Dr.Rəşad Mahmudov “Pediatrik Kardioloji və Pediatrik Ürək Cərrahiyyəsi” konqresində iştirak edir

11 Mart 2022 16:42 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov Türkiyənin Antalya şəhərində keçirilən “Milli Pediatrik Kardioloji və Pediatrik Ürək Cərrahiyyəsi” konqresində iştirak edir.

SİA-nın xəbərinə görə, konqres çərçivəsində Dr.Rəşad Mahmudov Türkiyə Pediatrik Kardioloji və Ürək Damar Cərrahiyyəsi Dərnəyinin rəhbəri Prof. Dr. Niyazi Kürşad Tokel başda olmaqla bir çox elm adamları və Türkiyədə fəaliyyət göstərən azərbaycanlı həkimlərlə görüşüb. Həyata keçirilən elmi tədbirin və görüşlərin əsas məqsədi uşaq ürək cərrahiyyəsi və kardiologiyasında dünyada olan yenilikləri müzakirə etmək, gələcək perspektivlər haqqında fikir mübadiləsi aparmaq və eləcə də ölkəmizdə başlamış səhiyyə islahatları ilə bərabər bu sahənin daha da inkişafına töhfə verməkdir.

Qeyd edək ki, Türkiyə Pediatrik Kardioloji və Ürək Damar Cərrahiyyəsi Dərnəyinin təşkilatçılığı ilə keçirilən konqres 13 mart 2022-ci il tarixinədək davam edəcəkdir.