"Bu il ərzində ölkə başçısı cənab İlham Əliyev "Şuşa ili"nin qeyd edilməsi ilə bağlı bir çox sərəncamlar imzalayıb. Əslində bu sərəncamlar kompleks tədbirlərdir. Bunun əhəmiyyəti Şuşanı dünya miqyasında tanıtmaq, onun bərpasını həyata keçirmək, müəyyən müddət ərzində şuşalıları öz doğma yurdlarına qaytarmaqdan ibarətdir”. Bu sözləri SİA-ya açıqlamasında "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov deyib.

Onun sözlərinə görə, təbii ki, bugünkü gündə Şuşanın bəzi kəndləri rus sülhməramlıların nəzarəti altındadır və tam şəkildə o əraziləri Azərbaycana təhvil verməyiblər: “Şuşa şəhərində bərpa işləri aparılır. Məlumatlara əsasən, şəhərin tarixiliyinin özünə qaytarılması qənaətinə gəlmək olar.
Eyni zamanda Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəri Samir Nuriyev və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun iştirakı ilə Şuşada hökumət tədbiri keçirilib. Bu isə burada yüksək səviyyəli tədbirlərin keçirildiyinin göstəricisidir”.
Samir Hümbətov sözlərinə belə davam edib: “Ölkə başçısı İlham Əliyevin, həmçinin Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dəfələrlə Şuşaya səfəri bu şəhərin Azərbaycan üçün həm siyasi, həm strateji, həm də tarixi əhəmiyyətini göstərir. Gələcəkdə Şuşaya turist axını olacağı gözlənilir. Oradakı ev muzeyləri, tarixi abidələr getdikcə bərpa edilir və bu da şəhərin tarixi əhəmiyyətini daha da artırır.
Cənab Prezidentin "Şuşa ili" ilə bağlı imzaladığı sərəncamlar ümumiyyətlə, Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında həlledici addımlardan biri ola bilər. Bu da bütün dünyada siyasi, mədəni və iqtisadi baxımdan özümüzü təsdiq etməkdə mühüm rola malikdir".
Ayşən Vəli