Sanksiyalar 3-cü dünya müharibəsinə səbəb ola bilərmi? - POLİTOLOQ AÇIQLADI

14 Mart 2022 16:58 (UTC+04:00)

“Makron və Baydenin Rusiyaya qarşı sanksiyaları gücləndirmək siyasəti Ukraynanın müdafiə qabiliyyətini artırmaq məqsədi daşıyır. Rusiyaya qarşı tətbiq olunmuş ölümcül sanksiyalar Rusiya iqtisadiyyatını kifayət qədər sarsıdaraq, rubulun məzənəsinə öz təsirini də göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, bu cür sanksiyalar gələcəkdə əhalinin güzaranına ciddi şəkildə təsir etməklə yanaşı 3-cü dünya müharibəsinə də səbəb ola bilər: "Lakin NATO-nun çox açıq şəkildə Rusiyaya qarşı müharibədə iştirak etməkdən imtina etməsi, Ukrayna ərazisində NATO silahlı qüvvələrinin birbaşa şəkildə iştirak etməməsi bir daha sübut edir ki, NATO qüvvələri və Şimali Atlantika Alyansı Rusiya ilə müharibədən çəkinir. 3-cü dünya savaşı baş verərsə, bu nüvə müharibəsi kimi qiymətləndirilərək, bəşəriyyətin sonunu daha da yaxınlaşdıra bilər. Bu baxımdan NATO-da olan siyasi və hərbi rəsmilər birbaşa olaraq Ukrayna tərəfindən vuruşmaqdan imtina edərək, yalnız kənardan Ukraynaya siyasi, hərbi, iqtisadi dəstək göstərdilər. Önəmli bir xüsus da Ukrayna üzərindən hava məkanının bağlanması ilə bağlıdır.

Ukrayna tərəfinin əsas tələbi bundan ibarətdir ki, hava məkanı mütləq şəkildə bağlanılmalıdır. Çünki Rusiya aviasiya sahəsində böyük üstünlüyə malikdir. Bunun nəticəsində əliyalın, mülki və günahsız şəxslər Rusiya aviasiyasının qurbanına çevrilərək həlak olur. Ukraynanın bu tələbinə qarşı çıxan Qərb bloku əgər hava məkanı bağlanarsa bu 3-cü dünya müharibəsi ilə nəticələnəcək açıqlamasını verdilər. Bununla da, onlar Ukrayna xalqının ümidini qırmış oldular. Ciddi şəkildə yardım etmək 3-cü dünya müharibəsi ehtimallarının güclənməsinə səbəb ola bilər”.