Ermənistanın və separatçıların puça çevriləcək Qərb planları SİYASİ RAKURS

14 Mart 2022 14:24 (UTC+04:00)

Qarabağdakı sabotaj və təxribatlar İrəvanın və separatçıların öz başlarında çatlayacaq

Beləliklə, Ermənistan 10 noyabr 2020-ci il bəyannaməsinin daha bir razılaşmasını pozdu. Nəticə olaraq aparılan çoxsaylı danışıqlara, keçirilən görüşlərə rəğmən nə dəhliz açıldı, nə də erməni silahlıları Qarabağı tərk etdilər. Bəs bu məsələdə Ermənistanın siyasi rəhbərliyinin planı nədir, ya da İrəvan bununla nəyi nümayiş etdirməyə çalışır?

Ermənilərin təxribatçı planları nədən ibarətdir?

Məqsəd bəllidir, İrəvan bu kimi vasitə ilə Rusiyanı hədəfə alır və Moskvanın Ermənistanla Azərbaycan arasındakı vasitəçiliyinin heç olduğunu məhz tabe olduğu Qərbə ismarıc kimi göstərməyə çalışır. Yəni İrəvan öz inadkarlığı ilə üçtərəfli bəyanatın iki mühüm bəndini icra etməyəcəyini sərgiləyir. Prosesin təbii nəticəsi isə yalnız belə bir proqnozu irəli sürməyə zəmin yaradır: bəyanat pozulur, İrəvan kimi Bakı da belə olan təqdirdə bu razılaşmanın qüvvədən düşdüyünü bəyan edir, Rusiya sülhməramlılarının Qarabağda yerləşdiyi əraziləri tərk etməsini tələb kimi irəli sürür və nəhayət, antiterror əməliyyatlarına başlayır.

Ancaq İrəvanın bu siyasəti israrla reallaşdırmağa çalışması arxasında daha hansı maraqları vard?

İlk növbədə Ermənistan bu oyunbazlığı ilə “sübut” etməyə çalışır ki, münaqişə mövcuddur və varlığını saxlayır. Eləcə də, Ermənistan çox istəyir ki, Azərbaycan məhz onun planladığı şəkildə antiterror əməliyyatlarına başlasın, onun da arzusu yerinə yetsin:

1. Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlarına görə beynəlxalq aləmdə get-gedə enən reputasiyasından istifadə edərək, dünyanın Kremlə qarşı qəzəbini daha da artırsın. 2. Bu vasitə ilə Qarabağ məsələsini gündəmə çıxarsın.

3. Bununla Rusiyanın Qarabağ fonunda guya “təcavüzkar” olan Azərbaycanın tələbləri qarşısında aciz qaldığını göstərməklə Qərb siyasi güclərini regiona cəlb edə bilsin.

Məhz bu səbəbdəndir ki, qanunsuz erməni hərbi birləşmələri Qarabağda Azərbaycan silahlı qüvvələrinin mövqelərini davamlı olaraq atəşə tutur. Artıq bu kimi fonda Xankəndinə gedən qaz kəmərinin də məhz ermənilər tərəfindən sabotaj yaratmaq məqsədi ilə partladaraq sıradan çıxardıqları ehtimalları yaranmağa başlayıb.

Ermənistanın “xilaskar qəhrəmanları” – Makron və Bayden!

Ermənilər bundan sonra da bənzər və özlərinəməxsus “əzabkeşlik”, “məzlumluq” ənənələrini davam etdirməklə “yaralanmış dinc sakinlərin”, “artilleriya mərmiləri vasitəsi ilə dağıdılmış uşaq meydançalarının və bağçalarının”, “dağıntılar altında qalmış sosial infrastrukturların” saxta fotoşəkillərini yayıb, özlərini Ukrayna ilə eyniləşdirməyə cəhd göstərəcəklər. Halbuki, Ukrayna reallıqları ilə Qarabağ saxtakarlıqları arasındakı fərq ortadadır.

Bununla da Rusiyanın birmənalı şəkildə qəddar, Makron-Bayden cütlüyünün isə humanist kimi göstərəcək ermənilər ABŞ-la Fransanı Qarabağa cəlb edib bu ölkələrin liderlərini “xilaskar qəhrəmanlar” kimi təqdim etməyə çalışırlar.

“Ağıllı” ermənilərin planlarına əsasən, belə olacağı halda “yazıq” separatçılara məhz Qərbin “qəhrəman xilaskarları” yardıma qaçacaqlarmış...

Təkcə, Azərbaycanın neft-qaz ixracı məsələsində Bakının diktəsi Qərbi düşünməyə vadar edə bilər

Bu baxımdan, separatçılar İrəvanın göstərişi ilə saxta “SOS” siqnalı verməyə hazırlaşırlar, amma bir həqiqəti də unudurlar ki, Ukrayna kimi mühüm bir ölkədə baş verənlərə belə, Qərbin “qəhrəman xilaskarları” sadəcə “xalaxətrinqalmasın” tipli köməkliklər göstərirlər və Qərb də yaxşı bilir, dərk edir ki, minlərlə kilometr aralıda, Qarabağda baş verənlərin onlara heç bir dəxli yoxdur. Hətta Azərbaycanın ərazi bütövlüyünü Qarabağ da daxil olmaqla tanıyan Qərb əsla buna cürət etməz. Çünki qarşısında güclü vəı hər zaman ehtiyacı olduğu Azərbaycan dayanıb. Təkcə, Azərbaycanın neft-qaz ixracı məsələsində Bakının diktəsi Qərbi düşünməyə vadar edə bilər. Görünür, ermənilər bunu anlaya bilməyiblər və ona görə də planladıqları təxribatları onların öz başlarındaca çatlayacaq.

Rövşən RƏSULOV