İntihar edən insanlar niyə "qəhrəman" kimi qələmə verilir? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

16 Mart 2022 12:12 (UTC+04:00)

"Son günlərdə intihar xəbərləri sürətlə artır. Təəssüf ki, bu xəbərlər elə bir başlıqla yayılır ki, cəmiyyətdə qıcıq yaradır. İntihar xəbərləri psixoloji həssas insanları da buna sövq edə bilir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, bu cür insanların şüuraltında intihar problemlərdən çıxış yolu və ya ətrafdakı insanlardan alınan bir intiqamdır: "Bu səbəbdən intihar xəbərləri insanları bu addımı atmağa yönləndirə bilir".

Psixoloq sözlərinə davam edərək belə qeyd edib: "Digər bir səbəb isə intihar edən insanların "qəhrəman" kimi qələmə verilməsidir. Bu, özünü cəmiyyətdə təsdiq etməyə ehtiyacı olan, lakin bunu bacarmayan, hər kəs tərəfindən təriflənmək istəyən insanları cəsarətləndirir. Onlar intiharla cəmiyyətdə seçilən insan ola biləcəklərini düşünürlər.

Bütün bunları nəzərə alaraq, intihar xəbərlərinin belə bir şəkildə gündəm olması cəmiyyətə daha çox mənfi təsir göstərdiyini deyə bilərik".

Ləman Əlizadə