“Azərbaycan xalqı əsrlər boyu Novruz bayramlarında zəngin adət-ənənə və dəyərlərini yaşadıb. Minilliklərdən keçib gələn bu qədim bu el bayramı tarix boyu qadağalara və təqiblərə məruz qalsa da, ölkəmizin maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edib, unikal mədəniyyət hadisəsi olaraq günümüzə qədər gəlib çatıb. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Novruz bayramı dövlət səviyyəsində qeyd olunur, ölkə başçısı xalqı rəsmi müraciətlə təbrik edir. Milli Məclisdə qəbul olunmuş "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram iş günü hesab edilmir. Ümummilli Lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qymətləndirmişdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Novruz bayramı nəinki Azərbaycanda, hətta Türkiyədə və Orta Asiyada yerləşən türk dövlətlərində də qeyd edilir: “Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində 2003-cü ildə Azərbaycan muğamının YUNESKO tərəfindən "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri" elan olunması, aşıq sənəti, Azərbaycan xalçaları ilə bağlı həyata keçirilmiş genişmiqyaslı işlər mədəniyyət siyasətində dövlətimizin milli dəyərlərinin qorunmasına prioritet hesab etməsini təsdiqləyir. Bu istiqamətdə 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz bayramının qeyri-maddi, mədəni irsin reprezentativ siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin tarixində mühüm hadisədir. Azərbaycanın təşəbbüsü ilə BMT-nin 2010-cu il 23 fevral tarixində martın 21-ni Beynəlxalq Novruz Günü elan etməsi də bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verildiyinə dəlalət edir”.
Deputat sözlərinə belə davam edib: “Hətta 2019-cu ildə Novruz bayramının UNESCO-nun Qeyri-maddi, mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə UNESCO-nun Baş gərargahında təntənəli tədbir keçirilmişdir. Azərbaycan mədəniyyətinin mühüm hadisəsi olan bu bayramın YUNESKO-nun mədəni irsi elan olunmasının arxasında gərgin əmək və uzaqgörən siyasət dayanır.
Müstəqil Azərbaycan ancaq 20 ildir ki, Novruzu dövlət bayramı kimi qeyd edir. İyirmi il ərzində bu bayram, doğrudan da, həm rəsmi bayram kimi qeyd edilir, həm geniş şəkildə bütün ölkəmizdə hər bir Azərbaycan vətəndaşı baharın gəlişinə sevinir, hər bir Azərbaycan ailəsi bu bayram günlərində bir yerdə olur. Bir neçə il bundan əvvəl Azərbaycanda Novruz bayramının beş gün qeyd edilməsi ilə bağlı imzalanmış sərəncamın da məqsədi məhz ondan ibarət idi ki, bu günlərində hər bir Azərbaycan ailəsi bu bayramı bir yerdə qeyd etsin, hər kəs yaxınlarını, qohum-əqrəbalarını ziyarət etsin, birlik olsun”.
Ayşən Vəli