Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edib. Cənab Prezident Güləş Federasiyasını və gənc idmançılarımızı təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. SİA olaraq qaliblərimizin və qurum rəsmilərinin təəssüratlarını öyrəndik.

Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov: “Azərbaycan güləşçiləri Bolqarıstanda keçirilən 23 yaşa qədər Avropa Çempionatında uğurla çıxış edib. Yarışda Yunan-Roma güləşi, sərbəst və qadın güləşi üzrə idmançılarımız Azərbaycana qalib bir vəziyyətdə geri dönüb. Nəticə olaraq komanda hesabında Azərbaycan güləş milli yığması birinci yerə çıxıb. Bu böyük bir tarixi nəticədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün Güləş Federasiyasının yığma komandasını və Avropa çempionatının qaliblərini, məşqçilər və Federassiya rəsmiləri ilə görüşüb. Cənab Prezident yeni Gənclər və İdman Nazirini təyin edərkən tapşırıqlar əsasında yenilənmə işinin aparılması barədə tapşırığ verib və bu proses bu gün də davam etdirilir. Eyni zamanda cənab Prezident Güləş Federasiyasında son dəyişiklikliyə qədər olan dövrə toxunmuş və bəzi məqamların narahatçılıq doğurduğunu bildirib. Görüş zamanı cənab Prezident federasiya rəhbərlərinə, idman mütəxəssislərinə, Gənclər və İdman Nazirliyinə bildirib ki, bütün idmançılara qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün şərait yaradılmalıdır. Bunun nəticəsində yüksək səviyyədə uğurların gözlənilməsi zəruridir. Bu iki amil bizim uğurumuzun əsasını təşkil edir. Cənab Prezident həm də müharibədə böyük məharətlə iştirak etmiş Azərbaycanın müzəffər ordusu haqqında və bu orduda məhz gənclərin xidmət etməsi barədə məlumat verdi. Bununla da cənab Prezident bütün dünyaya bir mesaj verdi ki, Azərbaycanın güclü ordusu və sağlam gəncliyi var”.
Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı: “Azərbaycan güləşi hər zaman nəticə baxımından Azərbaycan idmanının flaqmanı rolunu oynayıb. İdman sahəsində yüksək nəticələri güləş üzrə almışıq. Sevindirici haldır ki, 2022-ci ilə güləşçilərimiz inamla başlayıb. Artıq bir neçə beynəlxalq turniri uğurla başa vuraraq, Avropa çempionatında iştirak etdik. 23 yaşadək Avropa çempionatında tarixi nəticə qazandıq. Bu yarışda Azərbaycan güləşində rekord nəticələr əldə etdik. Bunun nəticəsi olaraq cənab Prezident İlham Əliyevin idmançılarımızı qəbul etməsi, təbii ki, bizim üçün böyük qürur hissidir. Əlbəttə, bu görüş bizim gələcəkdəki yarışlarda uğur qazanmağımız üçün böyük motivasiya oldu. Qarşıda bizi böyüklər arasında Avropa çempionatı gözləyir. Bu yarışlara da ikiqat əzimlə çalışıb əlimizdən gələni edəcəyik ki, Prezidentin bizə olan etimadını doğruldaq, Azərbaycan xalqını sevindirək”.

Yunan-roma güləşi üzrə idmançı Nihad Məmmədli: “Bu gün cənab Prezident bizi əldə etdiyimiz nəticəyə görə şəxsən özü təbrik etdi. Bu bizə əlavə stimul ve həvəs verdi. Bunun üçün mən Prezidentimizə minnətdarlığımı bildirirəm. Biz də çalışacıyıq ki, bundan sonrakı zamanlarda da bayrağımızı daim uca tutaq, himnimizi digər ölkələrdə səsləndirək”.

Sərbəst güləş üzrə idmançı Zirəddin Bayramov: “Mən çox sevinirəm ki, bizim İlham Əliyev kimi Prezidentimiz var. Onun güləş idman növünə və güləşçilərə gösdərdiyi qayğı və dəyər danılmazdır. Bu gün bizimlə görüşməsi də bunun bariz nümunəsidir. Həmçinin bu görüş bizi ruhlandırdı, rəqiblərimizə qarşı gücümüzü daha da artırdı. Federasiyanın rəhbəri Namiq Əliyev və məşqçilər korpusu da bizə dəstəyini və köməyini əsirgəmir. Mən öz adımdan Prezidentimizə və fedarasiya rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”.

Qadın güləşi üzrə idmançı Jalə Əliyev: “Cənab Prezident İlham Əliyev bu gün bizlərlə görüşdü. Bolqarıstanda keçirilən Avropa çempionatındakı qələbəmizi, məşqçilərimizi və Güləş Federasiyasını təbrik edərək uğurlar arzuladı və bildirdi ki, bu nəticə həm medalların sayına, həm də əyarına görə Avropa tarixində Azərbaycan güləşi üzrə rekord göstəricidir. Komandamız 16 medal qazanıb. Bunlardan 7 qızıl, 2 gümüş, 7 bürünc medaldır. Komandamız 1-ci yerə layiq görülüb. Prezident bildirdi ki, Avropa birincisi olmaq böyük nailiyyətdir və dövlət himnimiz 7 dəfə səsləndirilib. İlham Əliyev qeyd etdi ki, siz idmançılar və sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəksiniz. Çünki bizim qələbəmiz əbədidir. Biz Qarabağı düşməndən azad edən və o torpaqlarda həyat quran xalqıq. Cənab Prezidentin dediyi kimi bizim qələbəmiz əbədidir. Bu sürprizlər bizə daha çox stimul verir. Cənab Prezidentə idmana və idmançılara göstərdiyi diqqətə, qayğı və məhəbbətə görə dərin təşəkkürlərimi bildirirəm”.