Son günlər mediada yayılan video və fotolarda ölkənin ən böyük çayı olan Kür çayının mənsəbinə yaxın hissəsində çayın, demək olar ki, quruduğu görünür. Ölkənin su sisteminin şah damarı olan bu çayın ekoloji faciəyə məruz qalaraq quruması həm əhalinin içməli su təminatında, həm suvarma sistemində, kənd təsərrüfatında çox ciddi problemlərin yaranmasına səbəb ola bilər. Problem təkcə Kür çayı ilə bağlı da deyil. Ölkənin 2-ci böyük çayında Arazda da su səviyyəsi kəskin azalıb, çayda demək olar ki, su yoxdur. Əvvəllər saniyədə 300 kubmetr su axınına malik olan çay indi saniyədə 1 kub su axıdır. Bundan başqa, Kürün və Arazın qolları olan kiçik çaylarda da quruma gedir. Bu, artıq həyəcan təbilidir. Bu çaylarda su bərpa olmasa həm kommunal, həm iqtisadi sahədə ciddi problemlər yarana bilər.
“Bəzi hallarda itkilər 40-50 faizə çatır, bu, dözülməzdir. Biz suyu itiririk”
“Su resursları ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına çox böyük təsir göstərir. Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu, var. Sadəcə olaraq, əgər dəhşətli dərəcədə itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir. Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il iyulun 23-də keçirdiyi növbəti videoformatlı müşavirədə vətəndaşları uzun müddətdir narahat edən su qıtlığı, su təsərrüfatındakı problemlərə toxunmuşdu. Prezident çıxışında sadə vətəndaşların su qıtlığı ilə üzləşməsinin yolverilməz olduğunu, bunun dövlət maraqları, yürüdülən iqtisadi inkişaf xətti ilə ziddiyyət təşkil etdiyini demişdi. Son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişdi. Lakin problemlər var.
Prezident içməli su layihələri ilə bağlı çatışmazlıqları göstərib və qeyd edib ki, bu sahədə həm müsbət, həm mənfi təcrübə təhlil edilməlidir: “Mənə verilən məlumata görə, bəzi hallarda suyun mənbələri düzgün seçilməyib və təbiətin dəyişməsi, iqlim dəyişikliyi, o cümlədən, son iki il ərzində yaşanan quraqlıq və bunun riskləri hesablanmayıb... Sadəcə, dövlət vəsaitindən istifadə edilib, layihələrin səmərəliliyi yoxlanmayıb, ona görə böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib... Biz bu məsələləri kompleks şəkildə həll etməliyik ki, gələcəkdə təbii problemlərin yaratdığı xoşagəlməz mənzərəyə və çətinliklərə hazır olaq. Əgər aidiyyəti orqanlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görsəydilər, bu gün biz bu problemlərlə üzləşməyəcəkdik. Bu problemlər həm insanların sağlamlığına, həm də kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir”.
Prezident qeyd edib ki, bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək: “Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır”.

Azərbaycan su ehtiyatının az olduğu ölkələrdəndir
Prezident İlham Əliyevin həmin müşavirədə səsləndirdiyi tənqidlər tam əsaslıdır. Su təsərrüfatının qaydaya salınması və gözlənilən böhrana hazır olmaq üçün bəzi tədbirlərin həyata keçirilməsinin vacibdir. Dövlət başçının su təsərrüfatının effektiv idarə edilməsi, su ehtiyatlarından səmərəli istifadə, yeni su mənbələrinin yaradılması ilə bağlı fərman və sərəncamları var. Bu istiqamətdə xeyli işlər də görülüb. Su anbarlarının tikintisi, çox sayda artezianların qazılması və s. Lakin bunlar problemin miqyasına adekvat deyil. Ona görə də, bu işlərin miqyası genişləndirilməli, sürəti artırılmalıdır. Kəndlilərə artezian quyusu qazdırmaq üçün imkan yaradılmalı, bunun üçün onlara faizsiz kredit verilməlidir. Bu halda əkinçilər yayda quraqlıq yarananda həmin artezianlar vasitəsilə təsərrüfatlarını məhv olmaqdan, özlərini isə müflis olmaqdan xilas edə bilərlər.
Dövlət büdcəsindən və kənar fondlardan ən çox vəsait alanlardan biri su təsərrüfatıdır. Əgər burada düzgün və effektiv idarəetmə olsa, bu vəsaitlərlə su problemini kökündən həll etmək olar.
Beynəlxalq ekoloji və iqtiadi araşdırma mərkəzilərinin proqnozuna görə qarşıdan qlobal quraqlıq və su çatışmazlığı gəlir. Bunun nəticəsində ciddi ərzaq qıtlığı yaranacaq. Belə bir vəziyyətdə isə su ehtiyatları çox olan ölkələr vəziyyətdən çıxa biləcək. Azərbaycan əhali sayına nisbətdə su ehtiyatlarının az olduğu ölkələrdəndir.
Azərbaycanda ümumi su ehtiyatı 31, Gürcüstanda 63, Ermənistanda 8 kubkilometrdir. Yerli su ehtiyatlarına gəlincə, ölkəmizdə 10.3, Gürcüstanda 53.6, Ermənistanda 6.5 kubkilometr yerli su ehtiyatı var ki, bunun bir il ərzində hər bir nəfərə düşən hissəsi Azərbaycanda 1.03, Gürcüstanda 13.7, Ermənistanda isə 2.2 min kubmetrdir. Ölkəmizin hər kvadrat kilometrinə 119 min kubmetr yerli su ehtiyatı düşür. Gürcüstanda bu rəqəm 769 min, Ermənistanda isə 218 min kubmetrdir.
Azərbaycanın su mənbələrinin təxminən 70 faizinin ölkə sərhədlərindən kənarda formalaşır. Qlobal su böhranı yarandıqda qonşu ölkələr həmin çaylarda su ehtiyatının hamısını özlərinə sərf edəcəklər, bu tərəfə bir qram da su keçməyəcək. Gürcüstan Kürün, Ermənistan Arazın, Rusiya Samurun bütün suyunu özlərinə sərf edəcəklər. Digər kiçik çayların çoxunun da mənbəyi qonşu ölkələrdədir. Bu, çox ciddi strateji təhlükədir.
Vəziyyətdən necə çıxmaq olar?
Qabaqlayıcı tədbirlər görülməsə həm içməli su, həm də suvarmada ciddi problemlər yarana bilər. Bu isə dolayı yolla ərzaq istehsalının kəskin aşağı düşməsinə, ərzaq qıtlığı və bahalaşma yaranmasına səbəb ola bilər.
Bununla bağlı ciddi strateji proqram hazırlanmalı və təcili icrasına başlanmalıdır. Su israfının qarşısı alınmalı, suyun bölüşdürülməsinin uçotuna şəffaf və mükəmməl nəzarət sistemi olmalıdır - həm dövlət, həm də qeyri-hökumət təşkilatları və media tərəfindən. Su anbarlarının və artezian qurğularının sayı sürətlə və kəskin artırılmalıdır.
Ərzaq sənayesinə aid olmayan sənaye müəssisələrində içməli suyun istifadəsinə son qoyulmalıdır. Yaxşı olardı ki, dəniz kənarında su şirinləşdirici zavodlar tikilsin və dənizdən əldə edilən su bitkilərin suvarılmasında, avtoyuyucu məntəqələrində, sənaye müəssisələrində, broyler fabriklərində və s. bu kimi yerlərdə istifadə olunsun.
Bakıya verilən təbii içməli su isə yalnız mənzillərə, iaşə müəssisələrinə və idarələrə yönəldilməlidir. Bu halda Bakıya gələn su mənbələrində gərginlik azalar, yeraltı su hövzələrinin istismar sürəti və həcmi azalar.
Azərbaycanın su resurslarının çox əhəmiyyətli bir hissəsi (təxminən 30 faizi), həm təbii çaylar, göllər, həm də süni yaradılmış su anbarları işğaldan azad olunmuş Qarabağ bölgəsindədir. Bu regionda yağıntının miqdarı yüksək, çaylar bolsulu və güclü axınlıdır. Bulaqlar çoxdur. Üstəlik, kiçik təbii göllər və böyük süni su anbarları da var. Belə ki, Xudafərin, Qız Qalası, Sərsəng və Suqovuşan su anbarları çox nəhəng tutuma malikdirlər. Bu su ehtiyatı ilə 15-20 rayonda, çox böyük torpaq sahələrində aqrar sektorun suvarma məsələsi və əhalinin içməli su ilə təminatı həll oluna bilər.
Ümumiyyətlə, su sistemində çox ciddi və kompleks tədbirlərin görülməsi vacibdir. Ölkəmizin ərzaq təhlükəsizliyi də birbaşa bundan asılıdır.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb.