiyməti isə 15-20 manat civarındadır. Meyvələr üçün isə nisbətən az pul lazımdır. 1 kq. alma 1 man, armud 2 man., nar 4 man., üzüm- 3 man., 1 ədəd ananas 5 manata təklif edilir. Mandarin və heyva üçün hərəsinə 2 man. kifayət edər. Bayram xonçasına qoyulacaq innabı 4 manat, iydəni 5 manata almaq olar.

Bayramın əsas atributlarından biri olan səməni isə bu il əvvəllki illərə nisbətən daha ucuzdur. Əgər orta ölçülü bir səməni üçün ötən il 1 manat ödəməli olurduqsa bu il bu qiymət 2 manat təşkil edir. Daha bahalı və daha böyük səməni də almaq mümkündür. Ümumiyyətlə bayram süfrəsinə qoyacağımız səmənini 2 manatdan tutmiş 20 manata qədər müxtəlif ölçülərdə ala bilərsiniz. Əslində isə səmənini hər kəs evdə göyərtməlidir. Bu, bayramın əsas qayəsidir- evdə bərəkət rəmzi, bayram simvolu kimi qəbul olunur.

Bayram xonçasına, eləcə də bayram süfrəsinə qoymaq üçün Novruzun ən vacib 5 atributu da var. Bunlar paxlava, şəkərbura, badambura, qurabiyyə və qoğaldır. Bütün bayram boyunca süfrələrimizin ən ləziz şirniyyatlarından olan paxlavanın hazırlanması üçün də kifayət qədər pul xərcləmək lazım gəlir. Belə ki, bir məcməyi paxlava və şəkərbura üçün bizə aşağıdakı ərazaqlar lazım olacaq. 1 kq. un – 1 manat, 1 kq. şəkər tozu – 1.50 manat, 1 kq. qoz-fındıq ləpəsi – 15 manat, 0.5 kq. yağ – 10 manat, yumurta, maya və lazım olan ədvalar üçün isə 5 manat kifayətdir. Azı 30 manat xərc tutacaq.

4-5 nəfərlik bir ailə üçün digər şirniyyatlar üçün isə nisbətən az– sayından asılı olaraq təxminən 15-20 manat tələb olunur.

Təbiidir ki, hər əziz süfrənin ən az 2 çeşid salatı, qəlyanaltısı olur. Salatlar üçün bizə 20 manat kifayət edər. Bu pula xama, göy noxud, konservləşdirilmiş qarğıdalı, mayonez və s. kimi salat elementləri ala bilərik.

Geriyə qaldı bayram içkiləri. Adətən Azərbaycanda Novruz axşamı spirtli içki içilmir. Bu dədə-babadan qalma adətdir. Bu bayram Azərbaycanda müqəddəs hesab edildiyi üçün bayram gecəsi spirtli içkilərdən uzaq durulur. Amma hər bir halda bayram axşamında süfrəsində ən azı şərab görmək istəyən oxucumuz üçün qeyd etmək lazımdır ki, normal şərabı azı 10 manata əldə etmək olar. Yox, əgər daha keyfiyyətli şərab içmək istəyirsinizsə bunun üçün 30-50 manatınızdan keçməli olacaqsınız. İndi 200-500 manata da şərab təklif edilsə də bu şərabdan içmək çox insana müyəssər olmur. Meyvə şirələri və müxtəlif sular üçün isə 10 manat yetərlidir.

Beləliklə, Novruz bayramında açılacaq süfrə üçün uyğun qiymətlər belədir. Ümumiləşdirsək, 4-5 nəfərlik ailənin bayram süfrəsi üçün ən azı 100 manat pul lazımdır. Bir qədər qənaət etsək bu qiymətləri öz büdcəmizə uyğun hala da gətirə bilərik.

Bayram axşamında ən vacib olan şey bütün ailənin birlikdə olması, böyüklərlə eyni süfrə arxasında oturmaqdır. O süfrə bəzən sadə, bəzən zəngin ola bilər. Əsas olan süfrə arxasında bütün səmimiyyətimizlə və könül xoşluğumuzla oturmağınız və bu əziz bayramı birgə qeyd etməyimizdır.

2022-cü ilin Novruzu hamımıza ruzi-bərəkət, sevgi gətirsin. Ocaqlarımız sönməsin, süfrəmiz bol, məhsulumuz bərəkətli, qəlbimiz təmiz olsun. Bu bayram elimiziə obamıza xoş günlərin müjdəçisi olsun. Bayramınız mübarək!

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti çərçivəsində hazırlanıb.