"Belə bir ənənə əslində sovet dövründən miras qalıb. Belə ki, o vaxt hotellərdə nikah şahadətnaməsi olmadan ər-arvad olsa belə, bir otaqda qalmağa icazə verilmirdi. Buna görə də ailənlə harasa istirahətə gedirdinsə, mütləq “VVAQ” kağızın yanında olmalıydı. Görünür ki, bu ənənəni bir çox bölgələrimiz hələ də yaşadır. Əslində hoteldə gecələmək üçün hər bir vətəndaş xüsusi forma - gəliş vərəqəsini doldurur və orada öz şəxsiyyət vəsiqəsinə dair göstəricilərini: soyadı, adı, doğum tarixi, daimi yaşayış yerinin ünvanı və s. qeyd edir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, Azərbaycanda mehmanxanaların fəaliyyətini tənzimləyən hər hansı hüquqi-normativ akt yoxdur: Ölkədə qüvvədə olan qanunvericilikdə mehmanxanaların göstərdiyi qonaqlama xidmətindən istifadə edərkən xidmət istehlakçılarının təqdim etməli olduqları sənədlərin siyahısı öz əksini tapmayıb. Nikah şəhadətnaməsinin tələb edilməsi və bu səbəbdən xidmətin göstərilməsindən imtina edilməsi həmin şəxslərə qarşı ayrı-seçkilikdir.
Fariz Əkbərov sözlərinə belə davam edib: "Yalnız mülki məcəllədə mehmanxanalarda əmlakın saxlanılması, qəbul edilməsi, əmlaka dəymiş ziyanla bağlı münasibətlər tənzimlənir. Digər məsələlərin tənzimlənməsi ilə bağlı isə normativ-hüquqi akt yoxdur. Bu mülki məcəllənin 450-ci maddəsi ilə tənzimlənir. Ancaq məcəllədə mehmanxana və istirahət mərkəzlərində əks-cinslərə otaq verilib-verilməməsi təsbit olunmayıb".
Ayşən Vəli