Hər şeyi itirdik, amma canımız sağlamdır

17 Mart 2022 11:11 (UTC+04:00)

Bütün dünya Ukraynanın Zaporojya şəhərindən təkbaşına yola düşərək Slovakiya sərhəddinə çatan 11 yaşlı Həsən Piseckadan danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Həsən anasının qələmlə yazdığı telefon nömrəsi, pasportu ilə 1200 kilometr yol qət edib və Rusiya qüvvələrinin hücumuna məruz qaldıqdan sonra Slovakiya ilə sərhədə çatıb. Anası Yuliya əlil nənəsinə qulluq etmək üçün Ukraynada qalıb. Həsən Slovakiyaya gələndən bir neçə gün sonra anası və nənəsi ona qoşulub.

Həsənin anası Yuliya “Qatarla səyahət çox çətin idi. Balaca vaqonda yüzlərlə insan sıxılmışdı. Amma ailəmizə qovuşmaq üçün qaçmalı olduq. Hər kəsə ürəkdən təşəkkür edirəm. Biz sıfırdan başlamalıyıq. Hər şeyi itirdik, amma canımız sağlamdır" deyib.

Həsən Slovakiya sərhədinə çatanda onu könüllülər qarşılayıb. Sahib olduğu nömrədən Həsənin qohumları ilə əlaqə saxlayan səlahiyyətlilər onun Bratislavadan aparılmasını təmin ediblər. Həsəni qarşılayan məmurlar onu yemək-içməklə təmin edib, onun qorxmazlığına, cəsarətinə heyran qalıblar.

Ləman Əlizadə