Hər 1 milyon əhalinin 700-800 nəfəri BXX-dən əziyyət çəkir

15 Mart 2022 16:20 (UTC+04:00)

“Xroniki böyrək xəstəliklərinin statistikası bir milyon əhaliyə nəzərən hesablanır. İnkişaf etmiş ölkələrdən - Yaponiya, Almaniya kimi ölkələrdə bir milyon əhaliyə 1000-1200, hətta 1800 böyrək çatışmazlığı olan xəstə düşür”. SİA xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Fariz Babayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda isə bu rəqəm 700-800 nəfər civarındadır: “Onlardan 40-45%-i (təxminən 3700 xəstə) BXX səbəbindən hazırda aktiv formada böyrək əvəzedici terapiyanın (BƏT) bir növü olan proqram hemodializ müalicəsi qəbul edirlər. Həmin xəstələr vaxtında həkimə müraciət edərək narahatlıqlarının qarşısını ala bilərlər. Xroniki xəstələr mütəmadi həkim nəzarəti altında qalırlar.

Qeyd edim ki, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 43 hemodializ mərkəzi 800 “süni böyrək” cihazı ilə təchiz olunub. Xəstələrə 256 həkim-nefroloq və 458 tibb bacısı xidmət göstərir.

Xroniki böyrək xəstəliyinin subyektiv və obyektiv əlamətləri var. Subyektiv simptomlara daxildir: ümumi zəiflik, halsızlıq, iştahasızlıq, yuxunun pozulması, dəri qaşınması, sidiyin miqdarının azalması, aşağı ətraflarda ödemlər, ürəkbulanma, qusma, əzələ qıcolmaları, oynaqlarda ağrı, periodik olaraq arterial təzyiqin artması və s.

Obyektiv simptomlara daxildir: anamnez, instrumental, laborator müayinələrin nəticələrinə əsasən qanda kreatininin, sidik cövhəri, qalıq azotu, sidik turşusunun səviyyəsinin artması, elektrolit (K, Na, Ca, F) və turşu-qələvi balansının pozulması, anemiyanın yaranması halları aşkar edilir.

Böyrəklərin xroniki xəstəliyi müxtəlif səbəblərdən böyrəklərin funksiyasının tədricən itməsi və təkrar bərpa olunmaması ilə nəticələnən patoloji haldır.

Anadangəlmə böyrək qüsurları, böyrəklərin iltihabi xəstəlikləri, immun xəstəlikləri, hər hansı maddələrlə zəhərlənmələr, anadangəlmə uroloji patologiya, böyrək daşı xəstəliyinin müalicəsinin uzun müddət düzgün aparılmaması və s. böyrək çatışmazlığına səbəb olan amillərdir. Ona görə də hansısa böyrək xəstəliyi olan xəstə hətta böyrək çatışmazlığı olmazsa belə, ildə heç olmasa 2 dəfə yoxlanılmalıdır.

Xəstəliyin ilk mərhələlərində dərman müalicəsi ilə böyrək çatışmazlığının sonrakı inkişafının və gözlənilən ağırlaşmaların qarşını almaq mümkün olur. Lakin konservativ müalicə effektsiz olduğu hallarda böyrəklərin artıq itirilmiş funksiyalarını əvəz edə biləcək müalicə üsulları tətbiq olunur.

Böyrəklərin xroniki xəstəliyinin ilkin mərhələlərində konservativ müalicə təyin edilir. BXX aşkar olunan xəstələrdə ürək-damar çatışmazlığı, beyin qan-dövranı pozulmaları (ensefalopatiya), mədə-bağırsaq pozulmaları və intoksiaksiya halları yaranır. Eyni zamanda, bütün xəstələrdə qanda kreatininin səviyyəsi yüksək qeyd olunur. Şəkərli diabeti olan BXX-li xəstələrdə qanda kreatinin səviyyəsi 5 mg/dl, digər xəstələrdə isə 6 mg/dl-dən yüksək olduğu halda böyrək əvəzedici terapiya müalicə növü seçilir”.