“İlk növbədə qeyd edim ki, hal-hazırda ölkədə 4432 orta ümumtəhsil məktəbi və yaxud da digər bir rəqəmlə desək 4500-ə yaxın məktəb direktoru mövcuddur. Təbii ki, işə qəbul prosesi artıq bir neçə ildir şəffaf olaraq həyata keçirilir. Yəni, əminliklə deyə bilərik ki, orta ümumtəhsil məktəblərində müəllimlərin, direktorların, direktor müavinlərinin işə qəbulu tam proses olaraq şəffaf həyata keçirilir. Amma çox təəssüflər olsun ki, bəzi hallarda müəyyən neqativlərə də biz rast gəlirik”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, belə ki, orta ümumtəhsil məktəblərində direktor vəzifəsində çalışmaq üçün mütləq şəkildə test imtahanında həmin şəxslər iştirak etməlidirlər və ardınca test imtahanında keçid balının müsabiqə şərtini ödəyənlər müsahibəyə buraxılırlar: “Problem burada başlayır. Belə ki, bəzi rayon təhsil şöbələri, eyni zamanda rəhbər şəxslər digər imtahan iştirakçıları haqqında müsahibə komissiyasına mənfi rəy verirlər. Qabaqcadan razılaşdıqları və yaxud da pul aldıqları adamın haqqında müsbət rəy verir və imtahanda həmin şəxsin keçməsinə qeyri-qanuni yollarla şərait yaradır. Amma sizə əminliklə deyə bilərəm ki, Təhsil Nazirliyində orta ümumtəhsil məktəblərində direktor vəzifəsi üçün heç kim pul almır, burada hər hansı bir rüşvət yoxdur. Amma müəyyən vəzifəli şəxslər və yaxud da ki, tanınmış şəxslər özləri pul alırlar. Bəzi hallarda lotereya oynayırlar və fikirləşirlər ki, mən deyəcəm bu işə qəbul prosesində sənə kömək olunsun. Amma əslində isə proses şəffaf həyata keçirilir”.
O, sözlərinə belə davam edib: “Hesab edirəm ki, mövcud problemin aradan qalxması üçün müstəqil ekspert qrupu yaradılmalıdır. Yəni, müsahibə mərhələsini kimin təşkil etməsi öncədən müəyyənləşməməlidir və hər bir kəs bilməlidir ki, onunla müsahibəni kim götürəcək. Bəzi hallarda məhz işbazlar, tanınmış şəxs və yaxud da məmurlar rayon təhsil şöbələri, yerli icra hakimiyyəti orqanları deyirlər ki, “biz Təhsil Nazirliyində kiməsə deyəcəyik”. Amma mən əminliklə hər kəsə demək istəyirəm ki, orta ümumtəhsil məktəblərində müəllimlərin işə qəbul imtahanında, direktorların və direktor müavinlərinin işə qəbulunda kənar müdaxilə yoxdur. Burada pul yoxdur.
Pulu bəziləri addan istifadə edib alırlar. Amma əslində isə proses özü şəffaf həyata keçirilir və imtahanlardan müsahibə və müsahibələrdən uğurla keçənlər öz bilik və bacarıqları ilə keçiblər və bura hər hansısa bir kənar müdaxilə birmənalı olaraq mümkün deyil.
Biiz daha da şəffaflığın təmin edilməsi üçün ekspert komissiyasının, müsahibə komissiyasının kimliklərini məxfi saxlamalıyıq və kimlər müsahibəyə gedəcək, onunla bağlı məlumat olmamalıdır. Hesab edirəm ki, bu zaman tam şəkildə şəffaflıq mümkündür”.
Ayşən Vəli