“Monax” ləqəbli terrorçu erməni “yeni müharibə” mümkünlüyündən danışdı ANALİTİK+AKTUAL

16 Mart 2022 09:11 (UTC+04:00)

Artur Ayvazyan: “Azərbaycan tərəfi istədiyi qədər irəliləyəcək, üstəlik, təhlükəsizlik ərazisi yaradacaq və bu yolla indiki Ermənistan ərazilərinin içlərinə qədər daxil olacaq”

Azərbaycanın Ermənistana verdiyi beş təklifindən, daha dəqiq desək, irəli sürdüyü şərtlərindən sonra erməni ictimai-siyasi rəyində kəskin çaşqınlıq və ziddiyyətlər yaşanmağa başlayıb. Xüsusilə, Azərbaycan tərəfindən rəsmi olaraq təsdiqlənməyən, ancaq Ermənistanın bir sıra informasiya mərkəzləri, həmçinin Qərbi Zəngəzurdakı inzibati rəhbərlikləri tərəfindən etiraf edilən mövqe dəyişiklikləri, yəni Azərbaycan Silahlı Qüvvələrinin Nerkin Hand kəndi istiqamətində bir kilometrə qədər irəliləməsi ətrafında gəzən söz-söhbətlər isə düşməni ciddi şəkildə təlaşlandırır. Bu iddia ilə bağlı Ermənistandakı fikir ayrılıqları vəziyyəti daha da gərginləşdirməkdədir.

Xatırladaq ki, Ermənistanın müdafiə nazirliyi azərbaycanlıların Qərbi Zəngəzurdakı Nerkin Hand kəndi ərazisində yerləşdiklərini təsdiqləsə də, bunun irəliləyiş olmadığını bildirib. “Biz xəbəri qəti şəkildə təkzib edirik. Azərbaycanın nəzarətində olan sözügedən ərazidə Azərbaycan bölmələrinin bir neçə mövqeləri var ki, kəskin hava şəraiti səbəbindən qışda istifadə etmək mümkün olmur. İndi hava şəraitinin dəyişməsi ilə əlaqədar Azərbaycan hərbçiləri yenidən həmin mövqelərə qayıdırlar. Hər hansı irəliləyişdən söhbət gedə bilməz”, müdafiə nazirliyinin məlumatında bildirilir.

Revanşistin “Azərbaycan Ermənistana bir neçə gün və ya həftə vaxt verəcək” iddiası diqqət çəkir

Bu arada, Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycana qarşı döyüşmüş “Monax” ləqəbli terrorçu Artur Ayvazyan müdaifə nazirliyinin sözügedən məlumatına qarşı çıxış edərək bildirib ki, Ermənistanın siyasi və hərbi rəhbərlikləri artıq Azərbaycanın irəli sürdüyü şərtlərini icra etməyə hazır olduqlarını nümayiş etdirirlər. SİA-nın xəbərinə görə, hakimiyyətin yeni müharibəyə hazır olmadığını “Past” qəzetinə deyən Artur Ayvazyan bildirib ki, Azərbaycan tərəfi istədiyi qədər irəliləyəcək, üstəlik, təhlükəsizlik ərazisi yaradacaq və bu yolla indiki Ermənistan ərazilərinin içlərinə qədər daxil olacaq.

Bu arada kiçik xatırlatma edək ki, Artur Ayvazyan 15 il həbsdə olub və o, 1999-cu ildə Ermənistan parlamentində baş vermiş terror aktında şahidlərdən birini qətlə yetirdiyinə görə həbsə atılmışdı. O, 44 günlük müharibədəki məğlubiyyətdən sonra Nikol Paşinyanı da ölümlə hədələdiyinə görə polis tərəfindən saxlanılaraq bir neçə sutkalıq həbs olunmuşdu. Bu gün həmin terrorçu yenidən gündəmə çıxıb.

Lakin bu arada ehtimallarımızdan nəticə hasil etməklə belə bir nəticəyə də gələ bilərik ki, əgər həqiqətən də Azərbaycan hərbçiləri yeni mövqelərə doğru irəliləyirlərsə, əslində həmin mövqelər Qarabağ münaqişəsi başlayarkən Ermənistan ordusu tərəfindən işğal edilmiş ərazilərdir və söz yox ki, bu ərazilər bilacasitə Azərbaycanın tarixi torpaqlarıdır. Ona görə də indi həmin torpaqları, əraziləri itirməyə başlayan ermənilər süni səs-küylər yaratmaqla, revanşist hissləri ilə vəziyyəti dəyişəcəklərini sanırlar. Amma anlamırlar ki, artıq onların qatarları çoxdan gedib və müharibəyə başlamaq deyil, ümumiyyətlə, bu barədə düşünməyə belə macal tapmadıqları halda Azərbaycan silahlı qüvvələri onların başları üzərində dayanacaq. Bu baxımdan, “mövcud vəziyyətdən ən təsirli çıxış yolu yeni müharibədir”, deyən erməni revanşisti görünür, hələ də reallığı anlamağa istəmir, yaxud onun ağlı, düşüncəsi buna yetmir. Gəlin düşmənin fikirlərinə diqqət yetirək: “Ukraynadakı hərbi əməliyyatlar fonunda burada mütləq yeni müharibə başlayacaq ki, bu da bizə Azərbaycan silahlı qüvvələrini torpaqlarımızdan çıxarmağa imkan verəcək. Mövcud vəziyyətdən başqa çıxış yolu görmürəm və müharibənin başlayacağını əminliklə deyə bilərəm. Rusiya tərəfi orada hansı uğuru qeydə alırsa-alsın, Türkiyə-Azərbaycan tandemi burada mütləq ikinci cəbhə açacaq. Rusiya zəifləsə burada nə istəyirlərsə edəcəklər. Rusiya qalib gəlsə, Rusiya tərəfini zəiflətmək üçün sərhədlərimizə hücum edəcəklər”.

"Monax" yaxşı bilir ki, Azərbaycan Ordusu 44 günlük müharibədə onların başlarını necə təkbaşına əzdisə, bu dəfə də eyni hal təkrarlana bilər

Təbii ki, sərsəm və ağılsız proqnozlarla çıxış edən bu axmaq erməni revanşisti hələ də anlamır ki, Azərbaycan həm Türkiyə, həm də Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalayıb və həmin bəyannamələrdə vurğulanan bəndrlərdən də xəbərsizdir. Ona görə də sərsəm “ideyaları” ilə özünü “ağıllı”, ya da “uzaqgörən” hiss edir. Amma bir həqiqəti etiraf edir ki, Azərbaycanın Ermənistana tərəf irəli sürdüyü şərtləri, təklifləri İrəvan tərəfindən nəzərə alınmazsa onda bu şərtlərini güc yolu ilə icra etdirməkdən başqa yolu qalmır. Nə Rusiyanın, nə də digər dairələrin isə Azərbaycanın daxili işlərinə qarışmalarına imkan verilməyəcək. Ona görə də qabaqdangəlmişlik edərək nəticə çıxarır. SİTAT: “Azərbaycan artıq sülh dövrünün başlaması üçün özünün 5 ilkin şərtini dərc edib. “İndi Azərbaycan Ermənistana bir neçə gün və ya həftə vaxt verəcək, heç bir tədbir görülməzsə, Tavuş (Dilican), Vardenis (Basarkeçər) Sünik (Zəngəzur) və “artsax” (Qarabağ, Xankəndi) də daxil olmaqla bütün şərq sərhədi boyunca hücuma keçəcək. Bu məqsədlə Türkiyə-Azərbaycan tandemi çox möhkəm zəmin hazırlayıb.

Göründüyü kimi, bu məsələdə Türkiyə amilini də qəsdən ortaya atan düşmən sadəcə təxribatçılıqla məğul olur və yaxşı bilir ki, Azərbaycan Ordusu 44 günlük müharibədə onların başlarını necə təkbaşına əzdisə, bu dəfə də eyni hal təkrarlana bilər.

Erməniastanın müdafiə jazirliyindən kütləvi istafalar – öz xoşları ilə gedirlər

Lakin Ayvazyanın erməni ordusunun bərbad vəziyyətdə olması barədə fikirləri isə daha çox diqqət çəkir. “Müharibə yenidən başlasa Ermənistanın strateji müttəfiqİ Rusiya hərbi əməliyyatlarda iştirak etməyəcək. “Artsaxda” baş verənlərə baxın, hamı sükuta qərb olub. Və burada ordumuzun əslində necə bərbad bir vəziyyətdə olmasını da əlavə edək...”, deyən “Monax” ləqəbli düşmən etiraf edib ki, hərbi əməliyyatlar başlayarsa Azərbaycan onlara bir neçə saat, ya da maksimum bir neçə gün vaxt verəcək.

Erməni ordusunun bərbad vəziyyətdə olması ilə yanaşı, üç aylıq hərbi təlimlərə göndərilən kişilərin ailələrinin dövlət tərəfindən diqqətə alınmamasına, himayəyə alınmamasına da iradını bildirən Ayvazyan müharibənin baş verəcəyi halda uduzacaqlarını istisna etməyib.

Bu arada, onu da xatırladaq ki, ötən gün Ermənistanın müdafiə nazirliyi illginc rəsmi məlumat yayıb. Nazirlikdən bildirilib ki, Ermənistan silahlı qüvvələrində öz xoşları ilə ərizələr yazılmaqla kütləvi istefalar baş alıb-gedir. Bu haqda müdafiə nazirinin müavini Arman Sarkisyan martın 15-də, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının iclasında bildirib.

Rövşən RƏSULOV

P.S. Sonda isə erməni sosial şəbəkələri və hakimiyyətə yaxın strukturlar tərəfindən yayılan qeyri-rəsmi məlumat da diqqət çəkir. “Qapalı mənbə” kimi təqdim edilən informasiyalarda bildirilir ki, təkcə son sutka ərzində Azərbaycanın Qarabağ regionunu 600 nəfərdən çox insan tərk edib. Son 72 saatda isə 2700 insan Laçın dəhlizi vasitəsi ilə Qarabağdan çıxaraq Ermənistana tərəf üz tutublar.