Yumşalmalar qiymət artımına səbəb olacaq? - DİQQƏT! - İQTİSADÇI-EKSPERT DANIŞDI

15 Mart 2022 13:20 (UTC+04:00)

"Karantin qaydalarının yumşaldılması ictimai iaşə, eləcə də xidmət sektorunda fəallığın artmasına gətirib çıxaracaq. Bu qaydaların turizmlə yanaşı, bu sektorlara da birbaşa təsir edəcəyini nəzərə alaraq daxili turizmin dövriyyəsində artımların müşahidə olunacağı gözlənilir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, xüsusən də ictimai iaşədə dövriyyənin genişlənməsi, təklif və tələbin daha da artması ehtimalı var: "Amma qaydaların yumşaldılması daxili bazarda qiymətlərə xüsusi təsir göstərmir".

Deputat sözlərinə davam edərək qeyd edib: "Bugünkü gündə xarici bazarda qiymət artımlarının təsiri daha çoxdur. Rusiya-Ukrayna müharibəsindən sonra region bazarlarında qiymət artımları müşahidə olunur.

Ümumilikdə karantin qaydalarının yumşaldılması bu sektorlar üçün dövriyyənin artırılması baxımından vacib idi. Bu, həmin sektorlarda yaranan dəyərin həcminin artmasına və sahibkarların daha çox gəlir əldə etməsinə imkan yaradacaq".

Ayşən Vəli