Fabrissi Vielmini: “Azərbaycan İtaliyaya alternativ qaz təchizatçısı ola bilər” – MÜSAHİBƏ

14 Mart 2022 14:15 (UTC+04:00)

“ABŞ Ukraynada münaqişəni üzə çıxarmaq üçün səylər göstərib və bu, həm də Avropanın Amerikadan asılılığını artırmağa yönəlib”

Məlum olduğu kimi dünya yeni enerji böhranı dövrünə qədəm qoyub. Rusiya və Qərb arasında qarşılıqlı sanksiyalar müharibəsi nəticəsində neftin qiyməti sürətlə artır. Təbii qazin qiyməti isə tarixi rekord vuraraq min kubmetri 4 min dolları keçib. Rusiyanın qaz təchizatını azaltması və kəsməsi ehtimalı ilə bağlı tələbatının 40 faizdən çoxunu Rusiya qazı hesabına ödəyən Avropada ciddi problem yaranır. Bəs Avropa hansı alternativlərdən istifadə edə bilər? Tanınmış italyan analitiki Vision&Global Mərkəzinin (İtaliya) Fabrissi Vielmini “Caliber” analitik mərkəzinə müsahibəsində bu barədə danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Cənab Vielmini, ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiya siyasətini necə qiymətləndirirsiniz? Sanksiya rejiminin daha da sərtləşdirilməsini gözləmək lazımdırmı?

- Rusiyanın Ukraynaya qəfil hücumu səbəbindən rusofobik isteriya Avropanın əsas axınını bürüdü. Düşünürəm ki, Rusiya siyasətinə cavab olaraq ABŞ və Aİ-nin sanksiyalar siyasəti sərtləşdiriləcək. Sanksiyalar ABŞ və Aİ-nin əlində əsas siyasi və iqtisadi alətdir, bu faktın da Avropa iqtisadiyyatına mənfi təsir göstərməsinə baxmayaraq, onlar sanksiyalar xəttinə mümkün qədər əməl edəcəklər.

- İtaliya Rusiyanın cavab sanksiyalarının mənfi təsiri ilə nə dərəcədə üzləşib?

- Rusiya Federasiyasının cavab sanksiyaları səbəbindən Avropanın ərzaq təhlükəsizliyi təhdid altındadır. Təbii ki, sanksiyalar İtaliya iqtisadiyyatından da yan keçməyib, ona mənfi təsir göstərir. Məsələ burasındadır ki, Rusiya İtaliya üçün xüsusilə kənd təsərrüfatı istehsalı sahəsində çox mühüm satış bazarıdır. İnanıram ki, gələcəkdə İtaliya məhsullarının Rusiyaya ixracı daha da azalacaq.

Digər tərəfdən, İtaliya iqtisadiyyatı təkcə Rusiya qazı deyil, həm də kənd təsərrüfatı gübrələri və taxıl çatışmazlığından böyük zərər çəkəcək. İtaliyada artıq Rusiya sanksiyaları nəticəsində enerji resurslarının, neft məhsullarının, xammalın, tikinti materiallarının qiymətlərində artım müşahidə olunur. Nümunə olaraq yalnız bir misal verim. Bu həftə cənubda italyan balıqçılar yanacağın bahalaşması səbəbindən dənizə çıxmayıblar. Bu iş artıq onlar üçün sərfəli deyil. Bu fakt Ukraynada baş verənlərə görə Rusiyadan heç də az günahkar olmayan Avropa İttifaqının düşünülmüş və uzaqgörən siyasətinin hansı nəticələrə gətirib çıxardığının göstəricisidir.

Aydındır ki, Rusiya-Ukrayna böhranı İtaliya xalqı ilə siyasi elitası arasında mövcud ziddiyyəti açıq şəkildə göstərir.

- Rusiya qazının Avropaya tədarükünün dayandırılması halında İtaliya hansı ölkələri alternativ təchizatçı hesab edə bilər?

- Azərbaycan İtaliyaya qaz tədarükü üçün alternativ bazar ola bilər. Bu baxımdan TAP qaz kəmərinin imkanları nəzərdən keçirilə bilər. Çox güman ki, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda iqtisadi əlaqələr genişlənəcək.

- Rusiya-Ukrayna müharibəsi nəticəsində ABŞ-ın qalib gələcəyi, Avropanın isə uduzacağı ilə bağlı ekspertlərin fikirlərini bölüşürsünüzmü?

- Rusiya ilə Ukrayna arasında müharibə Amerika və Britaniyanın müəyyən dairələrinin siyasətinin məhsuludur. Şübhəsiz ki, ABŞ bu münaqişədə qalib gələcək, çünki bu, onlara Avropaya alternativ enerji mənbəyi kimi çıxış etmək imkanı açacaq. Enerji qiymətlərinin artması Amerika şirkətlərinə Avropa şirkətləri ilə müqayisədə misilsiz üstünlüklər verir.

Birləşmiş Ştatlar Ukraynada münaqişəni üzə çıxarmaq üçün səylər göstərib və bu, müəyyən dərəcədə Mərkəzi və Qərbi Avropanın Amerika siyasətindən asılılığını artırmağa yönəlib. Amma düşünürəm ki, Rusiya-Ukrayna böhranı nəticəsində Ukrayna iqtisadiyyatına möhkəm yerləşmiş Çin ABŞ-dan daha çox qazanacaq.

Bundan əlavə, Çin faktiki olaraq Rusiyanı sıxışdırdığı postsovet məkanında iqtisadi sahədə öz mövqeyini xeyli irəlilətdi.

- Rusiya Federasiyası ilə Avropa arasında iqtisadi müharibənin daha da güclənəcəyini və uçurum yaranacağını ehtimal edirsinizmi?

- İndiki mərhələdə düşünürəm ki, bəli, bu mümkündür. Digər məsələ budur ki, böhranın miqyası Avropa əhalisinin həyat tərzini məhv edəndə, öz bacarıqsız rəhbərlərindən baş verən hər şeyin hesabını tələb edəcək.

- İtaliya Ukraynanın Avropa İttifaqına daxil olmasını dəstəkləyirmi?

- İtaliya Ukraynanın “Avropa ailəsi”nə mənsub olmasını dəstəkləyir və bu, İtaliyanın baş naziri Mario Draqi səviyyəsində bəyan edilib. İtaliya Ukraynaya və bütün Ukrayna xalqına öz həmrəyliyini və dəstəyini bildirir. Əslində bu, reallıqdan daha çox ritorikadır, Aİ-yə üzvlük uzunmüddətli proses olduğu üçün bürokratik cəhətdən mürəkkəb və abstruktiv bir struktura daxil olmaqdır.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.