Hamilə xanımlar üçün yoqa önəmlidir? - GİNEKOLOQ DANIŞDI

17 Mart 2022 15:33 (UTC+04:00)

“Hamiləliyin ilk ayından son ayına kimi xanımlar idmanla məşğul ola bilərlər. Sadəcə olaraq hər ay fərqli hərəkətlər edilməlidir. Yəni ilk ayda edilən idmanı son ayda etməyə təbii ki, icazə yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında ginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, bu cür kiçik dəyişikliklər edilməklə hamiləliyin ilk ayından son ayına kimi idmanla məşğul olmaq olar: “Təbii ki, burada hamiləlik fizioloji gedən hamiləlik olmalı, idmana heç bir əks göstərici, vaxtından qabaq doğuş təhlükəsi və bu kimi başqa problemlər olmamalıdır. Hətta bu zaman idmanla məşğul olmaq xanımın sağlamlığı baxımından əhəmiyyət kəsb edir.

Eyni zamanda yoqa da hamilə xanımlar üçün çox önəmlidir. Çünki yoqa zamanı insanlarda fiziki, əqli, ruhi-bir sözlə bütün sferalarda inkişaf gedir. Hamiləlik zamanı onurğaya yük düşür. Buna görə hamilə xanımlar yeriyən, oturub-duran zaman bir narahatlıq hiss edirlər. Yoqa zamanı isə bu ağırlıq tənzimləndiyi üçün hamilə xanımların özlərini çox yüngül hiss etməsinə səbəb olur. Buna görə də hamilə xanımlara hamiləlik dövründə yoqa ilə məşğul olmağı şiddətlə məsləhət görürük”.

Səbinə Hüseynli