Şuşa öz ruhuna qayıtdı - NAZİR DANIŞDI

17 Mart 2022 18:54 (UTC+04:00)

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət naziri Anar Kərimovun iştirakı ilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə dövlət təltiflərinə layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin bir qrupu mükafatlandırılıb.
Tədbir Mədəniyyət Naziri Anar Kərimovun çıxışı ilə başlayıb.

“Bu gün bizim üçün əlamətdar bir gündür. Mədəniyyyət və ictimaiyyət xadimlərimizə böyük diqqət göstəririk”. Bu sözləri çıxışı zamanı Mədəniyyət naziri Anar Kərimov bildirib. Onun sözlərinə görə, bu gün cənab Prezident tərəfindən bir qrup mədəniyyət xadimiz mükafatlandırılır: “Bu bizim dövlətimizin mədəniyyət xadimlərinə olan diqqət və qayğısının göstəricisidir.

Hamımız bilirik ki, Qarabağsız Azərbaycan mədəniyyəti yarımçıq idi. Biz tək torpaq deyil, eyni zamanda mədəniyyətimiz baxımından da 30 ildir ki, Qarabağ həsrəti çəkirdik. Biz Qarabağa həm də mədəniyyətimizin dirçəldilməsi ilə qayıdırıq. Keçən il Şuşada bir çox tədbirlər keçirildi, bu tədbirlərin keçirilməsi davam edir. Şuşa 30 ildən sonra artıq öz ruhuna qayıtdı.

Müharibə bitsə belə, informasiya müharibəmiz hələ də davam edir. Bu istiqamətdə mədəniyyətimizin də üzərinə böyük yük düşür. Bu işdə mədəniyyət xadimlərinin və Mədəniyyət Nazirliyinin də üzərinə böyük məhsuliyyət düşür. Bu işdə sizlərə böyük ehtiyacımız var. Siz bizim mədəniyyətimizin daşıyıcılarısınız. Məhz sizlərin də sayəsində biz mədəniyyətimizi bütün dünyaya tanıtdırmalıyıq. Siz bizim mədəniyyətimizə böyük töhvələr vermisiz. Bunun nəticəsidir ki, bu gün artıq cənab Prezident tərəfindən mükafatlandırılırsınız”.

Səbinə Hüseynli