Rusiyanın Odessaya hücumu an məsələsidir

18 Mart 2022 12:11 (UTC+04:00)

Rusiyanın Ukraynanın mühüm liman şəhəri Odessaya hücumu an məsələsidir. SİA xarici mətbuata istinadən xəbər verir ki, şəhər qorxu ilə Qara dənizdə yerləşən Rusiya donanmasının növbəti addımını gözləyir.

Digər tərəfdən, ekspertlər bunun bir taktika olduğunu və Rusiyanın Ukraynanı aldatmağa cəhd etməklə tamamilə başqa hədəfini gizlətdiyini iddia edib. Hərbi taktiki analitiklərin fikrincə, Rusiya faktiki olaraq ordunu digər batalyonlarla birləşdirərək Ukraynanı ölkənin cənubundan mühasirəyə almağı və son bir hərəkətlə müharibədə qalib gəlməyi planlaşdırır. Rusiya dəniz qüvvələri bir müddətdir gözlənilən Odessa hücumu üçün Qara dənizdə toplaşmağa davam edir. Orduya nəzarət edən və gedişləri bir-bir təhlil edən ekspertlər hesab edir ki, bu, Ukrayna ordusu generallarının fikrini yayındırmaq və əsl hədəfi gizlətmək üçün bir hiylədir.

Ruslar Ukrayna donanmasının episentri olan Odessaya hücum etmək əvəzinə, bu yerdən yan keçib Nikolayevdən davam etməli və əvvəlcə şimala getmiş kimi davranaraq cənubdan Ukraynanı keçməli olublar. Onun Rusiya sərhədinə yaxın Donetsk və Luqanskdan zərbələr endirməyi planlaşdırdığı bildirilir.

Rus generalların bu planı doğrudursa, Putinin müharibə başlayandan bəri iddia etdiyi məqsədinin “Ukraynanı tərksilah etmək” olduğunu düşünmək olar. Bu, rusların Ukraynanın böyük şəhərlərinin arxasınca getməməsi, sadəcə olaraq Ukrayna ordusunu bir dairədə tələyə salıb nəzarət altına almaq istəməsi kimi yozula bilər.

Ləman Əlizadə