İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı prioritet sahədir - TƏHLİL

11 Mart 2022 16:54 (UTC+04:00)

Müasir dünyanı İnformasiya və kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək belə mümkün deyil və cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biri kimi xarakterizə edilir. İnformasiya və kommunikasiya texnologiyalarının bizi əhatə edən bütün sahələrə siraət etməsi də bu baxımdan təsadüfi deyil.

Doğrudur, yeni texnologiyaların tətbiqinin bütün dünyada bərabər şəkildə olduğunu söyləmək olmaz və sözsüz ki, bu texnologiyaların tətbiqi hər bir ölkənin özünəməxsus inkişaf tempindən, eləcə də imkanlarından asılıdır, amma bununla belə, dünya bazarında elektron ticarətin rolunun son inillikdə artdığı da günün reallığıdır. Belə bir şəraitdə ölkələrin iqtisadi rəqabət aparmaq qabiliyyəti əlbəttə ki, informasiya kommunikasiya texnologiyalarından istifadədən və onun inkişaf etdirilməsindən asılıdır. Təsadüfi deyil ki, hər bir ölkə informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi üçün ardıcıl tədbirlər görür və hətta bu sahənin inkişaf etdirilməsi ölkələrin dövlət siyasətinin prioritetlərindən birinə çevrilib.

Ölkəmizdə də informasiya və kommunikasiya texnologiyalarının inkişafına xüsusi yer, önəm verilir və prioritet sahələrdən hesab olunur. Hətta Azərbaycan informasiya kommunikasiya texnologiyaları sahəsinin inkişaf tempinə, eləcə də səviyyəsinə görə fərqlənir, çünki bu sahə ölkəmizin sosial-iqtisadi həyatında mühüm rol oynayır. Bu baxımdan da hər daim bu sahənin inkişaf etdirilməsi üçün islahatlar aparılır və məqsəd də innovasiya yönümlü fəaliyyətin inkişaf etdirilməsi, gücləndirilməsi, daha informativ cəmiyyətin qurulmasıdır. Sözsüz ki, bu inkişafın təmin edilməsində dövlət dəstəyi də xüsusi rol oynayır və məhz buna görə də informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsinə dövlətimiz daim dəstək göstərir. Təbii ki, bu sahəyə dövlət dəstəyi dedikdə, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi üzrə innovasiya fəaliyyəti ilə məşğul olan subyektlərə stimullaşdırıcı xarakterli maliyyə ayrılması, müxtəlif yeni texnoloji vasitələr və mexanizmlərin hazırlanması istiqamətlərində yardım nəzərdə tutulur ki, bu dəstəyin göstərilməsini hər birimiz müşühidə edirik.

Xüsusilə diqqətə çatdırmaq yerinə düşərdi ki, tətbiq olunan "Elektron Hökumət" ölkəmizdə inkişaf dinamikasını daha da sürətləndirən amillərdəndir, hansıki bu, ölkəmizin ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara, hətta vətəndaşlığı olmayan şəxslərə belə dövlət qurumları tərəfindən informasiya və e-xidmətlərin göstərilməsinə hesablanıb. Təbii ki, burada əsas məqsədlərdən biri və birimcisi dövlət qulluqçuları və vətəndaşlar arasında münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Eyni zamanda, reallıq da ondan ibarətdir ki, müasir texnologiyaların imkanlarından istifadə edilməsi, xüsusilə "Elektron Hökumət" ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması deməkdir. Elektron xidmətlərin göstərilməsinə artıq əksər dövlət orqanlarında rast gəlirik ki, bu da xüsusilə bürokratik əngəllərin aradan qaldırılması üçün əvəzsizdir. Ölkəmizdə elektron xidmətlərin yaradılması istiqamətində ən parlaq nümunə “ASAN xidmət” hesab oluna bilər və bu da öz növbəsində, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi daşıyır. Xüsusilə diqqətə çatdırmaq lazımdır ki, vahid məkanda operativlik, şəffaflıq, müasirlik, texnoloji imkanların yüksəkliyi kimi prinsiplərə uyğun şəkildə dövlət xidmətlərinin və özəl xidmətlərin göstərilməsi əsasında formalaşdırılan standartlar dövlət başçısının, cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdəndir.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı ölkənin təkcə sosial-iqtisadi həyatında deyil, bütün sahələrində öz təsirini, müsbət təsirini göstərməkdədir. İqtisadi rəqabətlə yanaşı digər sahələrdə olan rəqabətə də informasiya və komunikasiyaların təsiri müşahidə edilir. Hazırda bütün dünyada müЭşahidə edilən hərbi toqquşmalarda ölkələr təkcə silah gücünə deyil, informasiyanın və yüksək texnologiyaların tətbiqi hesabına üstünlüklər əldə edilir. Biz bunun eyni zamanda 44 günlük Vətən müharibəsində də şahidi olduq. Yüksək texnologiyaların tətbiqi sayəsində qələbəmizi ən qısa zamanda əldə etdik və etiraf edilməlidir ki, bu sahədə Azərbaycanın təcrübəsi bütün dünya ölkələri tərəfindən öyrənilir, tədris edilir. Bütün dünya ictimaiyyəti yaxşı bilir ki, İkinci Qarabağ savaşının tez bir zamanda Azərbaycanın zəfəri ilə başa çatmasında əsas səbəblərdən biri də məhz ölkəmizin digər sahələrlə yanaşı, informasiya və kommunikasiya texnologiyalarının inkişafı, tətbiqi sahəsində də düşməndən dəfələrlə üstün olmasıdır.

Müharibə bitdikdən sonra da ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi böyük vüsət almaqdadır. Hazırda işğaldan azad etdiyimiz ərazilərdə yenidənqurma işlərinin həyata keçirilməsi, geri, öz yurd-yuvalarına qayıtması planlanlaşdırılan vətəndaşlarımızın həyat şəraitinin daha da yaxşılaşdırılması, onların bütün xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədi ilə, məsələn, “Ağıllı kənd” layihəsi reallaşdırılır. İstər məşğulluq imkanının yaradılması, istər sakinlərin dövlət xidmətlərinə çıxışının təmin olunması, istərsə də xidmət və qazanc əldə etmək imkanlarından yararlanmaq baxımından bununla da kənd və şəhər arasındakı fərq faktiki olaraq aradan qalxmış olur ki, bütün bunlar məhz informasiya və kommunikasiya texnologiyalarının inkişafı, tətbiqi sayəsində reallaşdırılır. Sözsüz ki, bütün bunlar ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin, elektron xidmətlər sahəsində dövlətimiz tərəfindən görülən işlərin, aparılan islahatların məntiqi nəticəsidir. Bu baxımdan cəsarətlə deyə bilərik ki, ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı prioritet sahədir və bu sahəyə dövlətimizin diqqəti, qayğısı, eləcə dövlət dəstəyi göz önündədir.

İnam Hacıyev

6.3.13. - "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.