“Bu gün “Vətəninfo.az” İnformasiya Agentliyi 10 yaşını qeyd edir. Bu gün həmçinin mənim də 47 yaşım tamam olur. Biz 10 il öncə 17 mart tarixində bu yola çıxdıqda qarşımıza qoyduğumuz əsas məqsədlərdən biri ölkəmizdə ictimai-siyasi proseslərə təsir edən, həmçinin öz dəst-xətti olan bir media qurumu yaratmaq istədik. Mən 47 illik ömrümün 23 ilini mətbuata həsr etmişəm. 10 ildir ki, “Vətəninfo.az” saytındayam”. Bu sözləri SİA-ya açıqlamasında “Vətəninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlı deyib.
Onun sözlərinə görə, 10 yaşa gəlib çatmaq heç də asan olmadı: "Bu 10 il ərzində çox problemlərimiz oldu. Amma məqsədimizdən əsla vazkeçmədik. Amalımız Azərbaycan dövlətinə və xalqına xidmət etmək, ölkəmizdəki hadisələri düzgün şəkildə cəmiyyətə çatdırmaq olub. Zaman gələcək 15, 20, 30 illiyimizi qeyd edəcəyik.
Biz ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti müdafiə etmişik və bundan sonra da edəcəyik. Qurumumuz Ümummilli Lider Heydər Əliyev ideoloji xəttinə sadiqdir. Çünki dövlətimizin inkişafını, xalqımızın rifahını, torpaqlarımızın azad olunmasını Ulu Öndər Heydər Əliyevə və onun davamçısı cənab İlham Əliyevə borcluyuq".
Nahid Canbaxışlı sözlərinə belə davam edib: “Tarixdə iki şəxsiyyət xalqın və millətin qəhrəmanına çevrilə bilib ki, onlardan biri Nadir şah, digəri isə cənab İlham Əliyevdir. Cənab Prezidentin daxili və xarici siyasətini dəstəklədiyim üçün özümü xoşbəxt hiss edirəm. Həmçinin mən Qarabağ qazisiyəm və düşünürəm ki, Azərbayacn qaziləri hər biri cənab Prezidentin ətrafındadır. Qurumumuz 10 illik fəaliyyəti dövründə dövlət orqanları ilə əməkdaşlıq edib, beynəlxalq seminarların iştirakçısı olub, sertifikatlara laiq görülüb, müəyyən mükafatlar alıb. Bütün bunlar bizə olan inam və etibarın bariz nümunəsidir.
Mən hesab edirəm ki, “Vətəninfo.az” Vətən üçün az şey etmədi və bu 10 ildə imkanları daxilində əlindən gələni etdi. Bizim dönüb arxaya baxdıqda təəsüflənəcəyimiz günümüz yoxdur. Problemlərimiz olub ki, onları da aşmağı bacarmışıq”.
Ayşən Vəli