"Türkiyə balanslı münasibət saxlayır" - LAVROV

16 Mart 2022 15:31 (UTC+04:00)

Qərb ölkələrinin Ukraynaya silah yardımı artıb, bu isə münaqişəni gücləndirib. SİA xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Rusiyanın paytaxtı Moskvada görüşüb.

Ukrayna ordusu qüvvələrinin demək olar ki, yarısını ölkənin şərqindəki münaqişə xəttində cəmləyib. ABŞ Kiyevə silah göndərməkdə davam edir. Türkiyəli həmkarı Çavuşoğlunu Moskvada salamlayan Lavrov bildirib ki, Rusiya və Türkiyənin Ukraynada baş verənlərlə bağlı eyni mövqeləri yoxdur, lakin bu münaqişəyə baxmayaraq, Türkiyənin səylərini yüksək qiymətləndirirlər.

Görüşdən əvvəl kameralar qarşısına keçən iki nazir jurnalistlərə açıqlama verib. Lavrovun açıqlamaları belədir:
"Ukrayna ilə bağlı bəzi fikir ayrılıqlarımız var. Ancaq Türkiyənin balanslı münasibəti bizim üçün çox dəyərlidir.
Əlbəttə, biz Ankaranın Montrö Konvensiyasından irəli gələn öhdəlikləri yerinə yetirmək üçün məsuliyyətli yanaşmasını da görürük və bu yanaşmanı yüksək qiymətləndiririk. Görüşümüzün əsas mövzusu Ukraynadakı vəziyyətdir. Heç kimə sirr deyil ki, bizim mövqelərimiz eyni deyil, lakin digər tərəfdən, mövcud vəziyyət kontekstində görülməli olan işlərə obyektiv yanaşmağa çalışan Türkiyənin mövqeyini yüksək qiymətləndirir və ona hörmətlə yanaşırıq".