“Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qardaş və dost ölkənin, Birləşmiş Ərəb Əmirliklərinin tanınmış enerji şirkətlərindən olan “Masdar” şirkəti ilə Qaradağ rayonunda bərpaolunan enerji layihəsinin təməli qoyulub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.
Onun sözlərinə görə, ilin əvvəlində də Azərbaycana dost ölkə olan Səudiyyə Ərəbistanın "ACWA Power" şirkəti ilə belə bir layihənin həyata keçirilməsi ilə bağlı təməl qoyulmuşdur: “Bu onu göstərir ki, Azərbaycana xarici dövlətlərin investisiya qoyması üçün münbit şərait yaradılmışdır. Xüsusən də bərpaolunan enerji sahəsində dünyanın tanınmış aparıcı şirkətləri tərəfindən belə bir layihələrin investisiya olunması, həmçinin bu layihələrin Azərbaycanda keçirilməsi çox əlamətdar bir hadisədir. Bu gün dünyada, xüsusən Azərbaycana qonşu olan ölkələrdə, Avropa ölkələrində də elektrik enerjisinə çox böyük təlabat var. Azərbaycan artıq elektrik enerjisini ixrac edən ölkələrdən birinə çevrilib. Nəzərə alaq ki, Azərbaycan bu sahədə özü-özünü təmin edir və onu da nəzərə alaq ki, hər hansı bir ölkə elektrik enerjisi ilə özünü təmin edə bilmirsə o ölkənin inkişafından söhbət belə gedə bilməz. Amma Azərbaycan bu sahədə cənab İlham Əliyevin rəhbərliyi ilə çox uğurlu bir yol keçib. Bərpaolunan enerjinin Azərbaycanda həyata keçirilməsi böyük potensialdır. Gələcəkdə də bu sahədə elektrik enerjisini istehsal edib həm region ölkələrinə, həm də Avropa ölkələrinə ixrac edərək Azərbaycan bu sahədə də nümunəvi bir addım atacaq. Bununla da ölkəmizin yeni əməkdaşlıq platformalarında, həmçinin gələcəkdə beynəlxalq aləmdə yerini və rolu daha da artacaq. Eyni zamanda ölkəmiz əlavə valyuta gəliri ilə təmin olunacaq. Bu da ölkəmizin ümumi inkişafına böyük töhfə verəcək".