Xan qızı Natəvan dövrünün tanınmış simalarından biridir - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

15 Mart 2022 12:35 (UTC+04:00)

“Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan bədii fikrinin görkəmli simalarından biri olan Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinin qeyd olunması haqqında sərəncamı böyük əhəmiyyət kəsb edir. Bu Sərəncam dövlətimizin milli ədəbiyyatımıza, eləcə də tarixi şəxsiyyətlərimizə olan diqqətini tərənnüm edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Xan qızı Natəvan kimi tanınan Xurşidbanu Natəvan Qarabağ xanlığının sonuncu varisidir: “Xan qızı Natəvan ədəbi yaradıcılıqla yanaşı xeyirxah əməlləri, xeyriyyəçilik və ictimai xadim kimi fəaliyyəti ilə dövrünün tanınmış simalarından biridir. Onun Qarabağda, Şuşadakı xeyirxah əməlləri insanlarda ona qarşı böyük hörtmət və ehtiram qazandırıb. Xurşidbanu Natəvan Şuşada "Məclisi üns" ədəbi məclisini təşkil edib. 1873-cü ildə isə Şuşaya su kəmərini çəkdirmişdi. Bu su kəməri indi də "Xan qızı bulağı" adı ilə məşhurdur. Ermənistanın işğalı altında olduğu müddətdə suyu quruyan bulaq yenə də insanların istifadəsindədir.
Millət vəkilinin sözlərinə görə, dövlətimiz Xurşidbanu Natəvanın yaradıcılığına həmişə böyük önəm verib, şairənin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müvafiq addımlar atılıb: “Cənab Prezidentin imzaladığı sərəncamda da qeyd olunduğu kimi, 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdı. 1992-ci ilin may ayında Ermənistan Şuşanı işğal edərək şəhərdəki tarixi-memarlıq və mədəniyyət abidələrini barbarcasına dağıtdı. Xan qızı Natəvanın büstü də erməni vəhşiliyinə məruz qalmışdı. Həmin büst 44 günlük Vətən müharibəsində doğma Şuşamızın azad edilməsindən sonra öz yerinə qaytarıldı. Bu gün Natəvanın Şuşada yenidən ucalan büstü tarixi Zəfərimizi tərənnüm edən nümunələrdən biridir. İnanırıq ki, Azərbaycan Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyi Xan qızı Nətavanın 190 illik yubileyinin böyük təntənə ilə qeyd olunması üçün lazımi tədbirlər reallaşdıracaqlar. Belə tədbirlərin Şuşa şəhərində də təşkil olunması ədəbiyyat və mədəniyyət tariximizdə mühüm hadisələrdən biri olacaq”.

Səbinə Hüseynli